Logo

Xaricdə təhsil almaq niyə lazımdır?

13.01.2022 09:44 93 baxış
IMG

Ümumi olaraq deyim ki, xaricdə təhsil almaq üçün hər kəsin müəyyən səbəbləri və hədəfləri var. Qarşılaşdığım insanları məqsədlərinə görə 3 kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya aid insanlar xaricdə təhsilin daha yüksək səviyyədə təşkil olduğuna inanır və əsas məqsəd kimi daha səmərəli ödənişlə daha yararlı təhsil əldə etməyi hədəfləyir. İkinci kateqoriya insanlar isə həm təhsil, həm də mühitin (xüsusilə, Avropa ölkələri) ona müsbət enerji verəcəyi ümidi ilə təhsil almağa yollanır. 3-cü kateqoriya insanlar isə, təhsildən kənar səbəblərə sahibdirlər. Məsələn, hərbi xidməti 2 il də uzatmaq istəyən adamları, “qaqa, xaricdə qızla tanış olmaq rahatdır” düşüncədə olanları, ailənin nəzarətindən uzaq olmaq istəyən kəsləri və bir sözlə, nə istədiyini bilməyən bütün vətəndaşları buraya aid etmək olar. Axırıncı kateqoriyaya aid vətəndaşlar haqqında Nizaminin ikinci Xəmsəsini də yazmaq olar, amma düşünürəm ki, yazının məqsədi fərqlidir.

Xaricdə təhsil dedikdə, mən, təhsil səviyyəsi aşağı olan, müəllimləri pul alıb qiymət yazmağa öyrəşmiş “universitet”-ləri nəzərdə tutmuram. Burada nəzərdə tutduğum təhsil ocaqları onlardır ki, orada müəllimlər özünə hörmətlə yanaşır, tələbəni  bir şəxs kimi qəbul edib onu öyrədir və rüşvəti özünə söyüş bilir. Son olaraq qeyd edim ki, mənim burada yazdıqlarım öz düşüncəmə, inanc və gördüklərimə əsaslanır. Keçək, əsas mətləbə.

Dərslərin fərqli olması

4 il ancaq mühazirə eşidən və mühazirəni yazan və daha sonra eyni şeyləri eyni müəllimə danışmış tələbə, istər-istəməz ən yaxşı halda psixoloji travma alır. Yəni, bir azca düşünə bilən tələbə özünü sorğu-sual edir ki, “görəsən, bu müəllim eyni şeyləri bizdən niyə eşitmək istəyir ki?”. Səbəb sadədir: çünki həmin “müəllim” illərdir ki, eyni cümlələri təkrarlayır və maaşını alır. Həmin “müəllim” üçün yeni şeyləri öyrənmək və öyrətmək yox, paslı məlumatı rahat şəkildə təkrarən yaymaq daha rahatdır. Avropanın orta və daha yüksək səviyyəli universitetlərində isə ortam fərqlidir. Müəllim tələbələrin beyninə kirli məlumatları soxmaqla məşğul deyil. Dərslər əsasən açıq müzakirə üslubunda keçirilir. Yəni, müəllim fikirləri paylaşır və tələbənin reaksiyasını öyrənməyə çalışır. Tələbə öz fikirlərini deməkdən də çəkinmir. Çünki, həmin universitetlərdə fikir ilə razılaşmamaq sərbəstdir. Yəni, o qorxu yoxdur ki, “müəllim məni imtahanda kəsər eee”. Bu yolla həm tələbə, həm də müəllim dərsi maraqlı edir, beyinlərini işlədir və yeni nələrsə öyrənirlər.

Müəllim gəldi, yığışdır

Bizim universitetlərin əksəriyyətində müəllimlər, çox daha çox gestapo rejimi yaratmağa çalışırlar. Müəllim düşünür ki, tələbə ondan qorxmalıdır, çəkinməlidir və o qədər hörmət etməlidir ki, öz fikirlərini də gizlətməlidir. Reallıq budur ki, tələbə-müəllim münasibəti qorxuya yox, daha çox akademik yoldaşlığa əsaslanmalıdır. Məsələn, yadımdadır ki, mən kafedra müdiri ilə görüşməyə getmişdim. Otağına keçən kimi əyləşməyimi xahiş etdi və köməkçisinə bildirdi ki, kofe gətirsin. Məni narahat edən məsələləri kofe içə-içə müzakirə edirdik. Yəni, Azərbaycanda ən yaxşı halda, kafedra müdirləri səni ayaq üstə saxlayıb qulaq asmağa imkan yaradırlar.

Digər məsələ isə yediyini, içdiyini, telefonunu müəllim gələn kimi tələm-tələsik yığışdırmaqdır. Xaricdəki adlı-sanlı təhsil müəssisələrində isə bu kimi hallar mövcud deyil. Müəllim başa düşür ki, tələbə ac ola və ya susuzluq hiss edə bilər. Və ya tələbəyə çox önəmli bir zəng və ya mesaj gələ bilər. Burada əsas məqam odur ki, tələbə dərsə fokuslansın, fikirlərini bölüşsün: ye, iç amma fikrin dərsdə olsun. Ya da ikinci variant: yemə, içmə, başını başa düşürmüş kimi yuxarı-aşağı yellə, amma fikrin dönərdə ya yazılan önəmli mesajda qalsın.

Həbsxana ya universitet?

Azərbaycanda universitetlərin bir qisminda hasar olmasa belə, qapıda mütləq şəkildə təhlükəsizlik üçün duran adamlar olmalıdır. Bacarıqları bir kənara, bəzi hallarda həmin insanlar normal davranış qaydalarını belə bilmirlər. İnkişaf etmiş universitet və ölkələrdə isə belə bir “təhlükəsizlik” sistemi yoxdur. Niyə? Çünki universitetin kökü azad fikir mübadiləsinə və müzakirəsinə dayanır. Roma və Yunan mədəniyyətlərindən törəmiş universitet, əvvəllər açıq məkanda filosofların bir mövzu ətrafında fikir alış-verişi ilə təşkil olunurdu. Daha sonra daha da təkmilləşən bu proses binaların, zalların və administrativ sistemlərin qurulması ilə nəticələndi. Bu qədimi mədəniyyəti özündə saxlayan Avropa universitetləri binaları hasarlamağa və tələbələri “qorumağı” lazım bilmirlər. “Universitet hər kəs üçün açıqdır və hər kəsə aiddir” məsələsi Avropa universitetlərinin əksəriyyəti üçün keçərlidir. Əgər tələbə olmayan şəxs, universitetə daxil olub, özünü qeyri-adekvat aparırsa, bu zaman polis öz işini yerinə yetirmək üçün universitetə çağırılır. Məsələ bu qədər sadədir.

Qabaqda bir nəfər düşəcək

Təxmini bilirsiniz ki, hansı məsələyə toxunacam. Avropa ölkələrində tələbələr üçün xüsusi güzəştlər olur. Bu güzəşt imkanları kütləvi nəqliyyat vasitələrinə də aiddir. Yəni, tələbə avtobus, tralleybus, metro və ya tramvaylardan ən azı 50 faiz endirimlə istifadə edir. Bu, Azərbaycanda hal-hazırda mümkündürmü? Əlbəttə ki, xeyr. Çünki həmin Avropa ölkələrində sürücü, kimin tələbə, kimin isə tələbə olmadığını yoxlamır. Onun əvəzinə isə bileti nəzarətçiləri var ki, istənilən vaxt nəqliyyat vasitəsinə daxil olub, yoxlanış keçirirlər. Yəni, əgər tələbə olmayan şəxs tələbə üçün gediş kartı alırsa, məsuliyyəti öz üzərinə götürmüş olur. Bizdə belə bir sistem olmadığına görə, hələ ki, hamı necə, tələbə də elə.

Təqaüd imkanları

Avropanın bir sıra ölkələrində təqaüd imkanları var. Ən pis halda, tələbə yaxşı nəticələr göstərdiyinə görə ya təhsil haqqından endirim əldə edə bilir, ya da aylıq təqaüd üçün də şanslara sahib ola bilər. Bu təqaüdü əldə etmək üçün isə tələbəni tapşırmağa ya da tələbənin kiminsə “adamı” olmağına ehtiyacı yoxdur. Yaxşı oxuyan və akademik aktivliyi olan tələbə təqaüd məsələlərində universitet qarşısında bərabərdir. Maddi tərəfdən tələbənin dəstək alması kimi imkanlar onun yaxşı oxumağına da bir stimullaşdırıcı faktor olur.

Fərqli mədəniyyətlər

Azərbaycandan kənarda yaşamayan bir adam düşünə bilər ki, bizim mental dəyərlər və sosial normalar dünyada ən yaxşı və hamı tərəfindən mütləq qəbul ola biləndir. Xarici ölkədə yaşayan insan isə fərqli bir ölkənin varlığını, cəmiyyətin dəyərlərini və sosial normaları praktiki olaraq görür və fərqli bir mədəniyyətlə tanış olur. Məsələn, tələbə görür ki, insanların geyimi tamamilə sərbəst ola, adamların saç rəngi əvvəl görmədiyi rəng ilə də boyana və insanların şəxsi həyatını müzakirə etmədən də yaşamaq mümkün ola bilər. Əlavə olaraq, əgər bir kəs Avropada yaxşı bir iş imkanı əldə edirsə, yaltaqlıq göstərmədən də “qabağa getməyin” mümkünlüyünü görə bilir. Ən ideal variantda isə şəxs həm yaxşı təhsil alır, həm iş imkanları əldə edir, həm də mühit fərqliliyi ilə yaxından tanış ola bilir.

Şəxs kimi formalaşma

İnsanın tək yaşaması onun şəxs kimi formalaşmasına çox böyük müsbət təsir göstərir. Xaricdə hətta 1 il magistratura təhsili alan şəxs belə, müstəqil qərar verməyin və bu qərara görə məsuliyyəti öz üzərinə götürməyi öyrənmiş olur. Öz qərarını vermək və buna cavabdeh olmaq isə həm şəxsi həyatda, həm də iş həyatında əksər insan tərəfindən xoş qarşılanan bir dəyərdir. (niftaliyev.com)

Xəbər lenti