Logo

Bacarıq əsaslı təhsilin əhəmiyyəti və fizika fənninin tədrisində tətbiqi

24.11.2021 18:30 72 baxış
IMG

Dünya iqtisadiyyatı artıq sizə biliklərinizə görə pul ödəmir; Google hər şeyi bilir. Dünya iqtisadiyyatı artıq sahib olduğunuz biliklərinizlə hansı işləri edə biləcəyinizə görə sizə pul verir.”

Andreas Şlayxer,

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru

Günümüzdə bilik sürətlə çoxalmaqda və dəyişməkdədir. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, sosial münasibətlərin dəyişməsi cəmiyyətin sürətli və qlobal dəyişməsinə, bu isə cəmiyyətin tələblərinin dəyişməsinə səbəb olur.

Özünün güclü və zəif tərəflərini bilən, problem həll etmə bacarığına sahib olan, ətrafındakılar ilə əməkdaşlıq edə bilən, yaradıcı olan şəxsiyyətlərin yetişməsi həm fərdin özü üçün, həm də cəmiyyət üçün çox əhəmiyyətlidir. 21-ci əsr bacarıqları olaraq təyin olunan bu yüksək səviyyəli bacarıqlara malik şəxsiyyətlər yetişdirmək üçün bacarıq əsaslı təhsilin əhəmiyyəti çox böyükdür. Bu bacarıqların təhsilverənlər tərəfindən təhsilalanlara qazandırılması mühüm məsələdir. Tədqiqatlar göstərir ki, uşaqların sosial, emosianal, idrak və akademik inkişafı bir-birilə sıx bağlıdır. Uğurlu şəxsiyyət yetişdirmək üçün bunları bir arada inkişaf etdirmək lazımdır.

Təhsildə yaşanan dəyişiklik və inkişafa baxmayaraq təhsilin təşkilində və istiqamətləndirilməsində müəllim hələ də əsas obyektdir. Təhsil müəssiəsi olaraq məktəb şagirdə ümumi akademik biliklər verməyi hədəfləyir. Bundan əlavə, şagirdlərin müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməyə də kömək etməlidir. Bilik və bacarıq təlimi fərddə bir bütovdür və həmin şəxsin həyatı boyu istifadə edəcəyi həyati bacarıqlara çevrilir.

Bacarıq biliklərin şüurlu şəkildə praktikaya tətbiq edilməsidir. Bacarıq əsas məlumat, tətbiq məlumatları və tətbiq komponentlətindən ibarətdir. Bacarığı inkişaf etdirmək üçün bilmək, cəhd etmək və tətbiq etmək lazımdır.

Bacarıq dedikdə şagirdlərin mövzu üzrə əldə etdikləri bilikləri digər fənlərlə əlaqələndirə bilməsi, mövzu üzrə daha dərindən düşünməsi, qoyulmuş problemin həllində biliklərindən düzgün istifadə edə bilməsi başa düşülməlidir.

Şagirdlər məlumatı passiv şəkildə qəbul edib yadda saxlamaqdansa, yaradıcı prosesə cəlb olunarlarsa təhsil prosesini uğurlu hesab etmək olar. Təhsil tədqiqatçısı Con Dyui qeyd edir: “Biz etməklə öyrənirik.”

Bilik öyrənmənin əsasını və mühüm hissəsini təşkil edir. Bacarıqlar biliyi əvəz etmir, ondan istifadəni müəyyən edir. Yəni şagirdlər əldə etdikləri bilikləri verilmiş problemin həllində düzgün tətbiq etməyi və ondan səmərəli istifadə etməyi öyrənməlidirlər.

 Nə üçün bacarıq əsaslı təhsil?

  • Bacarıq əsaslı təhsil şagirdləri həyata daha yaxşı hazırlayır. Ömürboyu öyrənmə məqsədi daşıyır.
  • Daimi və aktiv öyrənməni təmin edir. Biliklərin tətbiqinə əsaslanır.
  • Tədris proqramlarının yükü azalır.
  • Təhsildə bərabər imkanlar yaradır.
  • Ətraflı və müsbət qiymətləndirməni təmin edir.
  • Məqsədlər aydın şəkildə müəyyən edilir.

Bacarıqlara əsaslanan öyrənmə necə qiymətləndirilir?

Təsdiq olunmuşdur ki, təhsilalanlar öz işləri haqqında rəy aldıqda daha da sürətli inkişaf edirlər.

Qiymətləndirmə müxtəlif üsullardan istifadə etməklə şagirdin öyrənmə inkişafı haqqında məlumat toplamaqdan ibarətdir. Şagirdin inkişafını qiymətləndirmək üçün Kurikulum Əsaslı Ölçmələrdən (CBM) istifadə etmək olar. 

CBM müəllimlərin şagirdlərin riyaziyyat, oxuma, yazı və orfoqrafiya kimi sahələrdə necə irəlilədiyini izləmək üçün istifadə etdiyi bir üsuldur.

Qiymətləndirmə proqramları müəllimlərin öyrətdiklərinin və şagirdlərin öyrəndiklərinin nəticələrini əks etdirən cədvəl və ya sxem şəklində tərtib oluna bilər. Bu yolla müəllimlər öyrənmə boşluqlarını müəyyən etmək və şagirdlərin nailiyyətlərini sənədləşdirmək imkanı əldə edir ki, bu da öz növbəsində təhsil məqsədlərinə uyğun proqramların işlənib hazırlanmasına kömək edir.

Bacarıqlara əsaslanan qiymətləndirmə vasitəsilə toplanmış məlumatlar şagirdin ümumi güclü və zəif tərəfləri ilə bağlı müəllimlərə ətraflı rəy bildirməyə kömək edir.

Dövrümüzdə elm və texnologiya sürətlə inkişaf etməkdədir. Texnoloji inkişafın təbiət fənləri və xüsusən də fizika ilə bağlı olması fizikanın tədrisinin əhəmiyyətini daha da artırır. Hər bir elm sahəsi ilə yaxından əlaqəli olan fizika insan həyatında xüsusi əhəmiyyət kəsb edir. Buna görə də fizika fənninin tədrisinin bacarıqlara əsaslanması və həyatla əlaqələndirilməsi çox vacibdir.

Fizika fənnində bacarıqlar dedikdə müşahidə, təsnifat, ünsiyyət, ölçmə, yekunlaşdırma, nəticə çıxartma və s. kimi bacarıqlar əsas götürülür. Bu bacarıqlar bir-biri ilə əlaqəlidir. Məsələn, müşahidə kimi əsas bacarığı olmayan şagird məlumat əldə edə və problemin həllini tapa bilməz.

Bəzi bacarıq əsaslı fizika suallarına baxaq:

1. Şəkildə tavanda olan lampalar və bu lampaları dövrəyə qoşub-ayıran K və L açarları verilmişdir.

K açarı bağlı olduqda 1, 2 və 3 nömrəli lampalar yanır, L açarı bağlı olduqda isə 4, 5 və 6 nömrəli lampalar yanır. Dövrədəki hər hansı bir lampa sıradan çıxdıqda, digərləri yanmağa davam edir. Buna əsasən aşağıdakı ifadələrdən hansı doğrudur?

Ⅰ. K və L açarı iki müxtəlif elektrik dövrəsini idarə edir.

Ⅱ. Əgər 2 nömrəli lampanı dövrədən ayırsaq, 1 və 3 nömrəli lampaların parlaqlığı artacaq.

Ⅲ. 1, 2, 3 nömrəli lampalar və 4, 5, 6 nömrəli lampalar bir-birilə paralel birləşdirilib.

  1. Yalnız Ⅰ                      B. ⅠvəⅡ                        C. Ⅰvə Ⅲ             D. Ⅱvə Ⅲ

Cavab: C

2. Şəkildəki binanın verilmiş balkonlarında potensial enerjiləri bərabər olan K, L və M cisimləri vardır.

Bu cisimləri eyni hündürlükdən sərtlikləri eyni olan yayların üzərinə buraxsaq, yayların sıxılması hansı variantda düzgün verilmişdir?

Cavab: C

3. AB metal çubuğu şəkildəki kimi əyilmişdir.

Çubuğun bütün hissələri bərabər qızdırılarsa, A və B ucları arasındakı məsafə necə dəyişər?

