Logo

Məktəb, müəllim və şagird: bizim başqa mövzumuz yoxdur?

18.01.2022 12:07 422 baxış
IMG

"Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspertin sözlərinə görə, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir: " Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib".

Nadir İsrafilov bildirib ki, gəldiyimiz nəticə - vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və s. Götürdüyümüz ölçü – axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu vurğulamaq, bu kimi əməlləri qətiyyətlə pisləmək. Hələ ki, bunlar: “Bununla belə, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Uşaq hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və bir cox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni, bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur".

N.İsrafilovun sözlərinə görə, ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb: "Hələ, “Təhsil haqqında” Qanunun 11-ci maddəsini, “Müəllimlərin etik davranış Qaydaları”nda vurğulanan “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməkdə müəllimin uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlarını məhdudlaşdırır”.

Ekspert qeyd edib ki, cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyib. O da başa düşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir: "Təhsil qanunvericiliyimizlə real həyatda yaranan fərqlilik, bunun əsas səbəblərindəndir. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyib. O da başa düşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl və vurulan şillə, ona edilmiş davranışdır. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz. Bəs, əgər, uşaq məktəbdə reketlik edirsə, ipə-sapa yatmırsa və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli...?”

N.İsrafilov qeyd edib ki, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir: "Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi? Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi sorumlu olacaq? Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq?"

“Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Bir də ki, hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi nə dərəcədə düzgündür? Nə demək olar, onu da bilmək olmaz ki, bəlkə də bu sosial sifariş olub, müəyyən qüvvələr tərəfindən ortalığa atılan bir oyundur. Baxmayaraq ki, bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünməliyik”, - Nadir İsrafilov bildirib.

Fəqan Əzimli

Xəbər lenti