Logo

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim

18.01.2022 15:02 141 baxış
IMG

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Xarici İşlər Nazirliyində inzibati vəzifə tutan dövlət qulluqçuları və diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini daim diqqətdə saxlayır. Qeyd edilənlərə əsasən, Xarici İşlər Nazirliyində inzibati vəzifə tutan dövlət qulluqçuları və diplomatik nümayəndəliklərin əməkdaşları üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib. Təlimi Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov aparıb.

Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə təqdimat olunub. Habelə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb olunan təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilib.

Xəbər lenti