Logo

DQİDK yanında İctimai Şuranın növbəti iclası keçirilib

12.01.2022 16:58 677 baxış
IMG

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın  növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, cari ildə görüləcək işlərə həsr olunmuş iclasda Komitənin əməkdaşları və DQİDK yanında İctimai Şuranın təmsilçiləri ilə yanaşı, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların üzvləri iştirak ediblər.

Sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, ideoloji sahədə dinlə bağlı üzləşdiyimiz problemlər, dövlət-din münasibətlərinin tənzimlənməsi qaydaları və digər məsələlər ətrafında geniş təqdimatla çıxış edib. Dini kimliyimizin-milli kimliyimizə qarşı qoyulması, dinin siyasiləşdirilməsi, din pərdəsi altında, dindən sui-istifadə edilərək İslamın azərbaycançılığa qarşı qoyulması, “dindarlığın” artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qadın hüquqlarının məhdudlaşdırılması kimi tendensiyalara diqqət çəkən G.İsmayılov bu kimi arzuolunmaz hallara qarşı mübarizədə intensiv təbliğat, güclü təşkilatlanmanın önəmi barədə danışıb.  Prezident İlham Əliyevin müvafiq Sərəncam və Fərmanı ilə Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını bu sahədə atılan strateji addımlar kimi dəyərləndirib.

DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə ideoloji sahədəki bəzi çatışmazlıqlara qarşı mübarizədə, gənclərin milli ruhda, Azərbaycançılıq  prinsipləri əsasında formalaşmasında əlaqəli qurumların İctimai Şuraların koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova təmsil etdikləri şuraların fəaliyyət planında öz əksini tapan ortaq problemlərə qarşı gələcəkdə birgə əməkdaşlıq edilməsini müvafiq istiqamətlərdə maarifləndirmə işinin daha da sürətlə aparılmasında çox vacib amil kimi qiymətləndiriblər.

Cari məsələlərin müzakirəsi ilə yanaşı, 2022-ci il ərzində fəaliyyətin daha səmərəli təşkili ilə bağlı həyata keçirələcək tədbirlərə dair fikir mübadiləsinin aparıldığı iclasda DQİDK yanında İctimai Şuranın üzvləri Rauf Zeyni, Çingiz Bayramov, Vasif Sadıqlı təkliflərlə çıxış ediblər.

Xəbər lenti