Logo

Bakı Dövlət Universiteti: milli qürur mənbəyimiz

25.11.2021 15:53 81 baxış
IMG

"Universitet" sözü latın dilindəki "universitas" - çox sahələrin birləşdiyi yer anlamında olub fundamental və tətbiqi elmlər, humanitar sahələr üçün mütəxəssislər hazırlayan ali təhsil ocağıdır. Nəzəri baxışlara görə, universitet tarixən elmi tədqiqatlarla məşğul olan müəssisə kimi yaranıb. Hələ XII-XIII əsrlərdə İtaliya, İspaniya, Fransa, İngiltərə kimi ölkələrdə meydana çıxan universitetlər getdikcə elm və təhsilin birgəliyini təmin etmişlər. Artıq yüz ilini ötmüş Bakı Dövlət Universiteti dünya ölkələrinin universitetlər sistemində öz yerini getdikcə daha güclü şəkildə təsdiq etməkdədir. Bəs bir dövlət olaraq, bir xalq olaraq Bakı Dövlət Universiteti bizim üçün hansı məzmunu daşıyır?

Aydındır ki, hər bir ölkənin, hər bir dövlətin milli qürur mənbəyi sayılan atributları olur. Bu atributlar tarixin gedişi zamanı millətin, dövlətin özü tərəfindən yaradılır və bəzən həmin ölkənin tarixi keçmişinin, bu gününün və hətta gələcəyinin müəyyənləşməsində əsas rol oynayır.

Azərbaycan xalqının belə qürur mənbələrindən biri sayılan, onun tarixi keçmişində, bu günündə və sabahında çox böyük rol oynayan milli atributları sırasında Bakı Dövlət Universiteti mühüm yer tutur. Azərbaycanın Ümummilli lideri, yeni Azərbaycanın böyük arxitektoru Heydər Əliyev deyirdi: "Azərbaycan elminin tarixi böyükdür. Əsrlərdən əsrlərə Azərbaycanın elm adamları ixtiralar edib, dünya elminə böyük töhfələr veriblər və Azərbaycanın bilik, elm səviyyəsini qaldırıblar. XX əsrin əvvəlindən Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk Universitet yaranıbdır. Bu Universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur". Dünyanın bir çox möhtəşəm universitetlərində diplomatik görüşlərdə olmuş, beynəlxalq aləmin təhsil, elm tarixinə həm də bir tarixçi kimi yaxından bələd olan H.Əliyev bunu da qürurla deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir". Və qürur hissi ilə əlavə edirdi: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam". "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" - Ulu öndərimizin hər kəsin ürəyinə hakim olan bu sözləri Universitetimizin foyesində buranın əməkdaşlarından tutmuş hər gün gəlib-gedən qonaqlarınadək hamının diqqətini çəkməkdədir. Və bu sözlərin əsas mahiyyəti ondadır ki: birincisi, Bakı Dövlət Universiteti xalqın dəyişməz statusa malik milli sərvətidir; ikincisi, bu ocaq  dövlətə və dövlətçiliyə xidməti ilə, sözün müstəqim mənasında milli sərvət səviyyəsinə yüksəlmişdir.

Ümummilli liderimizin "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" sözləri bu gün təkcə Universitet əməkdaşlarının və tələbələrinin dilində deyil, Vətən sevgisi ilə yaşayan hər kəsin dilində müqəddəs bir aforizmə çevrilmişdir.

Bütöv bir xalqın qürur mənbəyi olan Bakı Dövlət Universitetinə ümumxalq sevgisi hər kəsin uşaqlıq illərindən, orta məktəb partasından formalaşır. Orta məktəb şagirdi ən azı 7-8-ci siniflərdən özünün gələcək təhsil seçimini edir və bu seçimdə Bakı Dövlət Universiteti ön sırada dayanır. Bizdə belə bir inam var ki, ali məktəb seçimində övladının Bakı Dövlət Universitetinə sevgisini hər bir valideyn həm də öz sevgisi kimi qəbul edir. Dəqiqliyinə inandığımız bu fikir Bakı Dövlət Universitetinə ümumxalq patrotizmi kimi müqəddəs bir anlayışın da formalaşmasına səbəb olur.

