Logo

20 Yanvar - Ümumxalq Hüzn Günü ASAPES-də silsiləli tədbirlərlə qeyd edilib

18.01.2022 20:55 209 baxış
IMG

Yanvarın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə “Sosial elmlər” kafedrasının professor-müəllim heyəti və ASAPES-SABAH qruplarının tələbələri Akademiyanın kitabxanasında təşkil olunmuş, 20 Yanvar faciəsinə həsr olunan kitab və foto sərgisində iştirak edib, videoçarx izləyiblər. Daha sonra ASAPES-in konfrans zalında keçirilmiş dəyirmi masada tədbir iştirakçıları tərəfindən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sosial elmlər kafedrasının müdiri f.ü.f.d. dosent Lalə Əhmədova, Sosial elmlər kafedrasının dosenti t.ü.f.d. Fəridə Aydəmirova, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. Zəfər Kərimov, Sosial elmlər kafedrasının baş müəllimləri Balaxanım Dadaşova, t.ü.f.d. Vaqif Hacıyev çıxış edərək bildiriblər ki, hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr var. 20 Yanvar faciəsi də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-ci ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, öz azadlığı uğrunda mübarizə əzmini qıra bilmədi. Odur ki, xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağır-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə professor-müəllim heyəti ilə yanaşı, ASAPES-SABAH qruplarının tələbələri də 20 Yanvar faciəsi haqqında öz fikirlərini bildiriblər.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.

Xəbər lenti