Logo

BANM-in kafedra müdiri: “Azərbaycanın intellektual əsgərlərinin əhatəsində olduğumu hiss edirəm”

01.12.2021 15:57 629 baxış
IMG

Samirə Musayeva Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müdiridir. 2013-cü ildən BANM ailəsinin üzvüdür. Samirə Musayeva Xəzər Universitetinin Neft-qaz mühəndisliyi  ixtisasının bakalavr səviyyəsi üzrə məzunudur. Daha sonra təhsilini magistratura səviyyəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında Almaniyanın Clausthal-Zellerfeld şəhərində Neft-qaz mühəndisliyi İnstitutunda davam etdirib. Müsahibimiz Ali Məktəbin 10 illik fəaliyyət yolunda 8 ilini burada addımlayan Neft-qaz mühəndisliyi kafedrasının müdiri Samirə Musayevadır.

- Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının sizin üçün hansı üstünlükləri oldu? 
- 2009-cu ildə mən Almaniya ilə yanaşı, iki xarici ölkə universitetinə də qəbul olunmuşdum. Təhsil Nazirliyinin bu proqramı haqqında məlumat aldım və müraciət etdim. Bir neçə görüş və müsahibədən sonra o dövrdə Təhsil nazirliyində çalışan Elmar müəllimlə tanış olduq. O, xarici ölkə universitetlərinə qəbul olunan tələbələr və valideynləri ilə görüşdü, hər birimizi təbrik etdi, uğurlar arzuladı, bizi ruhlandıraraq, motivasiya edərək yola saldı. Bu dövlət proqramı mənə böyük bir şans verdi. Dövlət təqaüdü ilə oxuyan hər bir insan vətənə yüksək bilik, bacarıq, yeniliklərlə dönməklə yanaşı, bunu tətbiq etmək məsuliyyəti, öhdəçiliyi daşıyır. Dövlət və Təhsil nazirliyi öz seçimində yanılmadı. Hazırda Dövlət Proqramı əsasında təhsil alan hər bir kəs yüksək vəzifələrdə çalışır və çox parlaq insanlardır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının üstünlüklərindən biri də odur ki, insanın biliyi, savadı, təhsili ilə yanaşı, dünyagörüşü də artır və biz vətənə mütəxəssis kimi döndük. 

- Bakı Ali Neft Məktəbində fəaliyyətə necə başladığınz?
- Almaniyada təhsilimi başa vurduqdan sonra Azərbaycana döndüm və neft mühəndisliyi üzrə bir çox  qlobal şirkətlərdə işlədim. Onlardan biri də bp idi. Həmin dövr BANM ilə Heriot-Vatt Universiteti əməkdaşlığa başlamışdı. Bp-də birlikdə çalışdığım insanlar təhsildə keyfiyyətə nəzarət mütəxəssisi kimi məni Elmar müəllimə məsləhət görüblər. Bir gün Elmar müəllim mənə zəng etdi və ona illər əvvəl bizi xaricə yola saldığını xatırlatdım. O şad oldu və məni BANM-ə işə dəvət etdi. BANM-də Keyfiyyətin təminatı şöbəsinin müdiri kimi fəaliyyətə başladım və 7 il bu vəzifədə çalışdım. 2019-ci ildən isə Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının müdir olaraq çalışıram. 

- Bu il BANM-in 10 illik yubileyidir və 8 ildir burada çalışırsınız. BANM-də işləmək həyatınıza, karyeranıza bir mütəxəsis kimi nə qatıb, burada nə qazanmısınız?
- Uzun müddət burada çalışmağımın yaxşı mənada səbəblərindən biri də rəhbər və kollektivdir. Elmar müəllimin ən çox bəyəndiyim xüsusiyyəti yaxşı yeniliyi, təklifi dəstəkləyən insan olmasıdır. BANM-in kollektivi isə sözün əsl mənasında brilliyantdır. İşə sevinərək gəlib, evə sevinərək gedirəm. Burada dürüstlük, şəffaflıq, məsuliyyət, təcrübə, yüzlərlə tələbə, onların dostluğunu və mehriban kollektiv qazanmışam. Azərbaycanda yüksək təhsil verən Ali Məktəbin şahidiyəm. Övladlarım üçün Azərbaycanda universitet seçsəm, bu, düşünmədən BANM olar. Tələbələrimiz artıq şirkətlərdə, müəssisələrdə bizim təmsilçilərimizdir. İstər ölkəmizdə, istər xaricdə hər hansı yaxşı bir mövqedə tələbələrimizi görəndə qürur hissi keçiririk və onları doğmamız bilirik. 

