Logo

ADU-nun rektoru Kamal Abdulla Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüşüb

14.01.2022 09:47 1025 baxış
IMG

Yanvarın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebiçlə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. Diplomata Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Qeyd olunub ki, ölkələr arasında sıx iqtisadi və siyasi əlaqələr mövcuddur. Rektor əlaqələrin bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. “Səfir saatı” layihəsindən danışan akademik Kamal Abdulla qonağı bu layihədə iştirak etməyə dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında müəllim və tələbələrə mühazirələr oxuyurlar, fikir mübadiləsi aparırlar.

Görüş zamanı ADU-da 20-ə yaxın xarici dilin öyrənildiyi diqqətə çatdırılıb. Rektor xorvat dilinin də tədris olunacağına ümidvar olduğunu söyləyib. ADU-da Xorvat dili mərkəzinin, Xorvatiyada isə Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub.

Səfir Branko Zebiç göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd olunub ki, Xorvatiya ilə Azərbaycan tarix baxımından bir-birlərinə yaxın ölkələrdir. Hər iki ölkənin həssas bir coğrafiyada yerləşməsi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında təhsil, turizm, idman sahələrində əlaqələrin qurulmasının vacibliyi önə çəkilib. “Səfir saatı” layihəsində böyük məmnuniyyətlə iştirak etmək niyyətində olduğunu bildirən səfir dəvətə görə xüsusi təşəkkür edib.

Səfir qarşıda geniş imkanların olduğunu bildirib. Həmçinin xorvat dilinin tədrisində maraqlı olduqlarını ifadə edib. Qeyd olunub ki, hər iki ölkə arasında müəllim və tələbə mübadiləsi mümkün imkanlardan biridir.

Daha sonra Xorvatiyanın ölkəmizdəki səfiri ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub.

Xəbər lenti