Logo

“WorldSkills Azerbaijan” platforması tələbələr üçün məlumatlandırma sessiyaları təşkil edib

24.12.2021 16:23 441 baxış
IMG

“WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri üçün məlumatlandırma sessiyaları keçirib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təqdimat zamanı “WorldSkills Azerbaijan” platformasının fəaliyyəti, görülən işlər və ən əsası kibertəhlükəsizlik üzrə milli yarışla bağlı vacib məqamlar paylaşılıb. Təqdimat zamanı tələbələr yarışın qeydiyyat prosesi və mərhələləri ilə barədə ətraflı məlumatlandırılıb və onların sualları cavablandırılıb.

Bildirilib ki, üç mərhələdən ibarət yarışda 25 yaşa qədər olan gənclər iştirak edə bilərlər. Yarışın sonunda ən yaxşı nəticə göstərən iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaq. Seçilmiş iki iştirakçı 2022-ci il oktyabrın 12-17-də “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Yarışa müraciətlər dekabrın 28-dək qəbul edilir.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti