Logo

Heydər Əliyev dühası və Müstəqil Azərbaycan Dövləti

07.12.2021 13:31 158 baxış
IMG

Böyük dühalar mənsub olduqları xalqın gələcək inkişaf yollarını əvvəlcədən görə bilmiş, həmin ali məqsədə çatmaq üçün xalqı mübarizəyə səfərbər etməyi bacarmışlar. Uzaqgörənlik, möhkəm siyasi iradə, aydın milli mövqe və dönməz mübarizə əzmi belə tarixi şəxsiyyətlərin əsas xüsusiyyətlərini təşkil edir. Xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini yenidən dirçəldən milli lider Ulu Öndər  Heydər Əliyev olmuşdur. Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ulu Öndər Heydər Əliyev bu zənginliyin zirvəsindədir! Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. 

Heydər Əliyev müasir Azərbaycanın  qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan  bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yüksəlməyi bacarır. 1969-cu ildə — Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə hər cür maneəni dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən  xüsusi qərarlar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Sov.İKP MK-nin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xalqımız və dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. 1991-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən ayrılsada tam müstəqilliyini əldə edə bilmədi. Azərbaycan xalqına müstəqilliyini Ümummilli Lider Heydər Əliyev bəxş etdi. Ölkəni bürüyən hərc-mərclik böyük öndərin güclü iradəsi, uzaqgörən siyasəti qardaşısında tab gətirə bilmədi. Və ölkədə sabitlik təmin edildi.

1994-cü il sentyabrın 20-də Bakıda  dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Bununla da Heydər Əliyev dühası Azərbaycanın parlaq gələcəyinin qurulması istiqamətində əsaslı dönüş yaradacaq neft strategiyasını müəyyən etdi. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu Öndər xalqımızın azadlığı, müstəqilliyi haqqında müxtəlif fikirlər söyləmişdir. Ulu Öndər deyirdi: 

Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. 

Həqiqətən də bu belədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımıza azadlıq, müstəqillik, sərbəstlik bəxş etdi. Azərbaycan özü öz taleyini həll etməyə, gələcəyini düşünməyə başladı. Məhz Ulu Öndərin müqəddəs siyasəti, cənab prezidentin sarsılmaz iradəsi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və 2020-ci ildə 1990-cı illərdə düşmənlər tərəfindən işğal olunmuş ərazilərimiz işğaldan azad edildi. Şübhəsizdir ki, bu qələbə Heydər Əliyev dühası sayəsində əldə edildi.

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan gəncliyinə böyük dəyər vermişdir. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Heydər Əliyev gənclik haqqında deyirdi: 

Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.

Bu gün Azərbaycan gəncliyinə böyük öndərin – Heydər Əliyevin  xalqımızı və dövlətçiliyimizi xilas edən uzaqgörən siyasəti, ibrətamiz fikirləri və şəxsiyyəti geniş şəkildə təbliğ edilir. Gənclik bu təbliğatdan məntiqi nəticə çıxararaq Ulu Öndərin müqəddəs yolunu, siyasi irsini qorumalı və onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməlidirlər.
Azərbaycan xalqının Ümummilli Lideri 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü. Ulu Öndər Heydər Əliyev cənab prezident İlham Əliyevə böyük ümidlər bəsləyərək söyləyirdi: 

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Uzaqgörən siyasətçi bu fikirlərində də yanılmamışdı. Cənab prezident İlham Əliyev Ulu Öndərin ümidlərini doğrultdu və Ata vəsiyyətini yerinə yetirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də ABŞ-ın  Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub. 

Mən xalqımıza yeni nəfəs, həyat, parlaq gələcək bəxş edən Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin!

Anar Salehoğlu,
ADPU-nun tələbəsi, YAP Yevlax şəhər təşkilatının üzvü, İctimai fəal

Xəbər lenti