Logo

Türkiyə təhsil rəsmiləri Bərdə şəhərində yerləşən Bərdə Peşə Liseyinə səfər edib

14.12.2021 16:53 711 baxış
IMG

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri uğurla davam edir. 14 dekabr tarixində Türkiyə təhsil rəsmiləri Bərdə şəhərində yerləşən Bərdə Peşə Liseyinə səfər edib.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında peşə təhsili səviyyəsində əməkdaşlığın artırılması istiqamətində Bursa Hamidiye Texniki Anadolu Peşə Liseyi ilə Bərdə Peşə Liseyi, həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi arasında qardaşlıq sazişləri imzalanıb. Tərəflər qarşılıqlı əməkdaşlığın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğunlaşan mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Həm Bərdə Peşə Liseyi, həmdə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru çıxışlarında əməkdaşlıqdan məmnunluqlarını dilə gətirərək səfərin hər iki ölkənin peşə təhsil sisteminə töhfə verəcəyindən əminliklərini ifadə ediblər.

Daha sonra Bərdə Peşə Liseyinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar Liseydə yaradılmış şəraitlə yaxından tanış olub, tədris binası, yataqxana, emalatxana və laborotoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binalarda yaradılmış şəraiti yaxından izləyiblər. Bildirilib ki, yenidənqurulan Bərdə Peşə Liseyi beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təchiz olunub.

Qeyd edək ki, 12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

Xəbər lenti