Logo

BANM-in məzun müəllimi: “BANM həm bilik, həm də çox gözəl dostlar qazandırıb”

11.01.2022 10:44 680 baxış
IMG

Rəşad Nəzərəliyev Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimidir.

Tehsil.biz xəbər verir ki, o, Neft-qaz mühəndisliyinə giriş, həmçinin Neft və qazın emalı A və B fənlərini tədris edir. Tələbələrin sevimli müəllimi 2018-ci ildə BANM-in və Heriot-Vatt Universitetinin Neft-qaz mühəndisliyi ixtisasının bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. O, təhsilini Norveç Elm və Texnologiya Universitetinin Lay mühəndisliyi və petrofizika ixtisaslaşması üzrə magistr dərəcəsində davam etdirib. SOCAR-da, bp-də, həmçinin Norveçdə “Equinor ASA” şirkətində mühəndis olaraq təcrübə keçib. Norveç dənizində “Heidrun” yatağında Ağıllı quyu tamamlama tətbiqi və karbon qazı yığma və toplama üzrə istehsalat təcrübəsində olub. 

 
Rəşad Nəzərəliyev deyir ki, BANM ona həm bilik, həm də çox gözəl dostlar qazandırıb: “Mənim nəzərimdə bir universitet təkcə təhsil ocağı deyil, həm də hər bir şəxsin formalaşdığı mühitdir. Bəzən düşünürəm ki, BANM olmasaydı, başqa cür formalaşacaq, bəlkə də bugünkü mən olmayacaqdım. Bu baxımdan məni formalaşdırdığı üçün BANM-ə çox şey borcluyam. BANM-in mənə qazandırdığı biliklə yanaşı, çox gözəl insanlar, dostlar olub. İndi də buradan qazandığım dostlar, müəllimlərlə əlaqədəyik, bir-birimizə dəstək olur, kömək etməyə çalışırıq. Mən BANM-ə borcumu belə demək mümkündürsə, müəllimliklə, tələbələrə bilik öyrətməklə qaytarmağa çalışıram”. 
 
O, müəllimliyə xüsusi sevgisinin olduğunu, babalarının bu peşəsini böyük məhəbbətlə davam etdirdiyini əlavə edir: “Mənim babalarım da müəllim olublar. Valideynlərim də, qohumlarımın bir çoxu da müəllimdir. Müəllimlərin arasında əhatə olunduğum üçün akademik sahəyə bir növ instinktiv marağım olub. Universitetdə oxuyarkən qrup yoldaşlarım bildirirdi ki, sən sənayedə deyil,  akademik mühitdə çalışmalısan. Bunu həm də mənim yüksək dərəcədə izahetmə qabiliyyətim, mövzunu anlatma bacarığımla əlaqələndirirdilər. Mən hər zaman akademik sahəyə böyük maraq göstərmişəm. Mənə sənayedən iş təklifləri olsa da,  Azərbaycana qayıdıb akademik sahədə çalışacağımı deyirdim. Beləcə, Norveçdə təhsilimi bitirdikdən sonra BANM-ə gəlib, xaricdə öyrəndiklərimi həm təcrübə, həm də bilik baxımından burada tələbələrə aşılamaq qərarına gəldim. Mən orada oxuyarkən qazandığım bilikləri, təcrübəni gələcək tələbələrimizlə bölüşməyi düşünürdüm”.

Xəbər lenti