Logo

“Bir ömrüm də olsaydı müəllim olardım”

20.01.2022 12:27 150 baxış
IMG

Tanışlıq

Hər bir insan üçün həqiqət onunla birgə doğulur. Zaman-zaman onunla birgə addımlayır. İllər keçir, insan öz dünyasında həqiqətlər axtarışında olur. Müdrik insanlar bu həqiqətləri varlığında, düşüncələrində, təhsilində, peşəsində, təmasda olduğu insanlarda, eləcə də digər fəaliyyətlərində tapmağa çalışır. Zaman keçir, illərin məhəg daşında bu həqiqətlər bərq vurur. Cilalanaraq insanların mənəviyyat güzgüsündə bir xarakter kimi görünür. Onu kamil bir insan kimi təqdim edir. Bu günlərdə 70 yaşı tamam olan Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim Aydın Əhəd oğlu Əhmədov da belə şəxsiyyətlərdəndir.

Mən onu 60-cı illərin sonu 70-ci illərin əvvəllərinə təsadüf edən tələbəlik illərindən tanıyıram. İnstitutda fəaliyyət göstərən “Gənc ədəbiyyatçılar” dərnəyindəki ilk ciddi və obyektiv tənqidi çıxışı təkcə mənim yox, digər tələbə yoldaşlarımızın da marağına səbəb olmuşdu.

Təhsil illəri

Aydın Əhmədov 1952-ci il yanvar ayının 26-da Bakı şəhərində tanınmış alim, dilçi-metodist Əhəd Əhmədovun ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Yasamal (keçmiş Oktyabr) rayonundakı 189 nömrəli orta məktəbdə almış, təhsil illərində ədəbiyyata, incəsənətə, filoloji elmlərə böyük maraq göstərmiş, çoxlu mütaliə etmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil illərində müxtəlif dərnəklərdə, müzakirə, diskussiya və digər tədbirlərdə fəal iştirak etmiş, özünün məntiqi, mühakimə qabiliyyəti ilə fərqlənmişdir.

Vəzifələr sınaqdır

Aydın müəllim təbiəti etibarı ilə sakit, təmkinli, səbirli, son dərəcə diqqətli və səliqəli bir insandır. Sanki ilahi bu yüksək atributları ona sadəcə bir şəxs kimi yox, həm də bir müəllim olaraq bağışlamışdır. O, bu keyfiyyətləri ilə əsl müəllim kimi formalaşmışdır. 1972-ci ildə müəllimlik fəaliyyətinə uğurla başlamasında da məhz bu keyfiyyətlərə malik olması rol oynamışdır. Həm müəllim ailəsində boya-başa çatması, həm də müəllimlik keyfiyyətinə malik olması onun pedaqoji fəaliyyətindəki uğurlarına böyük təsir göstərmişdir. O, özü barəsində danışarkən qeyd edir ki, bir ömrüm də olsaydı, mən müəllim olardım. Çünki dünyada insanların təlim və tərbiyəsi ilə məşğul olmaqdan müqəddəs iş yoxdur.

Müəllimliyi müqəddəs hesab edən Aydın müəllim həm də vəzifəni bir sınaq adlandırır. Xüsusilə təhsil sistemində müəllimlikdən başlayaraq bütün vəzifələr daha mükəmməl sınaq meydanıdır. Burada insanların ləyaqəti və qüdsiyyəti üzə çıxır.

Aydın Əhmədov ilk müəllimlik fəaliyyətinə Bakı şəhərinin 233 nömrəli məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Birinci gündən maraqlı pedaqoji mühitin qurulmasını bir məqsəd olaraq qarşıya qoymuşdur. Şagirdlərin diqqətini cəlb etmək üçün Azərbaycan dilinin bənzərsiz ifadələri ilə zəngin olan ədəbi-bədii əsərlərin imkanlarından bəhrələnmişdir.

Az vaxtda topladığı qabaqcıl təcrübə onu rayonun pedaqoji ictimaiyyəti arasında tanıtdırmışdır. Nəticədə, Aydın müəllim 106 nömrəli məktəbin direktor müavini, sonra isə Xətai Rayon Təhsil Şöbəsinin metodisti vəzifələrinə irəli çəkilmişdir.

