Logo

Standartlaşdırılmış testlər vasitəsilə qiymətləndirmə

06.12.2021 10:00 148 baxış
IMG

Şagirdlərin akademik nailiyyətlərini və bacarıqlarını müəyyən etmək üçün praktik üsul

Nailiyyətlərə və bacarıqlara əsaslanan təhsilin ən vacib hesab edilən bölmələrindən biri də qiymətləndirmədir. Qiymətləndirmə bilik, bacarıq və nailiyyətlərin ölçülməsi üçün vacib olan sistemli bir prosesdir. Qiymətləndirmənin əsas məqsədi mövcud tədrisin vəziyyəti ilə yaxından tanış olmaq və şagirdlərin daha yaxşı nəticələr əldə etməsi üçün təlim prosesini təkmilləşdirməkdir. Qiymətləndirmə təhsil sisteminin tərkib hissəsidir, çünki o, təhsilin məqsədlərinə nail olub-olmadığını müəyyən edir. Bəzi qiymətləndirmə üsulları ölkə daxilində və ya bütün dünyada müxtəlif ölkələrdən və müxtəlif məktəblərdən olan şagirdlərin akademik nailiyyətlərini müqayisə etmək üçün nəzərdə tutulmuşdur. Bunlara misal olaraq, IMO (International Mathematics Olympiad), IPHO (International Physics Olympiad), CEOI (The Central European Olympiad in Informatics), IMCHO (International Mendeleev Chemistry Olympiad) və s. kimi beynəlxalq olimpiadaları, respublika fənn olimpiadalarını və müsabiqələrini, PISA (The Program for International Student Achievement), TIMSS (The Trends in Mathematics and Science Study), PIRLS (Progress in International Reading Literacy Study) və s. kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarını və standartlaşdırılmış testləri aid edə bilərik. Testlər şagirdlərin mənimsəmələri gözlənilən təhsil standartlarının hansı səviyyədə öyrənildiyini ölçmək üçün bir üsuldur. Bəs standartlaşdırılmış testlər nədir? Kimlərə şamil olunur? Hansı növ testlər standart testlər hesab olunur?

Standartlaşdırılmış testlər ilk dəfə 20-ci əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında tətbiq edilmişdir. Standartlaşdırılmış test, bütün imtahan verənlərin eyni suallara cavab verməsinin tələb olunduğu və bütün cavabların eyni, standart şəkildə qiymətləndirildiyi qiymətləndirmə üsuludur. Standartlaşdırılmış testlər həmçinin qiymətləndirmə vasitəsi kimi də tanınır.Bu növ qiymətləndirmə adətən böyük şagird qrupları arasında keçirilir, nəticələr təhlil, müqayisə edilir və şagirdlərin növbəti addımlarının formalaşmasına kömək edir. Standartlaşdırılmış testlər şagirdlərin müəyyən sinif səviyyəsində öyrənməli olduqları bilik və bacarıqlar barədə daha çox ümumi məlumat verir.

Bütün imtahan verənlər üçün test sualları, verilən vaxt və qiymətləndirmə sistemi eyni olduğundan, standartlaşdırılmış testlər standartlaşdırılmamış testlərdən daha obyektiv hesab edilir. Testin standartlaşdırılması onun etibarlılığı və validliyi ilə yoxlanılır. Testin etibarlılığı tədqiqatın nəticələrinin nə dərəcədə həqiqətə yaxın olduğunu, validliyi isə tətbiq olunduğu məqsəd ilə uyğunluğunu yoxlayır. Kifayət qədər validliyə malik  olan test etibarlı hesab edilir. Bu cür testlər, bir qayda olaraq, bəzi şagirdlərin daha asan, digərlərinin isə daha çətin sualları cavablandırmalı olduqları sistemdən daha obyektiv hesab olunur. Standartlaşdırılmış testlər eyni şəraitdə və vaxtda müxtəlif qruplar arasında aparıldığından, alınan nəticələrin etibarlı şəkildə müqayisəsi təmin edilir və dəqiq statistik hesablama işləri həyata keçirilir.

