Logo

Müasir muzeylər üçün əsas tələblər

15.01.2022 21:33 202 baxış
IMG

Mövzunun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində, o cümlədən muzey fəaliyyəti ilə bağlı tələblər və məqsədlər dəyişib. Belə ki, muzey fəaliyyətinin yeni, daha işlək mexanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Avropada və bir sıra Şərq ölkələrində muzey fəaliyyətinin çeşidi və istiqamətləri, onun ideya-estetik məzmunu artıq müəyyənləşib, zəngin təcrübə əldə edilib.

Yaşadığımız dövrdə muzey idarəetməsi müasir texnologiyaların tətbiqi, muzeyin cəmiyyət həyatında mövqeyinin bərqərar olması, onun fəaliyyətinin istiqamətləri tənzim olunmaqla səmərə verə bilir. Bu zaman idarəetmənin özündə də təkmilləşmə prosesi labüdləşir və onun prinsipləri müəyyən olunur. Çünki ictimai reallıqlar, elmi-estetik proseslər, təbii olaraq bu işin məzmununu formalaşdırır.

Muzey fəaliyyətində tərbiyəedici, təhsilləndirici, inkişafetdirici və formalaşdırıcı imkanlar mövcuddur. Həmin imkanlardan məqsədyönlü istifadə nəticəsində muzey tərəfindən qarşıya qoyulan məqsədə nail olunur. Bu imkanlar sayəsində müxtəlif istiqamətli elmi-bədii təsirlərin mövcudluğu müxtəlif yaş qruplu insanlarda, peşə sahiblərində müvafiq zövqlərin, maraqların yaranması, ayrı-ayrı münasibətlərin formalaşması ilə nəticələnir.

Keçmişimizi və bu günümüzü özündə əks etdirən belə muzeylər gələcək nəslin tərbiyəsində, tarixi keçmişə ehtiram, vətənə məhəbbət ruhunda formalaşmasında böyük əhəmiyyət daşıyan mədəniyyət müəssisələridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xatirə Muzeyi də gənclərdə vətənpərvərlik ideyalarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Müasir muzeylərimiz cəmiyyətin inkişaf tarixini sənədləşdirərkən təkcə əşyaları real həyata çıxarmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin inkişafını təsdiq edən və ona təkan verən müasir sənədlərin yaranması yoluna da diqqət yetirir və ondan səmərəli istifadə edir. Muzeylər, eyni zamanda bir sıra ictimai elmlər sahəsində müstəqil tədqiqat işləri apararaq sosial gerçəkliyin dərk edilməsi və sənədləşdirilməsində öz fəaliyyətini gücləndirir.

Muzeylərin yenilənməsi, muzeyşünaslığın günü-gündən inkişafı insanın yaradıcı təfəkkürünün bir məhsuludur.

Muzeyin hər bir guşəsi tamaşaçıda vətənə məhəbbəti, sədaqəti, qəlbində olan  qəhrəmanlıq hisslərini alovlandırır. Qəhrəmanlar, qəhrəmanlıq haqqında söhbətlər gəncləri öz vətəninin vətənpərvər vətəndaşı olmağa səsləyir.

1. Müasir muzey fəaliyyətində yaradıcı əlaqələrdə elmiliyə istinad olunmalı, elmiliklə yaradıcılıq bir-birini şərtləndirməli və bütün bu proseslərdə vahid məqsədə xidmət edilməlidir.

2. Vahid məqsəd çərçivəsində elmi-yaradıcı əlaqələrdə muzey mühitinə uyğun əlaqəlilik seçilməlidir.

3. Elmi-yaradıcı əlaqələrdə mühit amillərinin gücündən istifadə mexanizminin mühüm əhəmiyyəti olduğundan, bu mexanizmi yaradan, həyata keçirən qüvvə və amillərin planauyğun, məqsədyönlü fəaliyyəti muzey rəhbərliyinin nəzər-diqqətində olmalıdır.