- BANM cənab Prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” strategiyasının bariz nümunəsidir. Bu prosesin 8 illik şahidi kimi təəssüratlarınızı bilmək istərdik. 
-  2011-ci ilə qədər biz neft-qaz mühəndisliyi sahəsində mütəxəssis, müəllim-mühəndislər baxımından boşluqlar yaşayırdıq. BANM sayəsində bu boşluqlar aradan qaldırıldı. Hazırda rəhbərlik etdiyim kafedrada mühəndislərin doktorant  olmaq istəyini görürəm. Əvvəllər bu tələbat yox idi. Çünki mühəndislər əsasən sahələrdə, şirkətlərdə çalışdıqlarını və doktorant, müəllim olmağa ehtiyac görmədiklərini bildirirdilər. Artıq 3-cü kurs tələbələri müəllim kimi BANM-də işləmək üçün kafedralara müraciət edirlər. Bu, sevindirici haldır. BANM ingilisdilli mühəndislər yetişdirən yeganə ali təhsil müəssisəsidir. Öz məzunlarına çox böyük etmiad göstərir və məzunlarımız da o etimadı doğruldurlar. BANM-in qarşıdakı 10 illiyi bundan da parlaq olacaq. Çünki artıq məzunlarımız yüksək səviyyəli professorlar olacaqlar. Xarici dil bilikləri onların üstünlükləridir, dünyaya qapıların açılmasıdır. Mütəxəssis nə qədər güclü olur-olsun, dil bilikləri olmasa,  çox irəli gedə bilmir, xarici ölkələrdə məqalələri dərc edilmir, layihələrdə iştirak edə bilmir. Eyni zamanda, mühəndislər üçün xaricdə təhsil almaq, xarici şirkətlərdə çalışmaq, qlobal layihələrdə iştirak etmək baxımından xarici dil bilmək bir üstünlükdür. 

- BANM yarandığı gündən yüksək bal toplayan tələbələr burada təhsil alırlar.  Bu il isə 102 Prezident Təqaüdçüsündən 33-ü BANM-də təhsil almaqla, Azərbaycan təhsil tarixində bir rekorda imza atıb. Azərbaycanın intellektual əsgərlərinin əhatəsində müəllim olmaq necə bir hissdir?
- Hər an Azərbaycanın intellektual əsgərlərinin əhatəsində olduğumu hiss edirəm. Bu, mənə bir müəlim, bir kafedra müdiri kimi məsuliyyət hissi verir. Bizim tələbələrə yön göstərmək kifayətdir ki, onlar böyük işlər görsünlər. Hazırda Azərbaycana yenilik gətirəcək bir neçə layihə üzərində işləyirik. Həyata keçdikdən sonra ətraflı məlumat verəcəyik. Son nailiyyətlərimizdən birini misal çəkə bilərəm. Tələbəmiz Əsəd Səfərovla bir layihə işlədik, həmin layihənin məqaləsi Fransanın məşhur dərgisində nəşr edilib və keçirilən konfransada qalib gəlib. Tələbələrimizə sadəcə düzgün istiqamət vermək kifayətdir ki, onlar dünya qapılarını açsınlar. Belə tələbələrimiz çoxdur. Əsəd Səfərov hazırda qlobal şirkətlərindən birində işlə bağlı müsahibədən keçib və cavab gözləyir.

Xəbər lenti