"Patriotizm" anlayışı da yunancanın "patris" sözündən olub Vətən mənasını ifadə edir. Mükəmməl lüğətlər, ensiklopediyalar patriotizmi birbaşa Vətənə sevgi anlayışı kimi qəbul edir, ancaq həm də insanın qürur duyduğu hər hansı bir varlığa sevgisinin də patriotluq olduğunu qeyd edirlər. Əgər biz bu məqamda Azərbaycan ali təhsil ocağının ilki, ölkəmizə yüzlərlə, minlərlə ləyaqətli kadr bəxş etmiş bu Universitetə ümumxalq sevgisini ümumxalq patriotizmi anlayışı ilə eyniləşdirsək, qətiyyən səhv etmərik.

Universitetimizə belə bir ümumxalq patriotizmini meydana çıxaran güclü faktorlar, ziyalılar olmuş və olmaqdadır. Bu gün Bakı Dövlət Universitetində kadr hazırlayan on altı fakültənin hər birində tarixən dünya miqyasında tanınan alimlərimiz olmuş və onlar bu gün də var. Universitetimizdə tarixən yetişmiş və adlarını bir məqaləyə sığışdıra bilməyəcəyimiz onlarca, yüzlərcə elm, təhsil fədailərinin yaratdıqları elmi məktəb bu gün də öz davamçılarını yetişdirməkdədir.

Qürur hissilə "Universitet patriotları" adlandıra biləcəyimiz  həmin alimlər həm də Universitetimizə milli patriotluğun yaranmasına misilsiz xidmət etmiş və etməkdədir.

Bakı Dövlət Universitetinin bütün görkəmli məzunları birbaşa bu təhsil ocağının havadarları rolunu oynamışlar. Bu sırada Heydər Əliyevin adını ayrıca qeyd etmək lazım gəlir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev özünün "Heydər Əliyev - tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət" sərlövhəli məqaləsində yazır: "Böyük tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük qiymət vermiş,  Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. "Təhsil millətin gələcəyidir" deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu öndərin Universitetdə təhsil illəri, habelə sonralar bu elm və təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bir mərhələsini təşkil edir. BDU-nun ən böyük məzunu Azərbaycan xalqının xilaskarı Heydər Əliyevdir" .

Bütöv bir xalqın iftixarı və Ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin Bakı Dövlət Universitetinə sevgisi, Azərbaycana hakimiyyətə gələn ilk çağlarda bu Universitetin ilk dəfə yubileyinin keçirilməsinə ayrıca Sərəncam verməsi, belə ciddi tədbirlərdə Sovet ideologiyasının "yalnız rus dilində" göstərişinə baxmayaraq, bu yubileydə ana dilimizdəki nitqi dahi şəxsiyyətin milli qürur mənbələrimizə patriotizminin unudulmaz faktı kimi bu gün də BDU kollektivinə - rəhbərlikdən tutmuş tələbələrinədək hər kəsə mənəvi stimul verməkdədir.

Bakı Dövlət Universiteti min bir tellərlə bu xalqa, Vətənə bağlıdır. Bu min bir tellərin bütün istiqaməti ilk növbədə tələbədən formalaşır. Bakı Dövlət Universitetində həmişə tələbə anlayışı rəhbərlik üçün ilk sırada olub. Müasir günlərimizdə isə BDU-da aparılan əsaslı islahatlarla tədrisin keyfiyyətini yüksəltmək, elmi tədqiqatlara diqqəti artırmaq və bunun üçün şəraitin yaradılması prosesi gedir. Universitet gənclərin məkanıdır. Tələbələrin - gənclərimizin bu məkana məhəbbəti elə-belə yaranmır. Bu sevgini onlara rəhbərliyin gördüyü tədbirlər, tələbə zümrəsinə müəllim hörməti, müəllim rəğbəti, müəllim inamı aşılayır. Tələbələr üçün yaradılan şərait hardan başlayır, özünü necə göstərir? Bu sualı Bakı Dövlət Universitetin rektoru, Elçin Babayev publisist məqalələrinin birində özü cavablandırır: "Bu gün BDU-da tələbə-gənclərin hərtərəfli inkişafı, müasir meyarlara uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal həyat mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər bir şərait yaradılmışdır. "Humanitar məsələlər və gənclər siyasəti" şöbəsi fəaliyyət göstərir. Universitetdə yüzlərlə ixtisas və ixtisaslaşmalar sırasında ali təhsilin bakalavriat və doktorantura səviyyələrində "Sosial iş" ixtisası, magistratura səviyyəsində isə "Gənclərlə iş" ixtisaslaşması üzrə kadr hazırlığı da həyata keçirilir".

