Logo

Yüksək Texnologiyalar Parkında diod və mikrosxemlərin istehsalı təşkil olunur

11.01.2022 14:21 693 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının yeni rezidenti “BEYT” MMC tərəfindən LED lampa üçün diod və mikrosxemlərin istehsalı həyata keçiriləcək.

Parkdan bildirilib ki, Azərbaycanda LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunur. Layihənin həyata keçməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaq. Müəssisədə 30 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Bundan əlavə, istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə, 3 robot vasitəsilə həyata keçiriləcək.

Qarabağda yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” lahiyələrində yalnız LED lampaların istifadəsinin planlaşdırılması bu məhsullara olan marağın daha da artacağını proqnozlaşdırmağa əsas verir.

Layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsinə dəstək verəcək. Həmçinin istehsal olunacaq yüksək keyfiyyətli diod və mikrosxemlərin daxili bazarda satışı ilə bərabər,  Gürcüstan, Rusiya, digər ölkələrə ixracı da nəzərdə tutulur.

Yüksək Texnologiyalar Parkı tərəfindən innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması üzrə investisiya layihələrinin qəbulu davam etdirilir.

Xəbər lenti