Logo

Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlərə başlanılıb

15.01.2022 22:42 676 baxış
IMG

 Bu gün Bakı Ali Neft Məktəbində (BANM) bərpa olunan enerji mənbələri sahəsində təlimlərə başlanılıb. Ali Məktəbin təşəbbüsü ilə keçirilən təlimlər yanvarın 19-da yekunlaşacaq. Təlimlərdə Bakı Ali Neft Məktəbinin, Bakı Mühəndislik Universitetinin müəllimləri, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edirlər.
 
Təlimlərin açılış mərasimində BANM-in rektoru Elmar Qasımov bərpa olunan enerji sahəsinin əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb. O, bu sahədə kadr hazırlığının vacib olduğunu və Ali Məktəbdə də bərpa olunan enerji sahəsində mütəxəssis hazırlığına başlanılmasının planlaşdırıldığını qeyd edib: “Hazırda dünyada bərpa olunan enerji sahəsi sürətlə inkişaf edir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Ötən gün cənab Prezident İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyası bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən böyük layihələrdən biridir. Bu sahədə gələcəkdə də genişmiqyaslı işlər planlaşdırılır. Azərbaycan bərpa olunmayan enerji mənbələri ilə zəngin olduğu kimi, hidrogen, günəş, külək enerjisi resursları ilə də zəngindir. Bərpa olunan enerji mənbələri sahəsində kadrların hazırlanması ölkə üçün böyük prespektivlər vəd edir. Biz də Ali Məktəb olaraq bu yüksək potensiala malik sahədə kadr hazırlığına başlamalı, peşəkar yerli mütəxəssislər yetişdirməliyik”.

 Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, Təlim-tədris proqramının koordinatoru Rövşən Abbasov təlimin keçirilməsi təşəbbüsünə görə BANM rəhbərliyinə təşəkkür edərək bərpa olunan enerji sahəsində biliklərin əldə olunmasına istiqamətlənmiş bu təlimi irəliyə doğru addım adlandırıb. O, bərpa olunan enerji sahəsində Azərbaycanda böyük potensial olduğunu və bu sahədə mütəxəssis hazırlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, BANM-in təşəbbüsü ilə təlim-tədris proqramının hazırlanmasının əsas məqsədi bərpa olunan enerji mənbələri üzrə ən müasir bilikləri qısa müddət ərzində gələcək mühəndislərə və potensial magistr tələbələrə çatdırmaq, həmçinin bu istiqamətdə çoxşaxəli fəaliyyətlərin əsasını qoymaqdan ibarətdir. Təlimlərdə təcrübəli mütəxəssislər tərəfindən geotermal enerji, günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi barədə biliklər öyrədiləcək.

Xəbər lenti