Yeni rəhbərliyin bu sıradan olan tədbirləri Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki unudulmaz çıxışına söykənir: "Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir".
BDU-da gənclərimizə - tələbələrimizə Prezidentin tövsiyələrindən doğan faktları deməklə bitirmək olmur.

Bakı Dövlət Universitetində hər şey tələbə üçün, hər şey tələbəyə yüksək bilik aşılamaq, onları yüksək vətəndaşlıq ruhunda tərbiyə etmək günün aparıcı və aktual xəttidir.

Bakı Dövlət Universitetində nəşr olunan "Bakı Universiteti" qəzetinin səhifələrində qələbə ilimizin məzunlarının öz universitetləri haqqında ürək sözləri var. Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmlinin bu qəzetin səhifəsində tarixdə qalacaq sözləridir: "BDU-ya olan sevgim hələ universitetə qəbul olmamışdan başlamışdı. Qəbul olacağım universiteti düşünərkən hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçimim əminliklə BDU oldu... Buradakı tələbəlik illəri mənə təkcə elm, savad qazandırmadı. Eyni zamanda, bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz rol oynadı". Doğma Universitetimizə qürur duyğuları bütün məzunların dilində ən əziz cümlələrdir. Bu duyğular isə onların qəlbindən süzülüb qohum-əqrabaya, sabahkı övladlarına və beləliklə, xalqın ruhuna çevrilir.

Bunlar bizim builki məzunlarımızın Universitetə olan məhəbbətinin ifadəsidir. Amma biz bir misalı da Universitetimizin ötən ilin fevralında - hələ birinci kursda təhsil alan bir tələbəmizin - Əsgər İsmayılovun qəzetdəki yazısından təqdim etmək istərdik: "Bəşər övladı təbiətin "şah əsəri" hesab edilir. Bu əsərin ən şaqraq hissəsi isə gəncliyin payına düşür. Gənclik dünənlə sabah arasında bir körpüdür. Körpünün möhkəmliyi isə daxilimizdəki vətənpərvərlik duyğusundan, milli-mənəvi dəyərlərə bağlılıqdan, azərbaycançılıq ideologiyasına sonsuz sadiqlikdən asılıdır". Vətənə bu sevgi ilə yaşayan həmin birinci kurs tələbəsi lap elə indidən peşəkar bir jurnalist səviyyəsindədir və biz onu telekanallardan birinin xahişi ilə həmin kanala işə getməsini təklif etdik. Əsgər İsmayılov birmənalı və qəti şəkildə dedi: "Təklifə görə sağ olun. Amma mən Bakı Dövlət Universitetini bu yarım ildə elə sevdim ki, mən ancaq bu sevgi ilə oxuyub çalışacam və ən böyük arzum da yolunda canımı əsirgəməyəcəyim BDU- da elmi yaradıcılıqla, müəllimliklə məşğul olmaqdır". Bu, Universitetimizin adi bir tələbəsində yarım ilin dərslərindən yaranan patriotik bir keyfiyyətdir.

İnsanın Vətənə sevgisinin ən çox formalaşdığı məkan isə, əlbəttə, təhsil ocaqlarımızdır. Xüsusilə oğlan və qızlarımızın ömür yolunun ən cavan vaxtı Universitet auditoriyalarından keçir. 44 günlük Vətən müharibəsindəki qəhrəman əsgərlərimizin çoxsaylı bir hissəsini də Bakı Dövlət Universitetinin tələbələri və məzunları təşkil etmişdir. Universitetimizin bu müharibədəki tarixi qələbəmizi canı və qanı ilə qazanmış 19 şəhidi və onlarca qazisi var. Həmin şəhidlərin və qazilərin varlığı ilə qürur duyduqları doğma Azərbaycanda həm də onların təhsil aldıqları bir Universitetimiz var. Hamısını tanıdığımız və xatırladığımız o şəhidlər öz ürəklərində bir Universitet qüruru da yaşadıblar.

