Logo

Ölümün acığına...

29.11.2021 14:39 162 baxış
IMG

Şəhid Vüsal Kamran oğlu Kazımovun əziz xatirəsinə

Jurnalistlik fəaliyyətimlə bağlı çox şəhid ailələrində olmuş, yazılar, videomateriallar hazırlamışam. Onların arasında Əfqanıstan müharibəsinin günahsız qurbanları da var, Birinci və İkinci Qarabağ müharibəsində doğma vətən  torpağı uğrunda şəhid olanlar da. Bu ailələrin hamısının ağrısı demək olar ki, birdir-ata-oğul-həyat yoldaşı-qardaş-bir sözlə- doğma insan itkisi. Amma hər şəhidin şəhadətə gedən yolu fərqlidir, özünəməxsusdur.Bu günə qədər ailəsində olduğum, yaxından , uzaqdan tanıdığım, haqqında yazdığım 3 şəhid eloğlumuzu   heç cür unuda bilmirəm. Onlardan birincisi Mübariz İbrahimov, ikincisi Pəncəli Teymurov, üçüncüsü Vüsal Kazımovdur. Bu şəhidlərin hər üçü xarakter, amal, əqidəcə bir-birini tamamlayan igidlərdir. Hər üçü ölümün gözünə dik baxaraq şəhadət yolunu həyat amalı seçdiklərinə, ölümə könüllü getdiklərinə görə.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşmənlərin üzərinə təkbaşına gedərkən  geri dönməyəcəyini bilirdi, valideynlərinə ünvanladığı  məktubunda  “Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim” yazmağı da təsadüf deyildi.  Pəncəli Teymurovun  da ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi.  Və o, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram . Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin” demişdi. Bu gün şəhadətinin birinci ildönümü  tamam olan Vüsal  Kazımov da İkinci Qarabağ savaşına könüllü yollanmışdı. Atasına “mən getməsəm, o getməsə, hərə bir bəhanə ilə daldalansa, kim bu vətəni qoruyar?” demişdi və Kamran müəllimin sözü ilə desək, “sanki döyüşə, cəhbəyə yox, toya, çal-çağıra  gedirmiş kimi evindən, doğmalarından şad-xürrəm ayrılmışdı!  Evdə iki körpə qız uşağı da Vətənə olan məhhəbbətinə sədd ola bilməmişdi Vüsalın. Düşmənə olan intiqam hissi ilə, qələbə əzmi ilə müharibəyə yollanmışdı Vüsal Kazımov.
Ölümün üstünə gülə-gülə getmək hər oğulun işi deyil amma...İlk baxışdan mülayim, xarici görünüşcə də zəif görünən bu oğlanda ruhu mətinlik kökdən gəlirdi.  İkinci Dünya müharibəsinin qəhrəman döyüşçülərindən olan  ata babası Şahverən kişinin döyüş yolu barədə tez-tez paylaşımlar etməsi göstərir ki, qəhrəmanlıq Vüsalın qanında, canında imiş, məqamını gözləyirmiş. Ümumiyyətlə, onun sosial şəbəkələrdəki bütün paylaşımları demək olar ki, vətənpərvərlik və qəhrəmanlıq ruhundadır. Aprel döyüşlərinin qəhrəmanları haqqında  yazdıqlarını bu gün Vüsalın özünə də  aid etmək olar. 
Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edən Vüsal Kazımov ailəsi ilə  sonuncu dəfə 26 oktyabrda  əlaqə saxlamışdı. Ondan sonra ta noyabrın 29-na kimi ondan bir xəbər çıxmadı. 29 noyabrda isə Şuşa ətrafı döyüşlərdə qəhrəmanlıqla şəhid olması xəbəri gəldi, vətən bayrağına bükülü tabutu ilə birgə! Həmin gün igid şəhidin matəmini göylər də saxladı.  Göz açmağa imkan verməyən  o leysan yağışda  belə Vüsalın dəfninə bütün Lənkəran yığışdı, yaxın-uzaq rayonlardan tanıyan bilən, eşidən özünə mənəvi borc bildi dəfnə qatılmaqla  ona son vida borcunu verməyi...
Bir ildir ki, Zəfər şəhidi  Vüsal Kazımov  aramızda yoxdur. Bu boşluğu hamı, ilk növbədəsə,  doğmaları hiss edir. Yadımdadır, oğlundan xəbər çıxmayan günlərdə Kamran müəllim işdə qalır, evə getmək istəmirdi. Vüsalın qızı, atasına çox bağlı olan 6 yaşlı Nurayın “baba, indi get növbədə sən qal, qoy atam gəlsin evə” sözlərinin müqabilində deməyə söz tapa bilmədiyindən nəvəsindən  gizlənirdi...
Deyirlər, torpağın üzü soyuqdur, hər yanğını soyudur. Balaca Nuray bu il 1-ci sinfə atasız yollandı, Aynur dil açıb “ata” deyəndə  atası yanında olmadı...Amma bir həqiqət var ki, Vüsalı heç kim unutmadı-nə məzunu olduğu Lənkəran Dövlət Universitetinin kollektivi, nə  direktoru olduğu Lənkəran şəhər gənclər və idman idarəsi, nə də doğmaları, tanıdıqları...Şəhadətindən bu günə qədər hər gün  sosial şəbəkələrdə, informasiya portallarında haqqında paylaşımlar edildi, xatirəsinə kitablar yazıldı, xatirəsinə şeirlər ithaf olundu.
Bu gün böyük fəxarət hissi ilə qeyd edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda" ,"Xocavəndin azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə"  və  "İgidliyə görə" medalları ilə təltif edilib.
Bu gəlimli-gedimli dünyadan gec-tez  hamı gedəridir.  Ölüm  haqqdır. Amma ölümdən güclüləri də var-  şəhidlik məqamına yüksələnlər!  Ölümü ölümsüzlüyü ilə öldürən qəhrəman, şəhadətinin bir ili mübarək!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri

Xəbər lenti