Logo

BANM-in uğurlu məzunu: “Hər kəs özünü böyük bir ailənin parçası kimi hiss edir”

07.01.2022 22:16 617 baxış
IMG

Nərmin Abdullazadə Bakı Ali Neft Məktəbinin (BANM) 2019-cu il Kimya mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirən və ixtisas birincisi olan məzunudur. O, həmçinin BANM-in Neft və qaz texnologiyasi ixtisası üzrə magistratura pilləsini bitirib. Nərmin Abdullazadə 2019-cu ildən bp şirkətində Səngəçal terminalının "Azəri-Çıraq-Günəşli" sahəsində proses mühəndisi vəzifəsində çalışır. Uğurlu məzun, eyni zamanda, BANM-də müəllim kimi fəaliyyət göstərir. 

Doğma Ali Məktəbini yaranmasının 10 illiyi münasibətilə təbrik edən Nərmin Abdullazadə 7 ildir BANM ailəsinin üzvü olmaqdan qürur duyur: “Bakı Ali Neft Məktəbinin üzvü olan hər kəs özünü böyük bir ailənin parçası kimi hiss edir. BANM mənə keyfiyyətli təhsillə yanaşı, doğma insanlar, yaddaqalan xatirələr və insani keyfiyyətlər qazandırıb. Bu Ali Məktəbin verdiyi təhsil və yaratdığı imkanlar sayəsində bakalavr təhsili müddətində müxtəlif şirkətlərdə təcrübə keçmək imkanı əldə etmişəm. Bu imkanlar işə qəbul prosesinin uğurlu keçməsində mühüm rol oynayıb”. 
 
Nərmin Abdullazadə deyir ki, uğurlu məzun olmağın sirri əzmlə, yorulmadan çalışmaqdır: “Eyni zamanda, bütün çətinliklərin öhdəsindən gəlməklə, məqsədlərinə çatmaq istəyini itirməməlisən. BANM intellektual, savadlı, geniş dünyagörüşə malik Azərbaycan gəncliyinin inkişafında əvəzsiz rol oynayır. Qısa müddət ərzində qazanılmış uğurların arxasında rektorumuz Elmar Qasımovun davamlı inkişafa hədəflənmiş strategiyasi və bu hədəflərə çatmaq üçün yorulmadan çalışan professor-müəllim və administrativ heyət dayanır. Həmçinin dünyanın dörd bir yanında təhsil alan və çalışan BANM məzunları da Ali Məktəbimizin uğurlarının bariz nümunələridir”.

Xəbər lenti