Logo

"Bakı Ali Neft Məktəbi zirvədə olan təhsil ocağına çevrilməyin mümkün olduğunu sübut etdi”

10.01.2022 22:06 630 baxış
IMG

Sahib Abdullayev Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Hazırda Almaniyanın Erlangen şəhərində, FAU Erlangen-Nuremberg universitetində Qabaqcıl materiallar və proseslər proqramında magistratura pilləsi üzrə təhsil alır. Eyni zamanda, Helmholtz Erlangen-Nuremberg Bərpa Olunan Enerji İnstitutunda tədqiqat köməkçisi vəzifəsində çalışır. Qeyd edək ki, burada hidrogen enerjisinin effektiv istifadə üsulları araşdırılır.

Doğma Ali Məktəbini yaranmasının 10 illiyi münasibətilə təbrik edən uğurlu məzun təəssüratlarını bölüşüb. O, BANM tələbələrinin dünyanın ən nüfuzlu universitetlərində təhsillərini davam etdirməsinin qürurlu olduğunu deyir: “BANM yaradılandan qısa zaman ərzində Azərbaycanın zirvədə olan təhsil ocağına çevrilməyin və Azərbaycanı bütün dünyada təmsil edəcək tələbələrin yetişdirilməsinin mümkün olduğunu sübut etdi. Məzunlarımızın ABŞ-nin Stanford universitetindən tutmuş Yaponiyanın Kyoto Universitetinə qədər, dünya reytinqində ən öndə olan universitetlərdə təhsillərini davam etdirmələri çox qürurvericidir. BANM-ə Azərbaycan təhsilinin daha da çox təkmilləşdirilməsi üçün öz təcrübəsini bölüşərək, digər Azərbaycan universitetlərinə də dəstək olmasını arzulayıram”.

Sahib Abdullayev BANM-in ona yüksək səviyyəli təhsillə yanaşı, bir çox bacarıqlar qazandırdığını vurğulayır: “Ali Məktəbimi teatr gecələri, faydalı tədbirlər, intellektual oyunlar, məzun gecəsi və digər xoş xatirələrlə yada salıram. BANM-in mənim tələbəlikdən mühəndisliyə gedən həyat yolumda əvəzolunmaz rolu var. O, elmə olan marağımı artırdı, mənə vacib karyera bacarıqlarını öyrətdi və ömürlük dostlar bəxş etdi. Uğurlu məzun olmağın sirri hər bir tələbə üçün fərdidir. Mənim üçün bu, mənə dəstək olan ailəm və dostlarımdır”.

Xəbər lenti