Logo

“Əlyazmalar yanmır” jurnalının növbəti sayı ingilis dilində çap olunub

06.12.2021 12:16 88 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” beynəlxalq elmi jurnalının ingilis dilində buraxılışının növbəti sayı işıq üzü görüb.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, jurnalda institutun baş direktoru akademik Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi”, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin “Xosrov və Şirin” poemasında at heykəli obrazı və türk dəfn adətləri”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “120 il öncə Müsəlman Şərqində ilk qızlar məktəbi” başlıqlı məqalələri təqdim edilib. Bundan başqa, jurnalda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun “Əncümənara” təzkirəsi və onun təqdim etdiyi Azərbaycan şairləri”, Elmi fondlar şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın “XX əsr Azərbaycan müxəmməslərinin mövzu dairəsi” sərlövhəli məqalələri dərc olunub. Eyni zamanda, jurnalın bu sayında digər müəlliflərin təsəvvüf fəlsəfəsi və irfan elmi, qədim Şərq təbabəti və cərrahiyyəsi, orta əsrlər və ən yeni dövr Azərbaycan ədəbiyyatı, klassik Şərq poetikası və aşıq yaradıcılığı, müasir Qərb dilləri və başqa mövzularda maraqlı məqalələri də yer alıb.

Qeyd edək ki, “Əlyazmalar yanmır” jurnalı “Publons”, “WorldCat”, “Open J-Gate”, “Scirus” (“Elsevier”), “ScienceGate”, “CiteFactor”, “InfoBase” kimi mühüm beynəlxalq indeksləşdirilmə bazalarına daxil edilib və “IndexCopernicus” beynəlxalq elmmetrik bazasında qeydiyyata alındıqdan sonra yüksək keyfiyyət əmsalı qazanıb.

Xəbər lenti