Logo

Akif Rüstəmzadə qələminin aydınlıq və qutsallıq yolu: dilli və milli ol!

17.01.2022 20:39 449 baxış
IMG

"Xalqımızın birliyini, Vətən və torpaq sevgisini qorumaq lazımdır". Torpaq istiliyində, Vətən böyüklüyündə olan sətirlərin müəllifi BDU-nun Jurnalistika fakültəsinin Professoru, tələbələrin əziz müəllimi Akif Rüstəmzadədir.

Damarda axan qan qədər isti olan bu fikirlər gəncliyi, bütövlükdə hər bir Vətən daşı olmağı bacaran ölkə Vətəndaşını dərindən düşünməyə, yüz ölçüb bir biçməyə səsləyir. 

Ta qədimdən insan oğlu özünü torpağa doğmalaşdırmağa çalışıb. Vətəni, torpağı da özünə doğma bilib, əziz sayıb: sevgidən yaranan müqəddəslik, qutsallıq isə ruhumuza hopub. Doğmalıq özünü həm də millətimizin energetik-genetik kodunda göstərir.

Görünən tərəf odur ki, Akif Rüstəmzadənin yazının ilk sətirbaşında çəkdiyimiz kəlamı bu gün üçün olduqca əhəmiyyətli səslənir. Beləki, təbəddülatlı dünyamızın nizam tərəzisinin düzəlməsi naminə xalqın birlik - vəhdət halı, Vətən - torpaq sevgisi olduqca zəruri və vacib məsələdir. 

Hazırkı informasiya dövrünün şərtləri və tələbinə əsasən, hər birimiz internet istifadəçisi olaraq sosial şəbəkə xidmətlərindən yararlanırıq. Çəkinmədən deyə bilərik ki, günümüzün yarıdan çoxu, məhz sosial şəbəkədə keçir. Bu zaman ortaya maraqlı bir sual çıxır. Bəs bizlər Haqq savaşımızdan - Vətən müharibəmizdən sonra internet istifadəçisi olaraq, öz məsuliyyətimizi anlaya bilirikmi?

Hər ağzı olan danışdığı kimi, hər internetə çıxışı olan da klaviatura qarşısına keçərək hansısa yazını, məlumatı, xəbəri paylaşır. Bu sosiallaşmaq baxımından yaxşıdır. Amma Vətən müharibəsindən sonrakı həssas günlərdə daha diqqətli olmaq əsas şərtdir. Hər kəs daxilində olan "mən"i ilə üzbəsurat dayanıb bu sualı özünə, bəli, elə özünə verməlidir: "Milliliyə zərər gətirəcək, insanların hissi ilə oynanılacaq, qeyri-dəqiq informasiya yazmaq, paylaşmaq nə dərəcədə düzgündür!?"

Professor Akif Rüstəmzadənin yazdığı qiymətli kitabların birində oxumuşdum ki, qeyri-müstəqim əlaqənin həm kökləri qədimdir, həm də miqyas baxımından sərhədsiz. A.Rüstəmzadə bildirir ki, müstəqim və qeyri-müstəqim əlaqə mütləq şəkildə milliliyə xidmət etməlidir. 

Bu haqda Məhəmməd Əmin Rəsulzadə deyir: "Mətbuata 3 əsas şərt lazımdır: 1.yazmaq, 2.ümumi mənafe, 3.yaymaq. Yazı ümumi mənafeyə (2) xidmət etmirsə, o mətbuat yox şəxsi yazıdır(!). Dahi Rəsulzadə adını çəkəndə ilk ağlımıza Azərbaycan Xalq Cümhuriyyəti gəlir. 1918-ci ilin mayı çətinliklə qurulan Şərqin ilk müstəqil müsəlman Respublikası ən vacib uğurlarından birini də məhz həmin ilin 27 iyununda Azərbaycan dilini rəsmi dil elan etməsi ilə qazandı. Daha vacib uğuru isə xalq təhsilini milli zəmin üzərində qurması idi. 

Lakin 1920-ci ilin Apreli Azərbaycan Xalq Cümhuriyyəti rus bolşeviklərinin, erməni daşnaklarının, 5-ci kalonun pozucu işlərinin qurbanı oldu. Çox işlər yarımçıq, ümidlər isə puça çıxdı. 

Bu gün tam azad, müstəqil və güclü Azərbaycan Respublikası var. Cümhuriyyətin zamanında yarımçıq qalmış taleyüklü məsələlər də çoxdan həllin tapıb. Bütün sahələr üzrə qazanılan uğurlar və nəaliyyətlərimiz göz qabağındadır. Bu uğurların arxasında isə təhsil dayanır. "Təhsil hər bir millətin gələcəyidir" - söyləyən Heydər Əliyev həm də müasir Azərbaycan tarixində sağlam mətbuatın əsasını qoymuşdur. Jurnalistləri özünə dost bilən dahi rəhbər 1998-ci il ilin 6 avqustunda mətbuat üzərindən senzuranı götürmüşdür. 

Acı təəssüflər olsun ki, bu gün jurnalistikadan anlayışı olmayan, təhsildən bixəbər bəzi kəslər mənbədən əldə edilməyən, fakta söykənməyən məlumatı tirajlayırlar. Unutmaq olmaz ki, hərb meydanında bitən savaşımız, informasiya üzərində davam edir və etməkdədir. 

Mətbuatımıza ləkə salan bütün yad ünsürlərə qarşı isə Vətəndaş olaraq birlikdə mübarizə aparmalıyıq.

Əziz oxucu, bu kiçik yazını jurnalistikamızın ağsaqqallarından olan Professor Akif Rüstəmzadənin qiymətli fikri ilə başladım. Ənənəyə sadiq qalıb, elə sonluğu da müəllimimizin auditoriyada dərs zamanı bizlərə - tələbələrə söylədiyi kəlamla da tamamlayıram: "Ölkəmizin inkişafı yolunda qələmimiz xalqa, dövlətə xidmət etməli, yalan informasiya yazmamalıdır!"

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti