Logo

Yaponiyada nəşr olunmuş kitabda Azərbaycanın Yanardağ abidəsi haqqında məlumat verilib

14.01.2022 18:20 71 baxış
IMG

Yaponiyada nəşr olunan “Enerjiyə səyahət, sivilizasiya tarixi və gələcəyimiz” adlı yeni kitabda Azərbaycanın Yanardağ abidəsi barədə də ətraflı bəhs edilir.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, əsasən iş adamları üçün nəşr edilən kitab, Asiyanın enerji mənbələri mövzusuna həsr olunub. Hazırda bütün dünya qarşısında dayanan və ciddi problemə çevrilən enerji təminatı barədə nadir məlumatların əks olunduğu kitabın müəllifi Tsunesuke Kodatedir. Kitab ötən ilin sonlarında “Eiji Press” nəşriyyatı tərəfindən nəşr olunub.

Bəşəriyyətin enerji təminatı və karbon qazının olmadığı cəmiyyətin yaradılması son illər tədqiqatçıları düşündürən əsas mövzulardan birinə çevrilib. Həmin mövzuda kitablar, demək olar ki, bir-birinin ardınca fasiləsiz şəkildə nəşr olunur. Yaponiyada yeni nəşr edilən kitabda isə enerji məsələsi və iqlim dəyişmələrinə qarşı tədbirlər mövzusu maraqlı bir formada təhlil edilir. Neft və təbii qazın hasilatı ilə məşğul olmuş şirkətdə çalışan müəllif “İnsanlar nə üçün böyük miqdarda enerji sərf edirlər və enerji nədir?” sualına cavab tapmağa çalışır.

Bəşəriyyətin inkişafında enerjinin rolunu araşdırmağı səyahətə bənzədən müəllif təkcə elmi şərhlərdə yox, həm də tarixdə, fəlsəfədə, ədəbiyyatda enerjinin əsl mahiyyətini anlamağa çalışır. Bəşəriyyətin inkişafında enerjinin rolunu təhlil edərək, həm iqtisadi fəallığa, həm də ətraf mühitin mühafizəsinə nail olmaq üçün insanları narahatlığının səbəblərini tapmaq istəyir. Müəllifin fikrincə, maraqlı məqam “enerji məsələləri haqqında düşüncə, bəşəriyyətin necə yaşaması haqda fəlsəfi düşüncəyə uyğundur” nəzəriyyəsinin irəli sürülməsidir.

Kitabda müəllif Azərbaycanın Abşeron rayonunun Məmmədli kəndindəki Yanardağ abidəsini və Yaponiyanın Toyama prefekturasındakı Kurobe bəndində enerji ziyarətgahlarını xatırladaraq, insanların belə təbii enerji mənbələrinə müqəddəs münasibətindən bəhs edir. Bildirir ki, bu sirli yer hələ 800 il əvvəl məşhur səyyahi Marko Polonun da diqqətini cəlb edib. Məhz Yanardağ sayəsində Azərbaycan “Odlar yurdu” kimi tanınıb.

Hazırda həmin ərazidə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, abidə Azərbaycana gələn əcnəbi turistlərin xüsusi marağına səbəb olur. Eramızdan əvvəl bir çox tayfaların məskunlaşdığı bu yerlərdə atəşpərəstliyi təbliğ edən zərdüştlüyün çiçəklənməsinin müşahidə olunduğunu qeyd edir. Bildirir ki, məhz bu amil atəşpərəstləri Yanardağda məbəd tikməyə sövq edib. Qeyd edir ki, qədim insanlar heç vaxt sönməyən bu atəşə səcdə edirdilər və alovun sehrli gücünə inanırdılar.

Kitabda son vaxtlar xam neftin qiymətinin artmasının enerji problemini daha da qabartdığı oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, bu problem daha da ciddiləşdiyinə görə, Yaponiya hökuməti qeyri-adi cavab olaraq ölkənin neft ehtiyatlarının bir hissəsini sərbəst buraxmağa qərar verib.

Müəllif vurğulayır ki, bütün bu amillər enerjinin rolu barədə insanları daha çox düşünməyə vadar edir.

Xəbər lenti