Logo

Bu gündən UNEC İqtisadi Forumu işə başlayır

01.12.2021 13:08 117 baxış
IMG

Dekabrın 1-dən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə UNEC İqtisadi Forumu-2021 öz işinə başlayır. Forum Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilib.

UNEC-dən bildirilib ki, forumda 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə, forum müddətində tədbir iştirakçıları üçün üç xüsusi görüş keçirilməsi nəzərdə tutulur.

Forumun ilk günündə Nobel mükafatı laureatı Əziz Sancarın alimlərlə görüşü keçiriləcək.

Əziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.

Forumun birinci panelində “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusunda çıxışlar olacaq.

İkinci xüsusi görüş Polşanın maliyyə naziri postunda çalışmış, bu ölkənin iqtisadiyyatının memarlarından sayılan iqtisadçı professor Qrzeqorz V.Kolodko ilə olacaq.

Professor Kolodko sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaq. O, universitet müəllimi, tədqiqatçı, yeni praqmatizmin orijinal paradiqmatik və heterodoks iqtisadiyyat nəzəriyyəsinin, çoxsaylı akademik kitabların və elmi məqalələrin müəllifidir.

Forum çərçivəsində “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Postpandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: yeni çağırışlar, yeni imkanlar”, “Postpandemiya dövründə biznes transformasiyası”, “Qarabağa Böyük Qayıdış: dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” üzrə müzakirələr aparılacaq.

Qonaqların dekabrın 4-də Qarabağa səfər etməsi də forumun proqramına daxil edilib.

Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda, təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcək.

Xəbər lenti