Aydın müəllim istər dil-ədəbiyyat müəllimi, istərsə də qabaqcıl dərs hissə müdiri, rayon təhsil şöbəsinin metodisti kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dili və ədəbiyyatın daha səmərəli yollarla tədrisinə dair maraqlı təcrübələr toplamışdır. Eyni zamanda tədris-təlim prosesinin idarə olunması, qabaqcıl təcrübənin öyrənilib yayılması sahəsində orijinal iş forması və üsullarından istifadə etmişdir. Bütün bunlar nəzərə alınmaqla o, 1979-cu ildə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda (sonralar Azərbaycan Müəllimlər İnstitutuna çevrilmiş və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilmişdir) metodist vəzifəsinə irəli çəkilmişdir. 1982-ci ildə Maarif Nazirliyinə (indiki Təhsil Nazirliyinə) işə qəbul edilmiş, metodist, inspektor, idarə rəisi vəzifələrində çalışmışdır. 1995-1999-cu illərdə Bakı şəhər Baş Təhsil İdarəsində rəis müavini, 1999-2020-ci illərdə isə Təhsil Nazirliyinin Ümumi təhsil şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2020-ci ilin yanvarından isə Təhsil İnstitutuna direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Göründüyü kimi, o, fəaliyyətinin, demək olar ki, əksər hissəsini təhsilin idarə olunmasına həsr etmişdir. Bu illərdə pedaqoji işdə qazandığı təcrübələrə söykənərək inkişaf etmiş, təhsil sahəsində yüksək idarəetmə səriştələrinə yiyələnmişdir.

Məlumdur ki, bu gün cəmiyyətin qlobal problemlərindən biri istehsalın hər hansı bir sahəsində yüksək idarəetmə mədəniyyətinin formalaşması hesab edilir. Bu mədəniyyət sadəcə insanların bir-biri ilə ünsiyyəti kimi deyil, həm də istehsal prosesindəki əməkdaşlığın elitar bir səviyyəsi kimi başa düşülür. İdarəetmə mədəniyyətinin nüvəsində, hər şeydən əvvəl, dəqiqlik və konkretlik dayanır. Aydın müəllim uzun illər təhsil mütəxəssisi kimi məhz bu keyfiyyətləri həmişə özünə etalon seçmişdir. Bütün problemlərin həllinə səbir, hövsələ, təmkin və ədalət prizmalarından yanaşmışdır. Tapşırığı alanda da, verəndə də dəqiqliyi və konkretliyi fəaliyyətinin əsas ölçü vahidinə çevirmişdir. Ciddiyyəti qədər yüksək səviyyəli səmimiyyəti onun inkişafını stimullaşdırmış, zamanın sınağından keçirərək bir şəxsiyyət kimi formalaşdırmışdır.

Aydın müəllim özünün şəxsiyyətində rəsmiyyətdən yoğrulmuş bir təhsil idarəçisinin keyfiyyətləri ilə yanaşı, həm də elmi təfəkkürə, yüksək erudisiyaya, yaradıcılıq qabiliyyətinə malik olan bir insanın əlamətlərini daşıyır. O, bütün fəaliyyətində təşkilatçı, yaradıcı, yenilikçi olması ilə fərqlənir. Təhsilin, o cümlədən ümumi təhsilin normativ-hüquqi bazasının yaradılmasında, müzakirələrin, müsabiqələrin keçirilməsində onun xüsusi xidmətləri vardır.

Təhsil tədqiqatçısı

Aydın Əhmədov daim düşünən, axtarışlar aparan, fəaliyyətini elmi əsasda quran təhsilşünasdır, təhsil tədqiqatçısıdır. O, hələ tələbəlik illərindən elmi araşdırmalara, polemikalara maraq göstərməsi ilə yaşıdlarından fərqlənirdi. Sonralar həm müəllim, həm də metodist, təhsil mütəxəssisi, təhsil məmuru kimi işləyəndə də fəaliyyətini elmi əsasda qurmağı, məsələlərin həllində araşdırmalara istinad etməklə qərarverməyi öz iş mexanizminə çevirmişdi. Elə buna görədir ki, o, bu gün təhsilin elmi-nəzəri əsasları, pedaqogikanın aktual məsələləri ilə bağlı çoxlu sayda əsərləri ilə tanınır. Həmçinin zamanında yeni təhsil müstəvisində düşünə bilən müasir pedaqoji təfəkkürə malik bir təhsil mütəxəssisi kimi diqqəti cəlb edir.

Aydın Əhmədovun fəaliyyətindəki elmi-pedaqoji yaradıcılıq istiqaməti ciddi bir zərurətdən meydana çıxmışdır. İlk növbədə, aparılan bu tədqiqatların təcrübələrə tətbiq olunması, əlaqəliliyin təhsil mütəxəssisləri tərəfindən əsaslandırılmaqla təmin olunması ehtiyacından irəli gəlirdi. İkincisi, onu yeni hesab edilən təhsil mexanizmlərinin normativ-hüquqi formada və ya onların izah şəklində dövri olaraq məktəbə çatdırmaq zərurəti tələb edirdi. Elə bu səbəblərdən də o, fəaliyyəti illərində ardıcıl olaraq həm də elmi-pedaqoji yaradıcılığını davam etdirmiş, təhsilin müxtəlif sahələri ilə bağlı əsərlər yazmışdır.

Təhsilin kurikulum səhifəsi

Azərbaycan təhsili dünyanın təhsil tendensiyalarına uyğun olaraq inkişaf etməkdədir. Artıq XXI əsrin ilk illərindən başlayaraq nəticəyönümlü bir təhsil sisteminin yaradılması, inteqrativ və interaktiv yanaşmalara əsasən inkişafın təmin olunması ölkəmizin təhsil mənzərəsini dəyişdirmişdir. Bütün bu yeniliklər milli təhsilimizin pedaqoji, psixoloji əsaslarına çevrilmişdir. Azərbaycan təhsil tarixində dünya standartları səviyyəsinə uyğun Milli Kurikulum, eləcə də fənn kurikulumları, standartları yaradılmışdır.

Bütün bunları uğurla həyata keçirmək üçün, ilk növbədə, yeni təhsil məzmununun yaradılması bir vəzifə olaraq konkretləşdirilmiş, 2003-cü ildən “Kurikulum islahatı” xüsusi bir istiqamət kimi müəyyənləşdirilmişdir. Elə o dövrdən etibarən kurikulum bir anlayış olaraq müzakirə obyektinə çevrilmişdir. Belə demək mümkünsə, təhsilin kurikulumu səhifəsi yaranmış və öz əksini fikir mübadilələrində tapmışdır. Nəticə etibarı ilə təhsilin bütün pillə və səviyyələri üzrə yeni məzmunu ifadə edən kurikulumlar hazırlanmışdır. Eyni zamanda bu kurikulumların həyata keçirilməsi üçün kadr potensialının formalaşdırılması istiqamətində işlər aparılmışdır. Aydın Əhmədov bu məsələlərin araşdırılması ilə bağlı xeyli sayda məqalələr yazmışdır. “Respublika Kurikulum Şurası yaradılacaq” (2003),  “Azərbaycan Respublikasının ümumi təhsil sistemində məzmun islahatları: perspektivlər və gözlənilən nəticələr” (2005),“Azərbaycan Respublikasının ümumi təhsil sistemində kurikulum siyasəti: real nəticələrə doğru” (2006),  “Ümumi təhsil sistemində kurikulum islahatı: real nəticələrə doğru” (2008),“Kurikulum islahatları dövrün tələbidir” (2008), “Kurikulum nəzəriyyəsi və praktika-təhsil kurikulumlarının xarakterik cəhətləri” (2009), “2009-2010-cu tədris ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun materialları” (2009), “Ümumi təhsilin dövlət standartlarının layihəsi hazırlanıb” (2018) və sair həmin qəbildən olan nümunələrdir.

Göründüyü kimi, ümumi təhsilin məzmununa aid olan bu yazılarda milli və fənn kurikulumlarından, eləcə də dövlət standartlarından bəhs olunur. Kurikulum anlayışının, kurikulum siyasətinin mahiyyətindən danışılır. Kurikulumların xarakterik xüsusiyyətləri, müasir təhsilin atributlarından biri kimi əsas cəhətləri, həmçinin əhəmiyyəti, ənənəvi təhsil proqramlarından fərqləri şərh olunur. Həmin məqalələr öz zamanında kurikulum islahatının mahiyyətinin başa düşülməsində, onun təşkili və həyata keçirilməsində təkanverici qüvvə kimi çıxış edir.

Bütün bunlarla yanaşı, Aydın müəllimin yaradıcılığında fənlərin məzmunu, xüsusilə Azərbaycan dili və ədəbiyyat fənlərinin metodoloji problemləri ilə bağlı çoxlu sayda yazılarla da rastlaşmaq mümkündür ki, onlar uzun illərin araşdırmaları, müşahidə və təcrübələrin nəticəsi kimi meydana çıxmışdır.

