Logo

Türkiyə Ali Təhsil Şurasının sədri UFAZ-da olub

02.12.2021 12:37 358 baxış
IMG

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.

"Tehsil.biz"in xəbərinə görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov qonaqlara UFAZ haqda məlumat veriblər, Türkiyənin nümayəndə heyəti auditoriyalar və laboratoriyaları gəzib, tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Qonaqları universitetdə salamlayan rektor, professor M.Babanlı UFAZ layihəsi, UFAZ-da tədris prosesi, təhsil infrastrukturu, tələbə və müəllim mübadiləsi, eləcə də laboratoriyalar, universitetin maddi-texniki bazası haqqında ətraflı məlumat verib.

Türkiyənin Ali Təhsil Şurasının sədri E.Özvar səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və UFAZ –ı iki ölkənin ali təhsil sahəsində mühüm layihə kimi dəyərləndirərək, digər ölkələrlərin universitetləri ilə də bu təcrübədən bəhrələnməyin ali təhsildə faydalı ola biləcəyini deyib.

Görüşdə UFAZ-da tədris prosesi haqqında video təqdimat nümayiş olunub. UFAZ təcrübəsinin öyrənilməsi, gələcək layihələr və perspektivlər, həmçinin əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti