Logo

"Kim kimi qapazladı" - Kubra Məhərrəmova yazır...

14.01.2022 17:12 1427 baxış
IMG

Əslində qapaz bizim idrak etmə vasitəmizdir. Başa düşmədi, qapaz. Düz etmədi, qapaz. Yeməyini yemədi, qapaz. Dərsini düz danışmadı, qapaz. Ərinin sözünə baxmadı, qapaz. Hətta məişət texnikası işləməsə, belə onu qapazla işə salan millətik. Başına vur, işləyəcək. 

Məhəllədə, bağçada, məktəbdə, universitetdə, ailədə. Fərq etmir. Nəsildən-nəslə keçən milli ənənədir. Novruz bayramı kimi, şəkərbura-paxlava kimidir qapaz. 

Onsuz da cəmiyyətin əksər hissəsi “guya bizi məktəbdə, evdə döyməyiblər?” düşüncəsi ilə yaşayır. Bu isə o deməkdir ki, bizi döyüblər, biz də döyəcəyik. Qapazlayacağıq. Cəmiyyət üçün normal davranış modelidir qapaz. Nəyi başa sala bilmədin, qapazla getsin. 

Hətta xalq dilində belə bir ifadə var: “kim kimi qapazladı”. Ən müxtəlif həyat situasiyalarında qazanın ağzına oturan qapaq kimidir bu ifadə. 

Adətən kiminsə qızı yaxşı oğlana ərə gedəndə xalq deyir ki, “o cür oğlanı qapazladı”. 

Özünü sevdirdi, özü sevdi, ailə qurdu yox, məhz qapazladı. 

Və ya kimsə dükan-bazardan yaxşı əşya alırsa, xalq yenə də “filankəs ən yaxşısını qapazladı”. Məğzə baxın, yəni kiminsə başından vurub aldı. 

Bəlkə də ən böyük həqiqəti əks etdirir bu ifadə. Bu qapaz məsələsi bizim üçün o qədər müqəddəs olub ki, ondan heç cürə imtina edə bilmirik. 

Qapaz məktəbdə, bağçada metodiki vasitədir desək, yanılmarıq. Dünəndən videosu sosial şəbəkələrə çıxan körpənin tərbiyəçi tərəfindən şiddətə məruz qalması bir daha sübut etdi ki, bir əlimizdə smartfon, digərində isə qapaz aparırıq. 

Qapazı da ona görə vururuq ki, xoşbəxt görüntü əldə edək. 

Qarnı tox, ağzında şirin kökə olan xoşbəxt görüntü. Fotonun arxasında isə şiddət, qorxu, gözüqıpıqlıq. 

Bu, ancaq təhsil müəssisələri üçünmü keçərlidir? Xeyr! 

Nə qədər xoşbəxt ailə görüntüsü yaradanlar var ki, eyni metodiki vasitədən istifadə edərək “xoşbəxt ailə tablosu” yaradırlar. Həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə. Gündə əlli dəfə ərinə, qayınanasına qarğış yağdıran gəlinlərin “Instagram” üçün toyda-nişanda çəkdirdikləri “başı qapazlı” fotoları o qədərdir ki. 

Hər gün bir-birinin evini yıxan rəfiqələrin, dostların, həmkarların azdırmı belə “başı qapazlı” şəkilləri? Say-say bitməyəcək. 

Və bu qapaz ənənəsi həyatımızın bütün sahələrinə yayılıb. Dünənki körpə də sanki öyrəşən kimi göründü mənə. Bu, isə ən faciədir. Adamın ki, gözüqıpıq oldu, heç nə…

Bundan qurtula bilərikmi? 

Zənnimcə, hə. İçimizdəki qapazladığımız vicdanı azad etsək, alınacaq. 

Rüşvətə, edilən hədiyyəyə görə vurulan qapazları qulaq ardına vurmasaq, alınacaq.
 
Anlasaq ki, bu gün başqasına vurulan qapaz bir gün elə özümüzə vurulacaq, onda alınacaq. 

Əlimizi qapazdan çəkib, xeyrə, kitaba, təhsilə uzatsaq, alınacaq. 

Belə baxanda heç də çətin deyil. Sadəcə bütün əzmimizi bu dəfə yığıb etməliyik. Vəssalam.

Xəbər lenti