Logo

İordaniyalı din xadimi ərəb mətbuatında Azərbaycanda dinlərarası dialoq və tolerantlıq barədə məqalə ilə çıxış edib

04.01.2022 17:14 722 baxış
IMG

İordaniyalı din xadimi, keşiş Məhəmməd Corc Şrayxa “Şaab”, “Əl Ənbat”, “Nəbd Əl Balad” və “Cohina” qəzetlərində Azərbaycanda dinlərarası dialoq və tolerantlıq barədə məqalə ilə çıxış edib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, ərəbdilli oxuculara Azərbaycanda İslam və xristian dinlərinə mənsub olan vətəndaşların ölkənin tərəqqisi naminə birgə fəaliyyət göstərməsi barədə məlumat verilib. Məqalədə diqqətə çatdırılıb ki, ölkəmizdə çoxlu sayda qədim pravoslav, katolik kilsələri, o cümlədən alban məbədləri, tarixi abidələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb, beynəlxalq humanitar forumlar və konfranslar təşkil edilib. Ölkənin paytaxtında və regionlarda müsəlmanlar xristianlarla birlikdə Milad bayramını – Yeni ili qeyd edirlər. Eyni zamanda, Azərbaycan Prezidenti qədim xristian məbədlərinin və abidələrinin bərpasını diqqət mərkəzində saxlayır, bu prosesə lazımi dəstək göstərir.

Müəllif daha sonra yazır: “Bayramları birlikdə qeyd etmək ənənəsi Azərbaycanda xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edir. Azərbaycanlılar sülhsevər xalq kimi bütün dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşırlar və müharibələrdən, münaqişələrdən, nifrət mühitindən arınmış bir dünya qurmaq istəyirlər. Dinlər arasında dialoqla bağlı mətbuatda vaxtaşırı çıxışlar edən bir din xadimi kimi deyə bilərəm ki, Azərbaycanda hökm sürən tolerantlıq atmosferi, habelə dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının qorunması diqqətimi cəlb etdi. Ümidvaram ki, tezliklə bu ölkəyə səfər edərək dinlər arasında etimad və tolerantlığı görə biləcəyəm. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı aşağıdakı fikirlər məndə böyük təəssürat yaradıb: “Azərbaycandakı bütün məbədlər bizim tarixi sərvətimizdir. Biz hər il Bakıda Bakı Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin dini liderlərin və fəalların iştirakı ilə sammitlər keçiririk, eyni zamanda, UNESCO ilə sıx əməkdaşlıq edirik”. Azərbaycanın dövlət başçısı UNESCO-nun nümayəndə heyətini 30 ilə yaxın işğal dövründə dağıdılmış kilsələrin bərpası prosesi ilə tanış olmaq üçün Azərbaycana səfər etməyə dəvət edir. Mən dövlət agentliyi AZƏRTAC-ın saytında Roma Papası Zati –müqəddəsləri Fransiskin Bakıya səfəri zamanı Azərbaycanda dini dözümlülük, tolerantlıq və mədəni plüralizm sahəsində qazanılmış nailiyyətlərlə - bağlı fikirlərini oxudum. Bundan başqa, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill də Bakıya səfəri zamanı Azərbaycanda kilsələrlə bağlı görülən işləri yüksək qiymətləndirib”.

Xəbər lenti