Logo

Bağçalarda nigarançılıq: icra hakimiyyətləri kənara çəkilib, nazirlik susur

13.01.2022 15:46 97 baxış
IMG

Kamran Əsədov: “Problem fevral ayında həllini tapacaq”

Nadir İsrafilov: “Qaydalarda da, işəgötürmə prosesində də, əmək və maliyyə məsələlərində də dəyişiklik olmalıdır”

Yanvar ayının üçüncü yarısı bağçalarda işləyənlərin maaş kartlarının vaxtı bitir. Bağçalarda fəaliyyət göstərənlərin şikayətlərinə görə, bununla bağlı icra hakimiyyətlərinə müraciət etdiklərində bildirilib ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün bu istiqamətdə proseslərin icrası da nazirliyə tapşırılıb.

AYNA sözügedən şikayətləri Təhsil Nazirliyinə ünvanlayıb. Maaş kartlarının yeniləri ilə əvəzlənməsinin nə zaman olacağını öyrənməyə çalışıb. Lakin nazirlik sorğumuzu cavablandırmayıb.

Mövzu ilə bağlı AYNA-ya danışan təhsil ekeperti Kamran Əsədovun sözlərinə görə, uşaq bağçalarında işləyənlərin maaş kartlarının yenilənməsi təhvil-təslim işlərinin yekunlaşmasından sonra baş tutacaq: “Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı sərəncama əsasən, bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib. Buna qədər isə uşaq bağçaları icra hakimiyyətlərinə tabe idi. Bu, o deməkdir ki, artıq əmək münasibətlərində ciddi dəyişiklik ediləcək. Əmək Məcəlləsinin 69, 70, 72-ci maddələri də burada öz ağırlığını ortaya qoyur. Belə ki, Əmək Məcəlləsinin tələbinə görə, təhvil-təslim prosesi başa çatana qədər proses dayanacaq”.

Həmsöhbətimiz bildirib ki, uşaq bağçalarında işləyənlərlə əmək müqaviləsinin bağlanması və onlara əmək haqqı kartlarının verilməsi prosesi ənyaxşı halda fevral ayının ikinci yarısında baş tutacaq: “Ölkə Prezidentinin digər sərəncamına əsasən, 2022-ci ilin yanvar ayından əmək haqları 20% artırılıb. Burada müxtəlif yanaşamalar var. Hazırda uşaq bağçalarında işləyən şəxslərin əmək haqqının verilməsi üçün istifadə etdikləri plastik bank kartlarının müddəti bitib və onlara yeni plastik kartlar verilməlidir”.

“Qeyd edim ki, məsələnin həlli fevral ayında baş tutacaq. Belə ki, təhvil prosesi başa çatandan sonra Əmək Məcəlləsinin tələbinə görə, müvafiq xidmət bankı seçilməlidir. Hazırda uşaq bağçalarının strukturu müəyyənləşdirilir. Bu, başa çatdıqdan sonra həmin şəxslərlə yenidən əmək müqaviləsi imzalanacaq”, - deyə Əsədov vurğulayıb.

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov isə mövcud problemlə bağlı AYNA-ya şərhində söyləyib ki, bu prosesin nə qədər uzanacağını proqnozlaşdırmaq çətindir: “Mən hesab edirəm ki, bu, texniki işlərlə bağlı məsələdir. Bilirik ki, bağçalar 2011-ci ildən icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. Bundan sonra xeyli müzakirələr getdi və nəhayət 2021-ci ildə yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıldı. İndi bununla bağlı işəgötürmə məsələləri və s. də dayanadırılıb. Hazırda struktur dəyişikliyi gedir”.

“Qaydalarda da, işəgötürmə prosesində də, əmək, maliyyə məsələlərində də dəyişiklik olmalıdır. Çünki bir strukturdan başqa bir struktura keçilib. Ona görə də bağça işçilərinin əmək kartının dəyişdirilməsi texniki məsələlərlə bağlıdır. Sadəcə zamana bağlı məsələdir”, - deyə müsahibimiz qeyd edib.

O, işçilərin əməkhaqqı məbləği ilə bağlı hansısa problem yaşayacaqlarını düşünmür: “Bağça tərbiyəçiləri tam əmin olsunlar ki, onların əmək haqları ilə bağlı hansısa problem yaranan deyil. Gecikmə sadəcə texniki tərtibatla bağlı yaşanan haldır. Şübhəsiz ki, bu cür məsələlər operativ həll olunmalıdır. Amma bu, özü də kiçik bir məsələ deyil. 10 il müddətində bağçalar icra hakimiyyətlərinin tabeliyində olub. Tabeçiliyin nazirliyə verilməsindən sonra vəziyyət tam öyrənilməli, təhlil edilməli, qaydalarda, təlimatlarda müəyyən dəyişikliklər edilməlidir. Bu proses təbii ki, maliyyə məsələlərinə də təsirsiz ötüşmür”.

2022-ci ildən maaşlarda 20% artımın bağça müəllimlərinə şamil edilib-edilməməsi ilə bağlı məqama aydınlıq gətirən İsrafilovun dediyinə görə, artım bağça müəllimlərinə şamil edilmir: “Belə məsələlər həmişə müəyyən mərhələlərlə olur. Bizdə yeddi yüz mindən çox təhsil işçisi var. Təhsil işçisi təkcə müəllimdən ibarət deyil. Əmək artımı olanda həmin artımın şamil edilmədiyi qruplar müəyyən narahatlıq keçirir. Amma nəzərə almalıyıq  ki, artımlar mərhələli şəkildə olur. Büdcədə sosial məsələlərə ayrılan vəsait artdıqca burada təhsil məsələləri, təhsil işçilərinin əməkhaqqı məsələləri də nəzərə alınır”.

Müəllif: Aləmdə Nəsib

Xəbər lenti