Logo

“WorldSkills Azerbaijan” platforması tələbələr üçün məlumatlandırma sessiyaları təşkil edib

28.12.2021 19:03 425 baxış
IMG

 “WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti 28 dekabr tarixində Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin İnformasiya təhlükəsizliyi fakültəsinin tələbələri üçün məlumatlandırma sessiyaları keçirib.

Görüş zamanı “WorldSkills Azerbaijan” platformasının fəaliyyəti, görülən işlər və ən əsası Kibertəhlükəsizlik üzrə Milli Yarışla bağlı vacib məqamlar paylaşılıb. Təqdimatda tələbələr yarışın qeydiyyat prosesi və mərhələləri ilə tanış olublar. Görüş sonrası, “WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti tələbələrin suallarını cavablandırıb.

Bildirilib ki, üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Seçilmiş iki iştirakçı 12-17 oktyabr 2022-ci ildə “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Müraciətlər 4 yanvar 2021-ci il tarixinədək qəbul edilir. Yarışda iştirak arzusunda olan namizədlər keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti