Logo

Uşaqlarda məktəb qorxusu

29.11.2021 13:58 124 baxış
IMG

Giriş:

Məktəbə başlayan bəzi uşaqlarda müxtəlif səbəblərdən dolayı bəzi davranış pozuntuları və nevrotik reaksiyalar görülə bilər. Uşaq məktəbdə müəllim və digər uşaqlardan, dərslərdən, bir sözlə məktəblə əlaqəli hər şeydən qorxduğunu deyərək məktəbə getmək istəməz. Məktəbə getdiyi zaman qorxu və təşvişdə görülən şiddətli ürək döyüntüsü, tez-tez nəfəs alma, titrəmə, qarın, baş ağrısı və ürək bulanma yaşayar. Uşağın keçirdiyi bu qorxuya “məktəb qorxusu” adı verilir.

Məktəb qorxusu ilk dəfə 1913-cü ildə Karl Qustav Yung tərəfindən “Nevrotik rədd etmə” olaraq adlandırılmışdır. Ancaq Broadwin bu mövzunu qorxu və qayğıdan qaynaqlanan məktəb davamsızlığı olaraq qələmə alan ilk yazar olmuşdur. Sonra 1941-ci ildə Johnson və dostları “Məktəb fobiası” terminini istifadə etmişdir. Daha sonra İngiltərədə “Məktəbi rədd etmə” termini işlədilməyə başlamışdır.

Məktəb qorxusu emosional pozuntuların ilkin əlaməti olaraq dəyərləndirilə bilər. Bu mövzudakı araşdırmalara baxıldıqda qayğı pozuntusu yaşayan uşaqların əksəriyyətində məktəb qorxusunun da olduğu görülür. DSM4 kitabına daxil olmağına baxmayaraq bir çox psixopatologiyanın ilkin göstəricisi olduğu üçün çox önəmli bir mövzudur. Məktəb qorxusu ilk olaraq Melanie Klein və Anna Freud tərəfindən psixoterapiya ilə müalicə edilmişdir.

Səbəbləri:

Məktəb qorxusunun ən önəmli səbəbi ana ilə uşaq arasındakı bağlanmanın sağlam şəkildə olmamasıdır. Bu bağlanmanın nə qədər sağlam olduğu uşaqla ana arasında ilk ciddi ayrılıq sayılan məktəbə başlama zamanı görülür.

Uşağın anaya bağlanmasının ən önəmli səbəbi ehtiyaclarının qarşılanmasıdır. Ananın bu ehtiyacları qarşılaya bilmə dərəcəsinin uşağın gələcəkdə bir şəxsiyyət kimi sərgiləyəcəyi davranışlara çox böyük təsiri var. Sigmund Freuda görə psixoseksual dönəmlərdən ilki olan oral dövrdə (0-3 yaş) uşağın süd əmmə və digər təməl ehtiyaclarının ana tərəfindən  həddindən artıq az, ya da çox qarşılanması yemə pozuntuları, siqaret, alkoqol və digər zərərli maddə alüdəçiliyinə səbəb ola bilər.

Uşaq təkcə təməl ehtiyaclarına görə anaya bağlanmır. Anaya bağlanmanın bir digər səbəbi də uşaq qorxduğu zaman ananın onun qorxusunu azalda bilməsidir. Uşağın ilk illərdə obyektlərə, hadisələrə verəcəyi reaksiyalarda ananın davranışları çox önəmlidir. Piaget, 2-7 yaş aralığında uşaqların ətrafda baş verən hadisələrə verəcəkləri reaksiyaların formalaşdığını irəli sürür. Qorxu, qaçma, ehtiyat davranışları da elə bu dövrdə öyrənilir. Ən çox görülən qorxu isə ayrılma qorxusudur. Bunun səbəbi isə əslində uşaq yox, ana ola bilər. Ana uşağın özündən ayrılıb məktəbə başlamasını istəməz. Bunu dolayı yollarla uşağa hiss etdirər və öyrədər. Tez-tez uşağa o, məktəbdə olduğu müddətdə onu gözləyəcəyini, onun üçün çox darıxacağını, əslində birlikdə necə gözəl vaxt keçirdiklərini dediyi zaman və buna davam etdiyi müddətdə uşaq məktəbə getməyi, anasını tək qoyaraq ona xəyanət edirmiş kimi görər və məktəbə getmək istəməz. Bu zaman uşaqda ayrılma qayğısı yarana bilər. Bu qayğının uzunmüddətli halına isə məktəb qorxusu deyə bilərik. Məktəb qorxusu məktəbin ilk günü yox, hər hansı bir zaman dilimində də ortaya çıxa bilər. Daha çox 5-7 və 12-14 yaş aralıqlarında görülür.

Bu pozuntu əslində ailə nevrozudur. Ailənin üzvləri birbirindən asılı və bir-birinə çox bağlıdırsa və çox vaxtı biri o birinin başına pis bir şey gələcəyindən qorxursa məktəb qorxusunun yaranma ehtimalı daha çoxdur.

 Ananın, ya da evdə ən yaxınlarından birinin xəstələnməsi, evdən uzaq qalması, bacı və ya qardaşın doğumu zamanı ananın qayğısının və diqqətinin bölünməsi, valideynlərin boşanması, valideynlər arası davalar məktəb qorxusunun digər səbəbləri ola bilər.

 Məktəb qorxusu yaşayan uşaqların xüsusiyyətləri:

Adətən bu uşaqlar ağıllı, sözə qulaq asan, həddindən artıq ailəyə bağlı olan, hər davranışında ailəsi tərəfindən təsdiqlənməyi gözləyən uşaqlar olurlar. Yəni belə uşaqların həyatında yaranan hər hansı narahatedici vəziyyət onların gözündə kriz olaraq görülə bilər və bu da məktəb qorxusuna səbəb ola bilər.

Əlamətləri:

  • Baş və qarın ağrısı
  • Ürəkbulanma və qusma hissi
  • Titrəmə
  • Aqressiya
  • Səbəbsiz ağlamalar
  • Məktəb məsuliyyətindən qaçmaq
  • Yuxu pozuntusu
  • İştahsızlıq

 

Məktəb qorxusu ilə birlikdə obsessif kompulsif pozuntu, depressiya , diqqət əksikliyi, hiperaktivlik, qayğı pozuntuları görülə bilər.

Valideynlərə və müəllimlərə məsləhətlər:

  • Uşağı məktəbə göndərən zaman nə qədər israrcı və inadkar olsa da bu mövzuda qərarlı və tutarlı davranmaq lazımdır. Ən kiçik tərəddüd belə qorxunu yarada bilər.
  • Məktəbə getmə zamanı gəldiyində valideynlər öz qayğılarını idarə etməlidirlər. Ana, ata məktəbdə uşağın narahat olacağına dair qayğı yaşayarsa bu, uşağın duyğu, düşüncə və davranışlarına təsir edə bilər. Ona görə adi bir günmüş kimi davranmaq daha yaxşı olar. Qorxunu yada salacaq, ya da qorxu yaradacaq davranışlardan uzaq durmaq lazımdır.
  • Uşaqla qorxusunun nə olduğunu və bunun səbəblərini danışmaq uşaqda onun önəmli olduğu düşüncəsini yaradır. Ancaq bunu tez- tez etmək olmaz. Bu, uşağın gözündə qorxunun önəmini artıra bilər.
  • Uşağın ailədən kənar insanlarla yaxın münasibətinin olması da önəmlidir. Buna görə də uşağın öz yaşıdları ilə münasibət qura bilməsi üçün şərait yaradılmalıdır.
  • Məktəbə getmək istəmədiyi üçün uşaq günahlandırılmamalıdır. Başqa uşaqların da belə qorxusunun olduğu və onların bunun öhdəsindən gələ bildikləri bildirilməlidir.
  • Uşaqda yaranan davranış dəyişikliyini ayırd etməyə çalışmaq lazımdır. Bu dəyişikliyin səbəbi  qorxunun səbəbini tapmaqda kömək ola bilər. Məsələn, əvvəllər heç altını islatmayan Aydın artıq altını islatmağa başlayıb. Anası  bunun səbəbini araşdırıb bunun məktəbdəki tualetlə bağlı olduğunu öyrənir. Daha sonra isə  Aydının sinif yoldaşlarının məktəbdəki tualet haqqında qorxunc şeylər danışmış olduğunu bilir və Aydının bu qorxudan dolayı məktəbə getmək istəmədiyi qənaətinə gəlir.
  • Evdəki problemləri həll etmək çox önəmlidir. Uşaq ilk öncə sakit, güvənverici bir evə ehtiyac duyar.
  • Uşaq məktəbə asılı olduğu valideynlə getməməlidir.
  • Məktəbdə müəllim ilə birlikdə çalışmaq daha tez nəticə əldə etməyi asanlaşdırar. Müəllim və uşaq arasındakı münasibət çox önəmlidir. Bu münasibətin keyfiyyəti uşağın məktəbə, sinif yoldaşlarına, dərsləri qavramağına, uğuruna və inkişafına təsir edir. Müəllimin rəftarı uşağın məktəbi sevməsi, özünü güvəndə hiss etməsi yönündə olarsa problem daha tez həll oluna bilər.
  • Müəllim məktəb qorxusunun qaynağının birbaşa məktəb olmadığını anlamalı, ailə və digər mütəxəssislərlə birlikdə çalışmalıdır.

Cəmilə Həsənova,

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin əməkdaşı

Xəbər lenti