Logo

ADU-da beynəlxalq fransız dili müəllimlərinin peşə günü qeyd olunub

30.11.2021 15:39 144 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili və mədəniyyəti mərkəzinin, Frankofoniya mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq fransız dili müəllimlərinin peşə gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fransız dili və mədəniyyəti mərkəzinin müdiri filologiya elmləri doktoru, professor Əsgər Zeynalov müəllim əməyini yüksək qiymətləndirərək deyib: “Mövqeyindən asılı olmayaraq, təhsil sahəsindəki uğurlar üçün orta və ali məktəbdə dərs deyən müəllimlərə borcluyuq”. O, ADU-nun Fransa, Belçika, İsveçrə və İtaliyanın ali təhsil müəssisələri ilə əlaqələrindən danışıb: “Biz dəfələrlə Fransaya, Belçikaya, İsveçrəyə, İtaliyaya səfərlər etmişik, fransız dili bizim ən böyük ünsiyyət vasitəçimiz, bələdçimiz olub. Buna görə də biz sizə təşəkkürümüzü bildiririk”.

Tədbirin təşkilində rolu olan Frankofoniya mərkəzinin mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Şahismayıl Süleymanov iştirakçılara beynəlxalq fransız dili müəllimlərinin peşə gününün yaranma tarixi ilə bağlı məlumat verib. Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycan Fransız İnstitutun icraçı direktoru Jonathan (Hakan) Ünlü və mədəniyyət işləri üzrə koordinator Elizabet Jüste tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə belə tədbirlərin keçirilməsinin iki ölkənin universitetləri arasında əlaqələri daha da genişləndirəcəyini qeyd ediblər.

Tərcümə fakültəsinin Roman dillər kafedrasının müdiri Aynur Quliyeva, müəllimlərdən Vəfa Seyidova, Xədicə Əyyubova, habelə Fransız dili və mədəniyyəti mərkəzinin mütəxəssisi Cəmilə Xaspoladova tədbirlə bağlı fikirlərini söyləyiblər.

Universitetin tələbələri “Müəllim” və “Salam, fransız dili müəllimimiz” şeirlərini söyləyiblər. Nailə İsmayılova, Alik Allahverdiyev və Samirə Babayeva video vasitəsilə vaxtilə onlara dərs deyən fransız dili müəllimləri haqqında fikirlərini bildiriblər. Tələbələr, həmçinin “Pandemiyadan sonra ilk dərs” adlı səhnəcik göstəriblər.

Fransız dilində təşkil olunan tədbir “Əlvida, əziz müəllimimiz, biz sizi heç vaxt unutmayacağıq” adlı məşhur mahnı ilə yekunlaşıb.

Xəbər lenti