Standartlaşdırılmış testlər şagirdlərin akademik nailiyyətlərini və bacarıqlarını müəyyən etmək üçün praktik üsuldur. Bu qiymətləndirmələr müxtəlif ölkələr tərəfindən müxtəlif məqsədlər üçün həyata keçirilir. Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən səviyyə müəyyənləşdirmə imtahanları standartlaşdırılmış testlərə aid edilə bilər. Bu testlər ölkənin bir çox şəhərlərindəki lisey və gimnaziyalarda həyata keçirilir və nəticələr statistik təhlil edilir.

Bu növ qiymətləndirmənin üstün cəhətlərinə nəzər salaq:

1. Sürətli prosesdir. Eyni anda minlərlə şagirdin bilik və bacarıqlarını yoxlamağa imkan verir.

2. Məktəbdəki bütün şagirdlər eyni testdən keçdiyi üçün (sinif səviyyəsinə görə) standartlaşdırılmış testlər dəqiq müqayisəni təmin edir. Eyni sinifdə oxuyan müxtəlif məktəblərdən, şəhərlərdən olan şagirdlər eyni imtahanda iştirak etdiklərinə görə bir çox statistik təhlil aparmağa imkan yaranır. Məktəb daxilində, hətta digər məktəblərlə imtahanların nəticələri müqayisə edilir. Bu cür testlər vasitəsilə şagirdlərimizi digər məktəblərdəki həmyaşıdları ilə müqayisə, zəif tərəflərini aşkar edə bilərik.

3. Bu testlər həm də yerli ərazidəki təhsilin ümumi vəziyyətinin digər şəhər və rayonlarla müqayisədə necə olduğunu göstərə bilər. Bir bölgənin təhsil səviyyəsinə görə ümumilikdə neçənci sırada olduğunu və təhsil ehtiyaclarını öyrənə bilərik.

4. Şagirdlərin təhsil standartına nə dərəcədə yiyələndiklərini, müəllimlərin təlim materiallarını necə mənimsətdiklərini, şəhərlərarası təhsilin səviyyəsini öyrənib ona uyğun addımlar atmağa kömək edir.

5. Orta statistik balı müəyyənləşdirməyə imkan verir. Beləliklə, siniflər üzrə orta statistik göstəricini və bir şagirdin o göstəricidən nə qədər aşağı, yaxud yuxarı nəticə göstərdiyini müəyyən edə bilərik.

6. Şagirdə müsbət təsir göstərir. Bir araşdırmaya görə, şagirdlərin 90% -dən çoxunun standart testlərin onların nailiyyətlərinə müsbət təsir göstərdiyi aşkar edilmişdir. Bu cür testlər vasitəsilə şagirdlər öz bacarıq səviyyələrini müəyyən edə və bunun əsasında çətinlik çəkdikləri bölmələr üzərində işləyə bilərlər. Mükəmməl bir nəticə əldə edilməsə belə, şagirdin harada çətinliklə üzləşdiyini bilməyə və bu çatışmazlıqlarını aradan qaldırmağa və inkişaf etməyə kömək edir.

7. Şagirdlərin irəliləyişlərini illər ərzində izləməyə imkan verir. Şagirdlər hər il eyni tipli testdən keçdikdə (sinif səviyyəsinə uyğun olaraq) hər hansı bir irəliləyiş, yaxud geriləmə olduğunu və ya təxminən eyni qaldığını görmək asandır. Məsələn, əgər şagird eyni tipli imtahanda altıncı sinifdə 53, yeddinci sinifdə isə 67 faiz göstərici nümayiş etdirirsə, deməli həmin şagirddə müsbət dəyişikliklər var.

8. Standartlaşdırılmış testlər müəllimlər üçün həm də bələdçi rolunu oynayır. Müəllimlərə şagirdlərə nəyi və nə vaxt öyrətmək lazım olduğunu müəyyən etmək üçün təlimat verir. Beləliklə, müəllimlər şagirdləri haqqında əks-əlaqə alır və təlim ehtiyaclarını öyrənmiş olurlar.

Şagirdin, məktəbin və ümumilikdə təhsilin uğurunu ölçməyə kömək etmək üçün şübhəsiz ki, standart testlərdən istifadə edilməlidir. Standartlaşdırılmış testlər ən etibarlı qiymətləndirmə üsuludur.

Elnarə MUSTAFAYEVA,

ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi

Xəbər lenti