4. Muzeyin elmi-yaradıcı potensialı vahid məqsəd çərçivəsində qavramanın həm elmi, həm də yaradıcı şəkildə baş verməsinə nail olmalı, bu prosesdə müasir metod, metodologiya, vasitələr, yollar, formalar və texnologiyanın gücündən istifadə etməlidir.

Problemə yuxarıdakı başlıca tələblər çərçivəsində yanaşsaq, görərik ki, doğrudan da yaradıcılığın elmi fəaliyyət nəticəsində əldə olunması aşkarlanır. Eyni zamanda o da aşkarlanır ki, həm elmin, həm də yaradıcılığın meydana çıxması fəaliyyətlə sıx əlaqədardır. Zehni fəaliyyət bu mexanizmin əsasıdır.

Muzeyin hər sahəsində istər fond, ekspozisiya, istərsə də elmi tədqiqat işlərinin aparılmasında yeniliklər artmaqdadır, bu isə muzey işinin daha da inkişaf etməsinə gətirib çıxarır.

Müasir muzey fəaliyyəti qarşılıqlı əlaqələrsiz mövcud ola bilməz. Muzey fəaliyyəti prosesində tətbiqi elementlər və ünsürlər arasındakı qarşılıqlı əlaqələrin mahiyyətinin aydınlaşdırılması və hərtərəfli izahı müvafiq qanunauyğunluqlar doğurur. Qanunauyğunluğun əhatə etdiyi fəaliyyət prosesi, hadisələrin arasındakı əsas əlaqə və asılılıqların mahiyyəti aydın şəkildə əks etdirilməlidir. Müasir muzey quruculuğunun əsas prinsipi odur ki, muzey mükəmməl şəkildə qurulsun.

* Müasir muzeyşünaslığın inkişafında ekspozisiyanın müasir tələblərə uyğun şəkildə qurulması vacibdir. Ekspozisiya ənənəvi şəkildə deyil, daha çox müasir texnologiyalardan istifadə edilərək və daha da zənginləşdirilərək qurulmalıdır.

* Muzey bələdçisi ekskursiya mətnini müasir tələblərə uyğun olaraq, müqayisəli şəkildə hazırlamalıdır. Köhnə ədəbiyyatlarla yeni ədəbiyyatlar arasında müqayisə aparmalı, yenilikdən qorxmamalıdır. Eyni zamanda, bələdçinin müxtəlif xarici dillərə yiyələnməsi də müasir muzey işinin inkişafı üçün labüddür.

* Muzeydə ən başlıca inkişaf etdirilməli sahə elmi-tədqiqat işidir. Muzeylərdə elmi-tədqiqat işlərinin işlənməsi, yeniliklərin üzə çıxarılması və bu yeniliklərin insanlara çatdırılması mühim bir məsələdir.

Muzeylər müxtəlif yaş qrupuna mənsub insanların inkişafetdirici və formalaşdırıcı imkanlarına malik mədəniyyət müəssisələridir. Bu imkanlardan istifadə prosesi kompleks şəkildə həyata keçirilməlidir. Həm muzey ətrafı mühitlə muzeyin qarşılıqlı əlaqəsi prosesində mövcud imkanlar, həm də muzeydaxili fəaliyyət zamanı mövcud imkanlardan səmərəli istifadə qanunauyğun şəkil alır. Muzey tərəfindən inkişafetdirici, formalaşdırıcı imkanlar da məhz muzeydənxaric və muzeydaxili fəaliyyətdə əlaqəlilik prosesində daha effektli nəticələrə səbəb olur.

Elm və təhsil müəssisələri sırasında orta ümumtəhsil məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri ilə muzeyin birgə tədbirləri sayəsində də böyük imkanlar yaranır.

Beləliklə, hər bir mərhələdə muzey işçisinin elmi-tədqiqat fəaliyyəti vacib amildir və elmi-tədqiqat bazalı mərhələ elmi əsaslara söykənir.

Nərmin ORUCOVA,

NDU-nun “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müəllimi

Xəbər lenti