Logo

Tərtər rayonunun Seydimli kənd tam orta məktəbinin şagirdləri BMU-da olublar

14.01.2022 16:42 700 baxış
IMG

Tərtər rayonunun Seydimli kənd tam orta məktəbinin şagirdləri “Education HUB” tərəfindən həyata keçirilən “Davamlı inkişafa məktəbdən başlayaq” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Tehsil.biz xəbər verir ki, şagirdlərlə görüşdə çıxış edən BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ali təhsil ocağının üstünlüklərindən danışıb. O, BMU-nun gənc universitet olmasına baxmayaraq, mühəndislik, dəqiq elmlər və iqtisadiyyat sahəsində yüksəkixtisaslı kadrlar yetişdirdiyini bildirib. Prorektor BMU-nun kimya, biologiya, riyaziyyat, informatika və fizika ixtisaslarını ingilis dilində tədris edən azsaylı universitetlərdən biri olduğunu fikirlərinə əlavə edib. O, həmçinin BMU-nun elektron universitet kimi fəaliyyət göstərdiyini vurğulayıb və bununla bağlı müvafiq məlumatları nəzərə çatdırıb.

E.Süleymanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramından da bəhs edib. Bildirib ki, proqrama əsasən 4 ixtisas (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi) üzrə kadr hazırlığı aparılır. Tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacağını qeyd edən E. Süleymanov proqramın dövlət vəsaiti hesabına icra olunduğunu, 4 ilin sonunda tələbələrə iki diplom veriləcəyini vurğulayıb.

Digər çıxışçı BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov universitetin yaranma tarixi və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.

Sonra universitetin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə qeyd edilib ki, universitetin müasir maddi-texniki bazası yüksəkixtisaslı mütəxəssislərin hazırlığını təmin etmək üçün müvafiq tələblərə cavab verir. Elektronika və İKT laboratoriyaları, tələbə yataqxanaları, tələbə klubları barədə zəruri informasiyalar şagirdlərin diqqətinə çatdırılıb. Bununla yanaşı, BMU-nun Texnoparkı tərəfindən gənclər arasında təşəbbüskarlığı təşviq etmək, startapların işinə dəstək vermək məqsədilə təşkil olunan “Yeni fikir müsabiqəsi”ndən danışılıb.

Sonda məktəblilər BMU Texnoparkı, Kompüter laboratoriyaları İKT laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar, universitetin Memarlıq və inşaat fakültəsi tələbələri tərəfindən hazırlanan əl işlərinə baxıblar.

Xəbər lenti