Vətən müharibəsinin başlanğıcından sonuna kimi ordumuza öz büdcəsindən vəsait ayıran, hər bir əməkdaşın da könüllü olaraq bu təşəbbüsə qoşulması, maaşından vəsaitə əlavələr etməsi də Universitetin vətəndaşlıq patriotizmi kimi qiymətləndirildi. Bizim günlərdə bu təşəbbüs "Yaşat Fondu"na münasibətdə də özünü göstərməkdədir.

Bu gün BDU rəhbərliyi Vətən müharibəsində həlak olan bütün şəhidlərimizin qəhrəmanlığını tədris auditoriyalarına daşımağı, tələbələrə ilk növbədə onların igidliyi ətrafında söhbətlər aparmağı rəsmi bir tapşırıq kimi tövsiyə edir. Universitet rəhbərliyi Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş bir tələbəmizə onun sevdiyi, seçdiyi Universiteti bitirməyi haqqında diplomunun ailəsinə təqdim edilməsi ilə bağlı AZƏRTAC-ın 2021-ci il iyunun 10-da təqdim etdiyi bir xəbəri xatırlatmaq istərdik: "Bakı Dövlət Universiteti Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir. BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev və universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib. Elçin Babayev BDU kollektivinin Şamilin xatirəsini daim əziz tutduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Rektor şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib".

Bu yerdə biz yenə də rektor Elçin Babayevin birbaşa Universitetimiz və onun tələbələri haqqında bir fikrini də diqqətə çatdırırıq: "Böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edib xalqımıza Zəfər sevinci yaşadanlar, müqəddəs şəhidlik zirvəsinə ucalanlar, savaş meydanında can qoymuş və qan axıtmış qazilər sırasında Universitetimizin gəncləri də az olmamışdır". Universitet rəhbərliyinin, şəxsən rektor Elçin Babayevin layihəsi əsasında Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi və bununla da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması kimi vacib bir missiyanı yerinə yetirmiş müsahibələri, BDU alimləri və tələbələrinin Vətən müharibəsinə bağlı publisistik yazıları, milli mediamızın beynəlxalq arenaya çıxışı kimi məsələləri əks etdirən yeni üç maraqlı kitabın nəşri də Universitetimizin Vətənə bağlılığı kimi qürurverici bir faktdan doğdu. BDU-nun Jurnalistika fakültəsinə tapşırılan bu missiya da fakültə əməkdaşlarının Universitet patriotizmi kimi qiymətləndirilə bilər.

Jurnalistika fakültəsində fəaliyyət göstərən Televiziya tədris studiyası Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman döyüşçülərimizlə bağlı hazırladığı  "BDU şəhidləri" adlı sənədli film də yeni nəslin, gənclərin tərbiyəsində çox mühüm bir yaradıcılıq faktı kimi dəyərləndirilmişdir.

Bakı Dövlət Universitetinin bütün fakültələrində bütün müəllimlərinin mühazirələrində ilk yer tutan Vətən müharibəsindəki qələbəmizin təminatçısı ordumuz, bu ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin o günlərdə xalqa qürurla təqdim etdiyi qələbə raportları, xarici jurnalistlərə verdiyi saysız-hesabsız müsahibələri, yüksək savadı, yüksək diplomatik gedişləri və ən əsası - Vətənə olan sonsuz sevgisi tələbələrimizdə vətəndaşlıq hisslərini bir daha gücləndirir, Prezidentimizə olan inam və qüruru yüksək səviyyəyə qaldırır. Ali Baş Komandanımızın işğaldan azad edilmiş hər bir rayona bu azadlığın ildönümü münasibətilə səfərləri və həmin səfərlərdəki bütün çıxışlarında qələbəmizin əsas təminatçısının məhz gənclərimizin olduğunu qürurla dilə gətirməsi, hər kəsdə olduğu kimi, BDU tələbələrinin də ürəyində qürur hissi yaşadır.

Bu günlərdə Jurnalistika fakültəsinin tələbələri BDU şəhidləri ilə bağlı onların həyat kredolarını əks etdirən portret oçerklər, esselər hazırlamaq kimi bir layihəni həyata keçirirlər. Həmin münasibətlə şəhidlərin ata-anası, doğmaları ilə görüşən tələbələrimizin bütün yazılarında şəhid doğmalarının bir fikri öndə olur: "Balamız öz Vətəninin və təhsil aldığı Universitetin əsl patriotu idi. Torpaq uğrunda can verən o şəhidlər öz ürəklərində həm də bir Universitet sevgisi ilə həyatlarını Vətənə qurban verdilər".

Universitetimizin tələbə qızlarından biri - Biologiya fakültəsinin IV kurs tələbəsi Fəridə Rəhimli Vətən müharibəsi başlayan gündən Bakıdakı hərbi hospitala gəlmiş və uzun müddət xəstəxanada müalicə alan qazilərin xidmətində durmuşdur. Universitetimizin bu vətənpərvər tələbəsi bizimlə söhbətində Vətən müharibəsi qazilərinin igidlik, qəhrəmanlıq haqqında söhbətlərini xatırlayır və sağalıb xəstəxananı tərk edən həmin döyüşçülərlə bu gün də telefon əlaqəsi saxladığını bildirir. Fəridə deyir ki, onu yaralı qazilərə yardım göstərməyə cəlb edən birinci faktor; Vətənə xidmət, ikinci faktor; Bakı Dövlət Universitetində müəllimlərindən aldığı Vətən sevgisi olub: "Əsgərlərimiz məni əziz bacıları kimi və bir də onların doğmalarının, hətta bəzilərinin özünün bitirdiyi Bakı Dövlət Universitetinin tələbəsi olduğum üçün mənə sonsuz hörmətlərini gördüm". BDU-nun bütün fakültələri, bu fakültələrin fəal alim və müəllimləri torpaqlarımızın işğal altında olduğu 30 ildə, bu işğala qalibiyyətlə son qoyan Vətən müharibəsi dövründə və bu dövrdən ötən bir il ərzində əsl publisist fəaliyyəti göstərmiş və göstərməkdədirlər. BDU əməkdaşlarının bu fəallığı birbaşa Vətən sevgisinə və həyatlarının ayrılmaz parçası olan Universitet patriotizminə bağlıdır.

BDU əməkdaşı və tələbəsi olub da onun patriotu olmamaq mümkün deyil. Universitetimizin dünya elmi, dünya mədəniyyəti tarixində adları qalmış böyük alim və müəllimlərimizi xatırlayıb onların yolunu davam etdirmək BDU-ya məhəbbətin ən düzgün yoludur. Dünənki və bugünkü klassik yazıçılarımız, filoloqlarımız, tarixçilərimiz, fiziklərimiz, riyaziyyatçılarımız... bizim üçün təməl daşlarıdır. Bu təməl daşları üstündə bu gün elmimizin, təhsilimizin, milli mədəniyyətimizin, milli dəyərlərimizin zənginləşdirilməsi, tələbələrimizə, gənc nəslə Vətən sevgisinin aşılanması yolunda fəaliyyət göstərən BDU kollektivi var. Bu kollektivin hər bir üzvünün Azərbaycanımıza, Zəfər yolumuza, azad olunmuş torpaqlarımızın dirçəlməsinə cani-dildən xidmət göstərən savadlı, səviyyəli milli kadrlar yetişdirmək istəyi var. Yüz ilin başlanğıcından gələn bu istək indiki günlərimizdə daha böyük reallıqlar yaşamaqdadır. Məbədə aparan müqəddəs yolların biri də Bakı Dövlət Universitetinə istiqamətlənir. Bu müqəddəs yolun yolçularına Tanrı duaları ilə!

https://525.az/news/baki-dovlet-universiteti-milli-qurur-menbeyimiz

Vüqar ƏLİYEV
BDU Jurnalistika fakültəsinin dekanı, professor

Cahangir MƏMMƏDLİ
BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor

Xəbər lenti