Logo

İnsult, onun tipləri, risk faktorları və əlamətləri

01.12.2021 18:26 173 baxış
IMG

Hər il dekabrın 1-də Beynəlxalq Nevroloqlar Günü qeyd olunur. Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Dilarə Xəlilova insultla əlaqədar ən çox verilən sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- İnsult nədir?

- İnsult - beyin qan dövranının kəskin pozulmasına deyilir. Hər il 16-17 milyon insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35 faiz, ümumi ölüm sayının isə 11 faizini təşkil edir.

Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur. Belə ki, insult keçirən xəstələrin 3 faiz kənar şəxslərin köməyinə möhtac qalır, 20 faizində hərəki funksiya bərpa olmur, yalnız 8-10 faiz insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir.

Bundan başqa, insult cavanlaşan xəstəliklər sırasındadır və insultların 10-15 faizi 18-50 yaş arası baş verir. 2019-cu ildə Azərbaycanda insultdan ölənlərin ümumi sayı 7605 nəfər olub. Onlardan 307 nəfərini 50 yaşadək olan xəstələr təşkil edib.

- İnsultun tipləri haqqında məlumat verməyinizi xahiş edirik…

- İnsultun iki tipi fərqləndirilir: işemik (80-85 faiz) və hemorragik (15-20 faiz). İşemik insult zamanı beyin damarlarında trombotik, embolik tutulma yaranır, həmin hövzədə qan təchizatı pozulur, nekroz yaranır və geriyədönməz nevroloji defisitə səbəb olur.

Hemorragik insult serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bu növ insultun əsas yaranma səbəbi beyin damarlarınin anevrizması, arteriovenoz transformasiyası və ya damar divarının ateroskleroz nəticəsində kövrəkliyi olur. Subaraxnoidal qansızma cavan insanlara xasdır. Qəflətən başlayır, başgicəllənmə, gözdə sayrışma, başda küy, kəskin baş ağrısı, ürəkbulanma, qusma, şüurun pozulması, psixomotor oyanma, meningial sindrom qeyd olunur. Epileptik tutmalar, tənəffüs, ürək-damar pozulmaları baş verə bilər.

- İnsultu yaradan risk faktorları hansılardır?

- Yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaretçəkmə, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət və s.)

- İnsultun əlamətləri hansılardır?

- İnsultun baş verdiyini nə qədər tez anlayaraq xəstəxanaya çatdırmasının xəstə üçün böyük əhəmiyyəti var. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir.

B (balans) – tarazlıq və yerişin pozulması,

E (eye) - görmə pozulması,

F ( face) – üzün və ya ağız bucağının əyilməsi,

A (arm) - xəstənin əlində və ayağında (yaxud yalnız əldə, yalnız ayaqda) qəflətən yaranan zəiflik və ya hərəkətsizlik,

S (speech) - nitqin aydınlığının pozulması və ya olmaması,

T (time) - dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək.

İşemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından birbaşa asılıdır.
Ümumi klinik əlamətləri bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və- və/ya hissiyyatın pozulması, görmə qabiliyyətinin zəifləməsi, nitq aydınlığının pozulması (dizartriya), hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma aktının pozulması; qıcolma tutmaları, yaddaşın, tanıma qabiliyyətinin və şüurun pozulması ola bilər.

Xəbər lenti