Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri Gəncə iş adamları ilə bir araya gəliblər

20.12.2021 16:51 747 baxış
IMG

Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri sənaye, turizm, iaşə və tikinti kimi sahələrdə fəaliyyət göstərən Gəncə və ətraf regionlardakı iş adamlarının bir araya gəldiyi "Gəncə İş Adamları" İctimai Birliyinin açılış mərasimində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə yerli və xarici işəgötürənlər, müxtəlif dövlət qurumları, media nümayəndələri və Gəncədə təmsil olunan diplomatik korpus iştirak edib. Açılış mərasimində çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncənin peşə təhsilində qədim ənənələrə malik olduğunu və Gəncədəki iki peşə təhsil müəssisəsində 2000-dən çox tələbənin təhsil aldığını vurğulayıb. Agentliyin bu regionda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlığa tam hazır olduğu qeyd edilib.

Tədbir çərçivəsində müxtəlif şirkət və qurumların öz məhsullarını təqdim etdiyi sərgi də baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyi sərgidə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi olmaqla ümumilikdə, 4 peşə təhsil müəssisəsi ilə təmsil olunub. Peşə təhsil müəssisələrində təhsil alan tələbələrin əl işlərinin sərgiləndiyi stendlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin qeyri-rəsmi hissəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsil müəssisələrinin nümayəndələri işəgötürənlərlə fikir mübadiləsi aparıb gələcək addımları müzakirə ediblər.

Qeyd edək ki, "Gəncə İş Adamları” İctimai Birliyi Gəncə şəhərində fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirən ictimai birlikdir. Birliyin əsas məqsədi iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarların fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan imkanlar ilə dəstək olmaqdan ibarətdir.

Xəbər lenti