Logo

Kibertəhlükəsizlik üzrə milli yarışda iştirak üçün müraciətlərin qəbulu yekunlaşır

28.12.2021 11:47 352 baxış
IMG

Azərbaycanı “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında təmsil edəcək gənclərin seçilməsi üçün kibertəhlükəsizlik üzrə milli yarışda iştirak üçün müraciətlərin qəbulu yekunlaşır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, kibertəhlükəsizlik üzrə milli yarışa müraciətlər dekabrın 28-dək başa çatacaq.

Üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Qeydiyyatdan keçən namizədlər arasından seçilmiş iştirakçılar ikinci mərhələdə kibertəhlükəsizlik üzrə nəzəri və praktiki sualları cavablandırmalıdır. Üçüncü mərhələdə isə namizədləri texniki və nəzəri çalışmalar gözləyir.

Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaq. Qalib olan iki iştirakçı 2022-ci il oktyabrın 12-17-də “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti