Logo

Ucqar kəndlərə işləyən müəllimlər danışdı

03.01.2022 16:00 960 baxış
IMG

Üzümüzə elm, bilik xəzinəsinin qapısını açan çətin peşənin şərəfli adıdır müəllim. Talelərini bu müqəddəs peşəyə bağlayanlardan biri də Zümrüd müəllimədir. Ailəsi Bakıda yaşasa da o, Astaranın ucqar dağ kəndlərindən biri olan Mikidə biologiya fənnini tədris edir. Zümrüd müəllimə 3 aydır ki, bu kənd məktəbində dərs deyir. Bildiklərini şagirdlərinə öyrətmək üçün hər həftə kilometrlərlə yol qət edir: “Həftənin 3 gününü Astarada keçirirəm, yerdə qalan 4 gününü isə Bakı şəhərində, öz evimdə keçirirəm. Məhz bu işə müəllimliyi sevdiyim üçün gəlmişəm. Düzdür, maaşım bilindiyi kimi o qədər də çox deyil. Bizə əvvəllər Təhsil Nazirliyinin H1 və H2 - məsafəyə görə verilən müəyyən məbləğ var idi. Hal-hazırda həmin məbləğ var, sadəcə olaraq məndə yaş 35-i keçdiyinə görə mənə həmin məbləğ təyin olunmur.”

Zümrüd müəllimə deyir ki, Astaraya gələn gündən Miki kəndinin sakinləri ona ailəsi kimi baxırlar və xüsusi ehtiram göstərirlər: “İşə qəbul olduqdan sonra "Harada qalacağam?" sualı yarandı. Bir az axtarışdan sonra bu ev çox sağ olsunlar ki, məni qəbul elədilər. Çox qonaqpərvərdirlər, çox sağ olsunlar. Hətta məndən kirayə pulu belə almadılar, istəmədilər. Hətta mən dəfələrlə onlara təkid eləsəm belə, onlar bunu pis qarşılayırlar ki, o nə deməkdi, bizim qonağımızsınız həmişə”

Ayxan Məhəmmədzadənin 24 yaşı var. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunudur. 2020-ci ildən müəllimlik fəaliyyətinə Ucarın Qaracallı kəndində başlayıb. 2021-ci ildən isə fəaliyyətini Qubanın ucqar kəndlərindən olan Küsnətqazma kənd məktəbində davam etdirir. Valideynlərinin və yaxın qohumlarının müəllim olması onu pedaqoji istiqamətə yönləndirib: “Burda mənə gənc müəllimlərə olduğu kimi müxtəlif stimullaşdırıcı qaydalar tətbiq olunur ki, bunlar biri H2-nin alınmasıdır. Bundan əlavə olaraq qonşu kəndlərdə kimya müəlliminə ehtiyac olduğundan Üçkün və Küpçal məktəblərində də bir illik müqavilə ilə kimya müəllimi kimi fəaliyyət göstərirəm.

Şagirdlər deyir ki, kimya fənnini onlara Ayxan müəllim sevdirib.

Peşə borcunu ucqar kəndlərdə yerinə yetirən müəllimlərdən biri də Sahilə Müəllimədir. O, Şəki şəhərinin Aydınbulaq kəndindəndir. 2 il əvvəl Ağdam rayon Hacıməmmədli kənd tam orta məktəbində müəllimlik etməyə başlayıb. Sahilə müəllimə deyir ki, məktəbə gələndə təkcə kənd sakinləri yox, həm də məktəb kollektivi ona böyük dəstək göstərib. Eyni zamanda dövlət tərəfindən ona əlavə yol xərci, kirayə pulu ödənilir: “Bizə əlavə yol pulu, kirayə pulumuz dövlət tərəfindən ödənilir. Yəni biz ailədən kənardayıq, ailədən ayrı yaşadığımıza görə bizə öz dəstəklərini göstərirlər. . Kommunal xərclər üçün bizə 90 manat ödənilir, 100 manatda ayrı ödənilir. 190 manat əlavə pul ödənilir bizə.”

Sahilə müəllimə Ağdama gələndən sonra 44 günlük vətən müharibəsi başlayıb. Onun sözlərinə görə, dərs deyəcəyi şagirdlərindən əvvəl onların valideynlərini tanımaq qismət olub. Çünki, müharibə başlayan kimi məktəbin zirzəmisi kənd sakinlərinin və yaxınlıqda olan hərbçilərin sığınacağı olub. Müəllim deyir ki, gözdən-könüldən uzaqda olsaq da, ehtiyac duyulan yerdəyik: “Mən gənclərdən istəyirəm ki, hamı imtahan verib işə qəbul olsunlar. Ucqar kəndlərdə də öyrənməyə, öyrədilməyə də ehtiyac var. Onlar da öyrənsin ki, kənd yerində də inkişaf daha çox getsin.”

Bəli, hələ neçə-neçə kənd məktəbində cəsur və ürəkli gənc müəllimlərə ehtiyac var. Bu peşəni seçənlər əllərindən gələni etməlidir ki, müəllim adına layiq olsunlar. Bunun üçün isə müəllim işığa ehtiyac olan hər yerə çıraq tuta bilməlidir.

APA TV

Xəbər lenti