Logo

Memarlıq fakültəsinin ötən ilki məzunlarına MOOSAO-nun diplomları təqdim olunub

13.01.2022 17:07 88 baxış
IMG

Bu gün MOOCAO-nun Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIX onlayn baxış-müsabiqəsinin qalibləri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bir qrup məzununa diplomlar təqdim olunub. Mərasimdə diplomlrı AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, İtaliya – Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Dizayn kafedrasının müdiri Təranə Bəkirova təqdim edib.

Tehsil.biz xəbər verir ki, Memarlıq faklütəsinin dekanı Zahidə Məmmədova giriş nitqi ilə tədbiri açaraq müsabiqə barədə məlumat verib. Qeyd edib ki, MOOSAO-nun rəhbərliyi  və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə ötən ilin aprelində keçirilən onlayn müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova, Ermənistandan yüzlərlə iştirakçı qatılıb. Müsabiqədə Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri iştirak edib, onların buraxılış işləri yüksək qiymətləndirilib, MOOCAO-nun 1-ci  (8 iş) və 2-ci (19 iş) dərəcəli diplomlarına layiq görülüb. Karantin qaydalarına uyğun olaraq diplomların verilməsinin ləngidiyini deyən Z.Məmmədova diplomlara layiq görülən tələbələrin artıq məzun olduqlarını bildirib. O, qalibləri təbrik edib və məzunlardan Təhmasib Mollaeyyublu və  Məryəm Rəhimlinin işlərinin Moskva Memarlıq İnstitutunun əlavə diplomunu (MARXİ) qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dekan onu da vurğulayıb ki, müsabiqəyə təqdim olunan və 1-ci dərəcəli diplomlara layiq görülən tələbələrimizdən Hüsniyyə Kərimova və Süsən Məlikovanın işləri işğaldan azad olunan Şuşa şəhərində abidələrin bərpası ilə bağlı olub.

Tədbirdə çıxış edən Tədris işləri üzrə prorektor Akif Qasımov və  professor Elbay Qasımzadə qalib tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar. 

Onu da qeyd edək ki, Memarlıq fakültəsinin müəllimlərinin hazırladıqları dərsliklər, dərs vəsaitləri və s. müsabiqədə diplomlara layiq görülüb. Azərbaycan Memarlar İttifaqı da həmin müəllimləri mükafatlandırıb.

Xəbər lenti