Logo

TƏHSİN MÜTƏLLİMOV - 90

18.01.2022 17:07 215 baxış
IMG

Bu gün tanınmış ədəbiyyatşünas alim və müəllim, Dövlət mükafatı laureatı, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Təhsin Mütəllimovun anadan olmasının 90 ili tamam olur.

1953-1956-cı illərdə BDU-nun Filologiya fakültəsində təhsil alan T.Mütəllimov 1959-1961-ci illərdə Universitetin aspirantı olmuşdur. 1963-cü ildə “Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə “Ə.Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyaları müdaifə etmişdir. Alim 1977-ci ildə professor elmi adını almış,  2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Təhsin Mütəllimov Azərbaycanın filologiyasının görkəmli simaları - Abbas Zamanov, Əkbər Ağayev, Əzizə Cəfərzadə, Mir Cəlal, Pənah Xəlilov, Cəlal Abdullayev kimi nəhəng alimlərin çalışdığı akademik mühitdə yetişmiş, onların əhatəsində peşəkar alim və müəllim kimi formalaşmışdır.

Dünya ədəbiyyatına, nəzəri-estetik düşüncə tarixinə dərindən vaqif olan, ciddi elmi fəaliyyət sərgiləyən Təhsin müəllimin ədəbiyyatşünaslığın nəzəri problemlərinin təhlili və tədqiqində mühüm xidmətləri olmuşdur. Mövzu seçimindən və problemlərin qoyuluşundan tutmuş əsərlərinin dili və üslubuna qədər hər şeyə alim həssaslığı və məsuliyyəti ilə yanaşan ziyalının elmi görüşləri öz dəstxətti ilə seçilir.

Təhsin Mütəllimov elmə ciddi münasibət bəsləməsi, özünə qarşı ifrat tələbkarlığı səbəbindən yaradıcılıqda həcm ardınca qaçmamış, yalnız zəruri bildiyi mövzulara müraciət etmişdir. Onun elmi yaradıcılığında Azərbaycanın görkəmli yazıçısı və mütəfəkkiri Əbdürrəhim bəy Haqverdiyevin ədəbi irsi önəmli yer tutur. Elmi-nəzəri səviyyəsi ilə seçilən bu araşdırmada Əbdürrəhim bəyin mövzu, problem və janr baxımından zəngin, çoxşaxəli yaradıcılığı bədii sənətkarlıq kontekstində təhlil olunmuşdur. Alimin sözügedən araşdırmasının başqa bir özəlliyi burada Əbdürrəhim bəyin yaradıcılıq poetikasının bütövlükdə mənsub olduğu ədəbi məktəb fonunda dəyərləndirilməsidir. Bu isə, təbii olaraq, yazıçının ədəbiyyat tarixindəki mövqeyinin müəyyənləşdirilməsinə imkan vermişdir. Təhsin müəllim bu kitabına görə 1991-ci ildə Azərbaycan Respublikasının dövlət mükafatına, 2001-ci ildə isə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Ömrünün 65 ilini Bakı Dövlət Universitetinə həsr edən T.Mütəllimov elmi fəaliyyəti ilə yanaşı, peşəkar müəllim kimi də tanınmış, yüzlərlə gənc mütəxəssisin  yetişməsində əvəzsiz rol oynamışdır.

Elmi-pedaqoji fəaliyyəti BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrası ilə bağlı olan alim kafedranın klassik ənənələrinin davam etdirilməsinə və yeni alimlər nəslinin yetişməsinə də öz dəyərli töhfələrini vermişdir. O, bu kafedrada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmış, yüzlərlə tələbənin qəlbinə yol tapmışdır. Tələbələri hər zaman onun dərsə ciddi münasibətindən, içdən, ürəkdən sevərək mühazirələr söyləməsindən və tələbələrlə səmimi ünsiyyətindən danışırlar.

Fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilən Təhsin Mütəllimov 1991-ci ildə “Əbdürrəhim bəy Haqverdiyevin poetikası” kitabına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub, 2001-ci ildə “Qızıl qələm” mükafatına, 2017-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı və “3-cü dərəcəli əmək ordeni” və 2022-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Təhsin müəllim bu gün də - yaşının müdrik çağında yorulmadan çalışır, Universitetin auditoriyalarını və dəhlizlərini öz ziyalı nuru ilı işıqlandırır. Bugünkü nəsil fəxr edir ki, adı təhsil tariximizə ədəbi həkk olmuş bu gözəl alim və ziyalı ilə çiyin-çiyinə çalışır, onun təcrübəsindən faydalanır. İnanırıq ki, keşməkeşli ömür yolu keçən Təhsin müəllim hələ uzun illər elm və təhsilimizə töhfələr verəcək, öz zəngin təcrübəsi ilə gənclərin yoluna işıq tutacaqdır.

Təhsil müəllimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona mökməm cansağlığı, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Xəbər lenti