Logo

“Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib

10.12.2021 14:10 657 baxış
IMG

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstünün üzərinə gül dəstələri düzüb, daha sonra foyedə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq. O bildirib ki, biz dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq.

Sonra ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Heydər Əliyev həyatı boyu hansı məqamda və vəzifədə olmağından asılı olmayaraq ürəyi daim Azərbaycanla döyünüb. Elşad Həsənov qeyd edib ki, müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov isə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. “Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcək”, - deyə o bildirib.

Daha sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədilik qazandığını bildirib.

 

Xəbər lenti