  1. Artar
  2. Azalar
  3. Dəyişməz

Cavab: A

İstidən genişlənmə zamanı maddənin hissəcikləri arasındakı məsafə artır. Aşağı düz hissənin uzunluğu, iki yuxarı düz hissələrin ümumi uzunluğundan böyük olduğuna görə A və B ucları arasındakı məsafə artacaq. 

Şagirdlərin bacarıqlarını inkişaf etdirmək üçün onlara layihə işi də tapşırmaq olar. Layihə işi yalnız layihəni düzgün hazırlamaqdan, tədqiqatdan ibarət deyil. Burada, həm də təqdimat əsasdır ki, bu da hər bir fərdin gələcək həyatında çox vacibdir. Nümunə olaraq bir layihəyə baxaq.

Rənglər və temperatur

Tələb olunan materiallar: 3 ayaqqabı qutusu, 4 standart termometr, istilik lampası, buz, buzu qoymaq üçün qab, qaya duzu, ağ plastik torba, ağ, qara və boz rəngli boya (boz rəng almaq üçün ağ və qara rəngləri qarışdırmaq olar), boya fırçası, nəticələri qeyd etmək üçün vərəq və qələm.

Prosesin gedişi:

  • Ayaqqabı qutularından birincisini ağ, ikincisini qara və üçüncüsünü boz rənglə boyayın.
  • Boyanın qurumasını gözləyərkən, 4 termometri düz bir səthə qoyun ki, hamısının göstərişi eyni olsun.
  • Qutuları masanın üzərinə sıra ilə düzün və hər qutunun altına bir termometr qoyun. Qalan termometrləri masanın üzərinə qoyun.
  • Hər bir termometrin başlanğıc göstərişini cədvəldə qeyd edin.
  • Qutuların qapaqlarını örtüb 30 dəqiqə gözləyin və yenidən termometrlərin göstərişini qeyd edin.
  • Hər üç qutunu istilik lampası ilə qızdırın. 30 dəqiqə qızdırdıqdan sonra yenidən termometrlərin göstərişini qeyd edin.
  • Sonra buzu qaba qoyaraq üzərinə duz səpin. Üzərini ağ plastik torba ilə örtün ki, qutuları üzərinə qoyduqda altı quru olsun.
  • Qutuları buzla soyudun və yenidən termometrlərin göstərişini qeyd edin.

Nəticədə qara rəngli qutunun daha çox istilik verdiyini müşahidə etməlisiniz.

Mövzunu tədris etdikdən sonra layihə işi etmək əvəzinə, əvvəlcə layihə işini şagirdlərə verərək onların özlərinin nəticə çıxartmalarına şərait yaratmaq lazımdır. 

Fizika dərsində aşağıdakı bacarıqları formalaşdırmaq olar:

  • Təcrübə aparmaq bacarığı
  • Nəzəriyyələri inkişaf etdirmək bacarığı
  • Hesablamalar aparmaq bacarığı
  • Texniki hesabatlar hazırlamaq bacarığı
  • Tədqiq etmək və məlumat toplamaq bacarığı
  • Məlumatları təhlil etmək bacarığı

Con Dyuinin dediyi kimi “Təhsil demək və söyləmək işi deyil, təhsil, fəal və konstruktiv bir prosesdir.”

Təranə Həmidova,

 ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı

 İstifadə olunan mənbələr:

  1. https://bera-journals.onlinelibrary.wiley.com/doi/full/10.1080/09585176.2012.731007
  2. https://www.deccanherald.com/content/389969/evaluating-students-skill-based-assessment.html
  3. https://apcentral.collegeboard.org/courses/resources/critical-thinking-questions-in-physics
  4. http://www.sciencefairadventure.com/Physics.aspx
  5. https://odsgm.meb.gov.tr/www/5-6-ve-7-sinif-duzeylerinde-beceri-temelli-sorular-yayimlanmistir/icerik/491
  6. https://www.unomaha.edu/college-of-arts-and-sciences/physics/academics/knowledge-skills-gained.php

Xəbər lenti