Logo

Yaddaşlara köçən MÜƏLLİM ömrü

03.12.2021 11:12 132 baxış
IMG

O gün onu ananların arasında bütün sevənləri - dost-tanışı, həmkarları, şagirdləri, valideynləri var idi. “Valideynlər” sözündən yiyəlik hal şəkilçisini elə-belə ayırmadıq. Şagirdlərinin valideyinləri illərlə onun “valideynləri” oldu çünki. Sözdən ayırdığımız bu şəkilçi barəsində danışacağımız o müəllimin şagirdləri ilə arasındakı bağın, şagirdlərinin valideynləri ilə  münasibətlərinin nə qədər ayrılmaz olduğunun göstəricisidi. Asan deyil ki. Əlbir olub bir fidan böyüdürdülər.

Yeri gələndə nazını çəkir, yeri düşəndə tənbeh edir, uşaqların qarşısına sözü bir yerə qoyub, vahid fikirlə, dəyişməz qərarla çıxırdılar. Axı, hələ məktəbə yenicə ayaq açan körpə məktəblilər evdə bir, məktəbdə başqa söz eşidib, ayrı-ayrı qaydalarla qarşılaşsaydı, verilən tərbiyə bir nəticə verməzdi...

Bizim də sözümüz ONAdı, şagirdi üçün doğru yolun bələdçisi, məktəbi üçün peşəkar müəllim, gənc müəllimlər üçün nümunə olan bir müəllimə. Həm də koronavirus qurbanlarından biri olan o müəllimə - Bakı şəhəri Səbail rayon 236 nömrəli tam orta məktəbin 32 il ibtidai sinif müəllimi olmuş Gülpəri Əliyevaya.

Müəllimini hörmətlə ananlar...

Müəllimini ananlar arasında uğurlu şagirdlərindən ikisi Ülkər Piriyeva və Günel İbrahimli də var. İkısi dəi 2016-cı ildə 600-dən yuxarı balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Təhsilini uğurla tamamlayıb artıq iş həyatına başlayan Günel İbrahimli deyir ki, müəllimlərini onların unutması mümkün deyil: “Gülpəri müəllimin dərsləri çox maraqlı olurdu. Maraqlı oyunlar qururdu. Sinfimizdə özümüz səliqə yaradırdıq. Hər birimizə bir vəzifə verir, o işi çox əyləncəli şəkildə görməyimizi təmin edirdi. Həm oxumaq, həm də verdiyi hər hansı məsuliyyətli işi yerinə yetirmək üçün bizi çox peşəkar bir şəkildə stimullaşdırırdı. Görün neçə il keçib, ancaq onun rəsm dərslərini, bizi cəlb etdiyi oyunları, sinfimizi səliqəyə saldığımız o maraqlı anları hələ də xatırlayıram. Gülpəri müəllim çox mehriban idi. Hər birimizə eyni qayğıkeşliklə yaxınlaşırdı. Özünü hər kəsə sevdirmişdi. Təsadüfi deyil ki, hər kəs övladını məhz onun sinfinə yazdırırdı”.

22 il çiyin-çiyinə...

236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev üçün də yeni mühitə alışmaq, deyəsən, heç asan olmayacaq. 22 ildir bir yerdə işlədiyi, artıq bütün valideynlərdən adını eşitməyə alışdığı, gənc müəllimləri təcrübə toplamaları üçün dərsinə yolladığı Gülpəri müəllimin olmadığı mühitdə də yeri görünür: “Gülpəri müəllim virusa yoluxduğunu deyəndən sonrakı 2 gün içərisində onu itirdik. Mənim üçün onu itirmək çox çətindi. İlk dəfə onunla yaxın münasibət qurdum bu məktəbdə. 22 il əvvəl direktor təyin olunanda bu məktəbdən, sadəcə onu tanıyırdım. Direktor müavini olduğum əvvəlki məktəbdə Gülpəri müəllimin qızları təhsil alırdı. Mən də onunla bir valideyn kimi tanış idim. Elə o vaxtdan məktəbdə isti münasibətimiz yarandı. Nəinki yaxşı müəllim, həm də mehriban insan idi. Bir dəfə də olsun ondan şikayət eşitmədim. Əksinə, onun sinfi bitən kimi xahişə gələn valideynlərin ardı-arası kəsilmirdi. Hamı uşağını onun sinfinə yerləşdirməyimizi tələb edirdi. Məktəbimiz onun davamçısı olan gənclərdən ibarətdir. Hər gənc müəllimimiz ondan az da olsa, nəsə öyrənib. Ona görə də dünyasını dəyişdiyi gün bütün məktəb ağladı”.

