Logo

“Araşdırmalarımın təhsilimizə töhfə verə biləcəyinə ümid edirəm”

03.12.2021 09:42 333 baxış
IMG

Əminət Diqanayeva: “Araşdırma aparmaq, pedaqoji işdə olmaq və öyrəndiklərimi tətbiq edə bilmək mənim üçün ən ideal karyeradır”

Son illərdə azərbaycanlı  gənclərin dünyanın müxtəlif ölkələrində yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanması ölkəmizdə insan kapitalının formalaşdırılması çağırışılarına cavab verməklə əmək bazarının müasir bilik və səriştələrə malik peşəkarlarla təmin olunmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Dünyanın müxtəlif ölkələri ilə həyata keçirilən “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) sürətli dəyişikliklər dövründə ölkəmizin  davamlı inkişafının başlıca   hərəkətverici qüvvəsi hesab olunan  insan kapitalının formalaşmasında mühüm  əhəmiyyət daşıyır.   Bu proqramdan yararlanan gənclərdən biri də “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorantura (PhD) təhsili alan Əminət Diqanayevadır. 

Tanıtım2000-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olub. İbtidai təhsilini həmin kənddə, orta təhsilini  IX sinfə qədər Qaravəli kənd orta məktəbində, X və XI sinifləri isə Zaqatalada Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə alıb. 2010-cu ildə həmin liseydə ilin ən yaxşı şagirdi seçilib. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin  “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr  təhsili alıb. Həmin müddətdə ingilis dilində akademik inşa müsabiqəsində birinci yerin qalibi olub. Debat yarışmasında 10 ən yaxşı “spikerdən” biri və  universitet üzrə şeir müsabiqəsində üçüncü yerin qalibi seçilib. 2020-ci ildə Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) “Təhsilin idarə edilməsi”  ixtisası üzrə magistr təhsili  alıb. Cari ildən həmin universitetdə doktorantura təhsilinə başlayıb. Paralel olaraq ingilis dili müəllimi kimi fəaliyyət göstərir və  “Aminat English youtube” kanalını idarə edir.

- Xaricdə təhsil artıq bir çox gənclər üçün əlçatan olub.  Sizin üçün HTP nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Proqram xaricdə təhsil almaq istəyən, lakin xəyallarını maddi çətinliklərə görə gerçəkləşdirə bilməyən gənclər üçün çox əhəmiyyətlidir. Bu proqramdan faydalana bildiyim üçün özümü şanslı hiss edirəm.

- Magistratura təhsilinizi uğurla başa vurmusunuz və bildiyimizə görə   univeresitet 3-cüsü olmusunuz? Bu barədə nə deyə bilərdiniz? 

- Magistratura təhsilimi keçən il fərqlənmə ilə bitimişəm və onu da qeyd edim ki, qrupumuzda fərqlənmə ilə bitirən yeganə tələbə oldum. Magistratura tezisim isə universitetdə keçirilən yarışmada ilin üçüncü ən yaxşı tezisi seçilib. Bundan, təbii ki, qürur duyuram.

- Təhsil aldığınız universitet  barədə məlumat verərdiniz. Doktorant olaraq hansı mövzu üzərində işləyirsiniz? Bu mövzu sizin üçün nə dərəcədə maraqlıdır?

- Eotvos Lorand Universiteti (ELTE)  Macarıstanın ən yüksək reytinqli universitetidir. Dərsləri tədris edən professorlardan çox razıyam. Üzərində işlədiyim mövzu “Azərbaycanda müəllimlərin rifahı ilə professional inkişafı arasında əlaqə”dir. Müəllimliklə bağlı təcrübəm olduğundan və həm də müəllimlərin inkişafının təhsilin inkişafının “onurğa sütunu” olduğunu düşündüyümdən bu mövzunu Azərbaycan reallığında araşdırmaq istəyirəm. Araşdırmamın nəticələrinin təhsilimizə töhfə verə biləcəyinə ümid edirəm və bunu düşünmək məni çox həyəcanlandırır.

- Hazırda universitetdə tədris prosesi necə təşkil olunub? Pandemiya dərslərinizə və tədqiqatlarınıza necə təsir edir?

- Hal-hazırda təhsil hibrid formada təşkil olunub - yəni, dərsə qatıla bilən hər kəs universitetə gəlir. Pandemiyaya görə universitetə gəlməkdə çətinlik çəkənlər isə dərslərə onlayn qoşulur. Doktoranturanın ilk ilində olduğumdan  əsasən tədqiqat metodlarını, yəni araşdırmanın nəzəriyyə hissəsini öyrənirik. Buna görə də pandemiyanın təhsilimə çox təsir etdiyini düşünmürəm.

- Sizcə, təhsil sisteminin uğurlu olması hansı amillərdən asılıdır? Uğurlu təhsil meneceri kimdir, sizcə?

- Bu, geniş cavab tələb edən sualdır. Lakin mənim üçün xüsusi vacib olanlarını burada qeyd edəcəyəm. Hər şeydən öncə, təhsildə bütün tərəflərin iştirakı vacibdir. Hər kəs dediyimizdə, təhsil iştirakçıları - şagirdlər, tələbələr, müəllimlər, valideynlər, direktorlar, təhsil idarəçiləri, alimlər, təhsil tədqiqatçıları və mütəxəssisləri, bir sözlə, təhsillə əlaqəli hər kəs nəzərdə tutulur. Fikrimcə, uğurlu təhsil meneceri, ilk növbədə, bunun təmin olunmasına çalışmalıdır.  Onların fikirlərinin öyrənilməsi və ölkədəki təhsil səviyyəsinin müəyyən edilməsi üçün isə ikinci vacib element olan keyfiyyətli və inkişaf etmiş araşdırma mərkəzlərinin yaradılması məqsədəmüvafiq sayıla bilər. Təhsilin idarəçiləri belə araşdırmalar sayəsində davamlı olaraq yerli şərait, tələblər, ehtiyaclar, münasibətlər və s. haqqında dolğun bilgiyə sahib olar və sistemlə bağlı yeni qərarlar verərkən daha effektiv qərarların alınmasına çalışar.

Təhsildə islahatlar təhsilin inkişafı üçün vacibdir, lakin daha da vacib olan həmin islahatların necə aparılmasıdır. Bəzən təhsilə yeniliklər gətirərkən dünya təcrübəsi olduğu kimi tətbiq olunur. Halbuki, bundan daha vacibi yerli ehtiyacları öyrənmək və yeni islahatları ona uyğun aparmaqdır - bir ölkədə uğurlu olan yenilik, başqa birində uğursuz ola bilir.

- Son dönəmdə bütün dünyada təhsil texnologiyalarının  geniş aktuallıq kəsb etməsinin şahidi oluruq. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, texnologiyalar həyatın ayrılmaz parçası olduğundan tədris prosesində də istifadə olunmalıdır. Müəllimlərin tədris texnologiyalarını bilmələri  və öyrənmələri və istifadə etmələri üçün şəraitin yardılması vacibdir. Texnologiyalar dərsin daha effektiv, öyrənənlərə daha maraqlı, əyləncəli və praktik keçmək üçün istifadə oluna bilər. Bundan əlavə, tədris mərkəzlərində internet resurslarından öyrənənlərə  (“öyrənən” sözünü vurğulayıram, çünki burda yalnız uşaq və gənclər deyil, yetkin, orta və yuxarı yaşlı insanlar da nəzərdə tutulur) düzgün şəkildə - özünü inkişaf, dərslə bağlı araşdırmaların aparılması, proyektlərin hazırlanması və s. üçün istifadə etmək öyrədilməlidir.

- Xaricdə təhsil almaq istəyən, əcnəbi universitetlərdə  elmi tədqiqatlara maraq göstərən gənclərə nə kimi tövsiyələrinizi verərdiniz?

- Getmək istədiyiniz ölkəni dəqiqləşdirin, əgər qəbul şərtlərində həmin ölkənin dil sertifikatına tələb varsa, dilini öyrənməyə başlayın. Qəbul vaxtına az qalmış imtahanlara hazırlaşmaq və paralel olaraq da dili öyrənməyə çalışmaq stresslidir.

Hansı sahəni öyrənmək istədiyinizə hər zaman əmin ola bilmirik. Mümkün qədər müxtəlif sahələri araşdırın, fərqli sahə mütəxəssisləri ilə görüşmək, sual vermək imkanınız varsa, bunu edin. Belə bir imkanınız yoxdursa, kitablardan, internetdən fərqli sahələr haqqında oxuyun və araşdırın. Sadəcə adını bildiyiniz bir sahəni oxumağa qərar verməyə tələsməyin.

Xaricdə oxumaq əlçatmaz deyil. Hara getmək və hansı sahə üzrə oxuyacağınızı dəqiqləşdirdikdən sonra, işə başlayın: qəbul üçün lazım olan sənədləri toplayın, imtahanlara hazırlaşın. Əməyinizin qarşılığını mütləq alacaqsınız.

- Gələcək plan və hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Gələcək planlarıma ölkəmizdə və dünyadakı təhsil sistemləri ilə bağlı daha çox araşdırmalar aparmaq, pedaqoq fəaliyyətimi davam etdirmək və eyni zamanda təhsil meneceri kimi fəaliyyət göstərmək daxildir. Bu üç sahə təhsillə bağlı bütün arzularımı özündə birləşdirir: araşdırma aparmaq, pedaqoji işdə olmaq, siniflərdəki vəziyyətdən xəbərdar olmaq və menecer kimi öyrəndiklərimi tətbiq edə bilmək mənim üçün ən ideal karyeradır.

Təhsilli cəmiyyətin daha sağlam, daha az stresli və maliyyə cəhətdən daha yaxşı standardlara sahib ola biləcəyinə inanıram -  bunu,  araşdırmalar da göstərir. Bu sahədə olmaqla həm vətənimə, həm də qlobal təhsilə fayda və insanların inkişafına töhfə verə bilmək məni motivasiya edir.

Oruc MUSTAFAYEV

Xəbər lenti