Logo

ECAR layihəsinin tərəfdaşları Fransa təcrübəsi ilə tanış olublar

01.12.2021 10:42 143 baxış
IMG

Azərbaycan Universitetinin tərəfdaş olduğu və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) Erasmus+ layihəsi tərəfdaşlarının nümayəndələrindən ibarət heyətin Fransa səfəri başa çatıb. Avropa Komissiyasının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilmiş səfərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, layihənin koordinatoru və tərəfdaş universitetlərin prorektor və rəhbərlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti iştirak edib. Səfərdə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

İşgüzar görüşlər və təlimlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib.  CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel nümayəndə heyətinə Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə məlumat verib. Bildirilib ki, 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU ölkənin təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidentliyi funksiyasını Fransa Təhsil Naziri yerinə yetirib. 2007-ci ildə ali təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və CPU müstəqil quruma çevrilib. CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya  daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir. 

Qurumun Avropa Birliyindəki təmsilçisi Carle-Bonafous Murat Avropa-Fransa təhsil münasibətləri haqqında danışıb, konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını bildirib. Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) proqram meneceri Marion Poutrel CPU-nun Nizamnaməsi və hüquqi statusu barədə çıxış edərək əsas prinsipləri izah edib. CPU Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, Toulouse Jean Jaures Universitetinin rektoru Emmanuelle Garnier CPU-nun təşkilati strukturu, plenar iclas, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyalar, müvəqqəti işçi qrupları haqqında məlumat verib. Məruzəçi qeyd edib ki, CPU-da görüşləri təşkil edən, CPU-nun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət görtərir.

Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə  Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri haqqında iştirakçılarla müzakirələr aparıb.

İşgüzar görüşlərdə CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və bu kimi məsələlər də nəzərdən keçirilib.

Tədbirin son günündə isə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon universitetinə səfər təşkil edilib.  

Nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarını ziyarət edib, Azərbaycan-Fransa Mədəniyyət evində təşkil edilən özəl tədbirdə iştirak edib.  

Xəbər lenti