Logo

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində qazi məzunla görüş keçirilib

07.01.2022 17:39 816 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində fakültənin məzunu, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirovla görüş keçirilib.

Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Sonra qazi Qədir Daşdəmirova həsr olunmuş sənədli film nümayiş etdirilib, qəhrəmanın keçdiyi döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, baş leytenant Qədir Daşdəmirov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib, torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıqlar göstərib. Ön xətdə ağır yaralanan Qədir Daşdəmirov YAŞAT Fondunun dəstəyi ilə qardaş Türkiyədə müalicə olunub. Onun qəhrəmanlıqları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə baş leytenant Qədir Daşdəmirov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Qazi baş leytenant Qədir Daşdəmirov çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan bəhs edib. Müzəffər Azərbaycan ordusunun qalib zabiti olması ilə qürur duyduğunu bildirib, bundan sonra da hər an bir zabit kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirməyə hazır olduğunu ifadə edib. Qədir Daşdəmirov həmçinin qazi məzun və tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə BDU rəhbərliyinə təşəkkürünü bildirib.

Xəbər lenti