Logo

Nilufər Məmmədova: "32 mutasiyalı “Omikron” daha təhlükəli ola bilər"

07.12.2021 15:27 113 baxış
IMG

Son vaxtlar COVID-in meydana çıxan yeni ştamları dünyanı bir daha təhdid etməkdədir. Belə ki, “Omikron” ştammı sürətlə yayılmaqdadır. Elə bu səbəbdən də artıq bir neçə ölkə karantin rejimlərini yenidən sərtləşdirib.

Rəsmi qurumlar adıçəkilən ştammın hələlik ölkəmizdə aşkarlanmadığını bildirsələr də, bizdə də bu sahədə narahatlıqlar var. “Omikron”un ölkəmizdə yayılma ehtimalı və əgər bu, baş verərsə, qarşısının alınması istiqamətində görüləcək tədbirlərə dair Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova fikirlərini bildirib: “Omikron" bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayanıdır. Xüsusən də spayk proteinində 32 mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib. Əslində bu variantdan qorxma səbəblərimizdən biri də bu mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirə bilməməyimizdir. Amma bunlar üzərində ciddi işlər gedir. Hətta vaksinlərin mutasiyaya qarşı effektivliyi ilə bağlı çox mühüm işlər aparılır. Lazım olarsa, vaksinlərin tərkibinin yenidən nəzərdən keçirilərək bu ştamma qarşı effektiv hala gətiriləcəyi də planlaşdırılır".

Mütəxəssis əlavə edib ki, yeni virus variantı payız-qış aylarına təsadüf etdiyi üçün digər yuxarı tənəffüs yolu xəstəliklərinin də artması qaçılmazdır, xüsusən xəstəliyin ilkin günlərində: “Ona görə də yuxarı tənəffüs yollarına məxsus simptomları olan bir çox insanlar bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə əlaqələndirir və test verməkdən yayınırlar. 
“Omikron”la mübarizədə ən optimal yol əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etmək, insanların çox olduğu yerlərdən və zərərli vasitələrdən uzaq durmaqdır. Misal üçün, maskalardan düzgün qaydada istifadə, sosial məsafənin gözlənilməsi, qapalı məkanların havasının tez-tez dəyişdirilməsi, insanların sıx toplaşdığı məkanlardan bacardıqca kənar olmaq və gigiyena qaydalarına yetərincə əməl etmək mütləqdir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı insanlara məsləhət görür ki, ehtiyac olmadıqca evdən çıxılmasın. Virusun gedişatının necə olacağı hələ bilinməyərkən yaxın həftələr ərzində xüsusilə diqqətli olmalıyıq”.

İnfeksionist bir daha bildirdi ki, indiyədək peyvənd olunmayanlar varsa, mütləq vaksinasiyadan keçməlidir: “Əgər kiminsə üçüncü doza vaksininin zamanı çatıbsa, “buster doza”nı mütləq qəbul etməlidir ki, immun sistemi bu xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu bir daha artırmış olsun".

Xəbər lenti