Təhsilin təşkilindəki məqamlara münasibət

Aydın müəllimin elmi-pedaqoji yaradıcılığında əsas istiqamətlərdən biri də təhsilin təşkili və idarə olunması məsələləridir. Bu, onun bilavasitə təhsilin idarə olunması məsələləri ilə bağlı ardıcıl məşğul olmasından irəli gəlmişdir. Məlum olduğu kimi, təhsilin təşkili və idarə olunması pedaqoji elmimizin nisbətən az tədqiq edilən sahələrindən hesab olunur. Odur ki, həmişə bu sahənin araşdırılmasına ehtiyacın olması birmənalı şəkildə vurğulanır. Aydın müəllim də bu ehtiyacı nəzərə alaraq özünün fəaliyyəti dövründə təhsilin gündəmində hesab etdiyi idarəetmə məsələlərini araşdırmağa diqqət yetirmişdir.

Aydın müəllimin məqalələrində həmişə əlahəzrət uşaq problemi öndə dayanır, onların inkişafı prioritet hesab edilir. Hələ 1988-ci ildə yazdığı “Yaxşı nə varsa, uşaqların olmalıdır” məqaləsində gəldiyi qənaət bundan ibarətdir ki, hər şey uşağın xeyrinə həll edilməlidir. Bu ideya “Təhsilin humanistləşdirilməsi üçün nələr vacibdir” (1996), “Təhsil prosesi uşağın istək və arzularına cavab verməlidir” (1997) məqalələrində inkişaf etdirilir, bununla müasir dövrün şagirdyönümlü təhsil şəraitinin formalaşması ideyasına təkan verilir, sonralar bu ideyalar ölkəmizin təhsil islahatının prinsiplərindən birinə çevrilir.

Eləcə də, “İnternat məktəblərimiz əvvəllərdə olduğundan daha artıq diqqətə və qayğıya möhtacdır” (1993), “Yeni dərs ili, yeni vəzifələr” (2004), “Ümumi təhsil sahəsində bir neçə istiqamət üzrə islahatyönümlü tədbirlər həyata keçirilir” (2012),“Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar” (2013), “Səmərəli planlaşdırma nailiyyətlərin əsasıdır” (2017), “Ümumtəhsil məktəblərində uşaq və gənclərlə aparılan ideoloji işin əsas istiqamətləri” (2018) və sair əsərlərdə təhsilin planlaşdırılmasından, internat məktəblərinin idarə olunmasındakı spesifiklikdən, ümumi təhsildəki inteqrasiyadan, dərs ilinin başlanğıcında tədris ilinə hazırlığın başlıca istiqamətlərindən bəhs olunur.

İstedadlılara qayğı

İstedadlılara qayğı ölkəmizin Konstitusiyasında qeyd olunduğu kimi, təhsil hüququ çərçivəsində həyata keçirilən təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə istedadlı uşaqların müəyyən olunması, onlara qayğı göstərilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirlər geniş miqyas almışdır. Aydın müəllim elmi-pedaqoji yaradıcılığında bu məsələyə də xüsusi olaraq diqqət yetirmişdir. Hələ 1973-cü ildə yazdığı “Atalar fəxr edə bilərlər” adlı məqaləsində özünün istedadı ilə fərqlənən uşaqlar haqqında bəhs etmiş, onların böyük gələcəyi olduğunu, valideynlərinin fəxrinə çevrildiklərini və bunun çox böyük bir dəyər olduğunu qeyd etmişdir. Həmçinin, “Xüsusi istedad axtarışı prosesində “buz tərpəndi” (2006), “İstedada qayğı-gələcəyə təminat” (2007) və digər yazılarında istedadlılarla işi taleyüklü bir təhsil hadisəsi kimi dəyərləndirmiş və onun təşkilinə gələcəyin potensial imkanı baxımından qiymət vermişdir.

 

Yekun

Aydın müəllimin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, 2005-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2012-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Aydın Əhmədov bu gün Təhsil İnstitutunun direktor müavini kimi fəaliyyətini davam etdirir. Keçmişindən gələcəyə baxaraq bir övlad, valideyn, baba kimi ömrünün səhifələrini vərəqləyir. Bir təhsil fədaisi kimi gördüyü işləri xatırlayır. Zamanın aynasında güzgülənən 70 illik bir ömrün möhtəşəmliyini seyr edir.

Yenilik həvəsi ilə coşub-çağlayan, təhsildə yeni pedaqoji innovasiyaların hazırlanmasında fəallıq göstərən, təhsilimizin uğurlarına töhfə verən və bu uğurlardan yüksək fərəh hissi keçirən bir ömür sahibini - dostumuz, həmkarımız Aydın Əhmədovu anadan olmasının 70 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı və daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Xəbər lenti