Logo

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər”

02.12.2021 18:57 445 baxış
IMG

Dekabrın 2-də Bərdə rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan seminarı giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Asif Abbasov bu qəbildən olan tədbirlərin cəmiyyətin, xüsusilə gənclərin dini maarifləndirilməsində əhəmiyyətinə diqqət çəkib.  

Seminarda çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova ölkəmizin nümunəvi multikultural mühiti və ona qarşı yönəlmiş təhdidlər barədə danışıb. Bildirib ki, dünyanın dini və məzhəb zəmnində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda ölkəmiz milli, dini həmrəyliyi, birliyi ilə fərqlənir. Multikulturalizm və tolerantlığın cəmiyyətimizin həyat tərzi olması onun yüksək mənəvi  inkişafının göstəricisidir. Bəşəri dəyərlərin, birgəyaşayış mədəniyyətinin, qarşılıqlı anlayışın bundan sonra da qorunub saxlanması və inkişafı üçün  təbliği və təşviqi çox vacibdir. Şöbə müdiri vurğulayıb ki, cəmiyyətdə multikultural ənənələrin zəifləməsi etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Dünyanın bəzi ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması bunu bir daha sübut edir. Məhz bu səbəbdən Azərbaycan xalqının sahib olduğu multikultural dəyərləri və tolerantlıq ənənələrini qorumalı və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva təqdimatla çıxış edərək, son zamanlar texnologiya və ünsiyyət vasitələrinin sürətli inkişafı ilə yeni, daha təsirli “sosial media dindarlığı” adlı bir dindarlıq növünün yarandığını bildirib. O qeyd edib ki, dini həssaslıqları olan və özlərini dindar olaraq təyin edən insanlar tərəfindən populyar mədəniyyət olaraq qəbul edilən sosial mediada dini düşüncələrdən istifadə edilməsi populist dindarlığa zəmin yaradır, bununla da istər-istəməz sosial mediada dindarlığı formalaşan fərdlərin,  xüsusilə gənc nəslin dini anlayışları da sosial media müzakirələrinə görə formalaşır. Şöbə müdiri onu da qeyd edib ki, sosial şəbəkələr ən geniş yayılmış təbliğat platforması olduğundan dini radikal qruplar bütün vasitələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmaq üçün ondan istifadə edirlər. Bütün bu təhdidlərlə mübarizə üsulları barədə danışan Y.Əliyeva məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməsinin, ümumilikdə isə  bütün yaş qruplarından olan vətəndaşlar ilə dini maarifləndirmə işinin genişləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.

Əsasən gənclərin iştirakı ilə baş tutan seminarda DQİDK-nın sifarişi ilə çəkilən və müzakirə edilən mövzuları əks etdirən “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media” adlı videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti