Logo

Qəbələnin Zarağan kəndində yeni məktəb binası tikilir

11.01.2022 17:09 882 baxış
IMG

Prezident İlham Əliyevin 2020-ci il iyulun 30-da imzaladığı Sərəncama əsasən Qəbələ rayonunun Zarağan kəndində 1 saylı tam orta məktəb üçün inşa olunan 528 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir. Binanın dam örtüyünün quraşdırılması işləri artıq başa çatmaq üzrədir. Hazırda binanın daxilində elektrik xətlərinin çəkilişi və istilik sisteminin quraşdırılması işləri görülür.

Bu barədə AZƏRTAC-a Qəbələ Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, beş yüzdən çox şagirdin təhsil aldığı məktəbin hazırki binası uzun illər istismar edildiyindən son vaxtlar yararsız vəziyyətə düşüb. Müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Qəbələ rayonunda 6-sı modul tipli olmaqla, 36 yeni məktəb binası tikilib istifadəyə verilib, 10 məktəb binası isə əsaslı təmir olunub.

Xəbər lenti