Ananın yolu məktəb, elm-irfan yolu olanda...

Bəyaz, Lyudmila və Məxmər... Gülpəri müəllimlə, sadəcə ana-bala yox, həm də həmkardırlar. Anasının yolunu öz yolu bilən hər üç qızı müəllimliyi seçib, bu peşəyə yiyələnib. Gülpəri xanımın  həm də iş yoldaşı olan Məxmərlə Lyudmila indi anadan ötə yol yoldaşlarını itiriblər. Bəyaz anasıyla eyni məktəbdə işləməsə də, eyni evi paylaşıb, onunla birlikdə yaşayıb. Qızların xatirəsində qayğıkeş, sevgi dolu anadan çox “gördükləri  güclü insan” obrazı qalıb. Ona görə də indi onun barəsində “Gördüyümüz  güclü insan, gözüyumulu söykənə biləcəyimiz dayaq idi”, - deyirlər.

Sadəcə onlar üçün deyil, onlarla müəllim, yüzlərlə məktəbli üçün də, sən demə, güvən yeriymiş Gülpəri müəllim. Bunu görmək anaları ilə bağlı qızların ürəyini övlad olaraq, dağa döndərib: “Ona görə də bu gün anamızın yoxluğu bizimlə bərabər yüzlərlə insana pis təsir edib. Biz bunu anamın olmadığı son 40 gündə daha aydın gördük.Biz onsuz da anamızla fəxr edirdik. Ancaq bu 40 gündə onun düşündüyümüzdən, bildiyimizdən çox sevildiyini gördük və daha çox qürur duyduq anamızla. Ancaq bizim ona hələ çox ehtiyacımız vardı. Bəlkə də övladın anasına ehtiyacı heç vaxt bitmir. Çünki ötən bu 40 gündə hər gün onun yeri görünüb həyatımızda”.

Gülpəri nənə

Artıq nənəydi də Gülpəri müəllim. Özü də necə nənə! İndiyədək nəvələrinin birinin də xətrinə dəyməyib, onlara “qaşın üstdə qara var” deməyib. Nəvələri ondan ancaq sevgi, qayğı görüb. Onlardan biri üçün isə, sadəcə nənə deyil Gülpəri nənə. Qızı Bəyazın gözünün ağı-qarası olan oğlu Nihad üçün Gülpəri müəllimin kim olduğunu onun özündən dinlədik: “Nənəm mənim hər şeyimdi, o mənim atam idi, kişinin necə olmalı olduğunu öyrədən adamdı. Onsuz həyat çox  darıxdırıcıdır. Mənə həmişə deyirdi ki, ananın əziyyətini yerdə qoyma. İndi mən nənəmə üzümü tutub deyirəm ki, səsimi eşidirsənsə bil ki, kişi kimi böyütdüyün Nihad sənə kişi kimi söz verir. Dərslərimi oxuyub sənin kimi sayılıb-seçilən biri olacağam. Səndən mənə yadigar qalan anama da çox yaxşı baxacağam. Söz verirəm, nənəcan”.

Müəllim atanın müəllim qızı

Gülpəri Əliyeva Azərbaycan məktəbində keçdiyi dərsi ilə sevgi qazanan yüzlərlə müəllimdən biridi. Bakıdakı 236 nömrəli tam orta məktəbdə onun əlindən su içən onlarla müəllim olduğu kimi, onun kimi peşəkar müəllim olacaq kadrlar da getdikcə çoxalır. Ondan, onun kimi peşəkarlardan öyrəndikləri ilə sinfə girib böyük uğura imza atanların sayı ildən-ilə artır. Necə ki, o da öz sələflərindən öyrənmişdi. Sadəcə peşəkarlığı ilə deyil, ruhuyla, qanıyla, iliyinə kimi müəllim olana qədər o da neçə peşəkarın təcrübəsini paylaşıb, dərsini dinləyib, metodunu öyrənmişdi. Ancaq onun ən böyük müəllimi böyük maarifçi, təcrübəli müəllim, peşəkar təhsil işçisi olan atası idi. Cəfər Əhmədov dövrünün maarif işçilərinə verilən bütün fəxri adları almışdı. O həmin Cəfər Əhmədov idi ki, “Qırmızı Əmək bayrağı” ordeninə, “Lenin” ordeninə, “Qabaqcıl maarif xadimi, “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşdü. Xalqın “Kəlbəcər təhsilinin atası”, “Maarifin Koroğlusu” kimi adlar yaraşdırdığı, hələ də adını hörmətlə andığı Cəfər Əhmədovun qızı Gülpəri də elə atası kimi adlı-sanlı müəllim olubsa, burda təəccüblü nə var ki?

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti