Logo

ADMİU-da tələbə elmi konfransı keçiriləcək

17.01.2022 17:43 247 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransı keçiriləcək.

Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda bu il başqa fakültə və kurslardan olan tələbələrin iştirakı da planlaşdırılır.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində baş tutacaq konfransın “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusuna həsr edilməsində məqsəd, incəsənətin demək olar ki, bütün sahələri üzrə mütəxəssislər hazırlayan ADMİU-nun digər fakültələrində təhsil alan tələbələri də vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, eyni zamanda, fənlərarası inteqrasiyaya çalışmaqdır.

Konfrans həmçinin, elmə maraq göstərən tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinə yiyələnməsinə vəsilə olacaq.

ADMİU-nun əsas binasında, 4 mart 2022-ci il tarixində əyani formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.

Konfransa qatılmaq istəyən tələbələr kağızda çap olunmuş və kurs rəhbərləri tərəfindən imzalanmış məruzələrini 25 fevral 2022-ci il tarixindən gec olmayaraq ADMİU-nun Teatrşünaslıq kafedrasına təqdim etməlidirlər.

Məruzələrin mətni A4 formatda, 5 standart səhifədən çox olmayaraq, Times New Roman şrifti ilə 14 ölçüdə yığılmalı, sətirarası məsafə 1,5 olmalıdır. Mətnə Ədəbiyyat siyahısı, Xülasə (həcmi 100 sözə qədər) və 5 Açar söz əlavə edilməlidir.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun olaraq məruzələrin seçilməsi hüququnu özündə saxlayır.

Xəbər lenti