Logo

Şanlı ZƏFƏRİN işığında Mingəçevir Dövlət Universitetində silsilə tədbirlərlə qeyd olunub

24.11.2021 18:11 56 baxış
IMG

"Azərbaycan müəllimi" qəzeti,  19.11.2021

Qəzetin PDF versiyası

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini başlıca vəzifələrindən biri olaraq müəyyən edən Mingəçevir Dövlət Universitetində (MDU) 44 günlük Vətən müharibəsi və Şanlı Zəfər tarixinin öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılır, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan, cari ilin 3-7 noyabr tarixləri MDU-da Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə keçirilən çoxsaylı silsilə tədbirlərlə əlamətdar oldu.

Qarabağ və Şərqi Zəngəzur rayonlarını təmsil edən deputatlarla konfrans

Noyabrın 4-də MDU-da Zəfər Gününə həsr olunan “Vətən müharibəsi: qalibiyyətin təntənəsi və doğma Qarabağın dirçəlişi” mövzusunda konfrans keçirilib. MDU-nun inzibati və akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Ceyhun Məmmədov və Vüqar Bayramov çıxış ediblər.

MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Şanlı qələbənin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, düşmən ordusunun belini qıran və Vətən tarixinin qəhrəmanlıq salnaməsini yazan igid əsgər və zabitlərlə qürur duyduğunu deyən rektor ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.Düşmən işğalından azad edilmiş əzəli torpaqlarımızda Azərbaycan bayrağının qürurla dalğalandığını qeyd edən Ş.Bayramov qalib xalqın Müzəffər Ali Baş Komandanı kimi dövlət başçısının doğma yurdlarımıza səfərlərini böyük sevinc və fəxarət hissləri ilə izlədiyini və Qarabağın tezliklə cənnətə çevriləcəyinə əminliyini bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Zəfər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib, xalqımıza və dövlətimizə daim firavan günlər, yüksəliş və tərəqqi arzulayıb. Tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edən millət vəkili onların əziz xatirəsinin hər zaman böyük ehtiramla anılacağını və heç zaman unudulmayacağını bildirib. Müstəqilliyin ilk illərində Azərbaycanın suverenliyinin şübhə altına alındığını və torpaqlarının 20 faizinin işğal edildiyini deyən B.Əliyev qələbənin təməlində məhz Ümummilli Liderin siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi, hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərtərəfli inkişaf strategiyasının və xalqın iradəsinə uyğun aparılan məqsədyönlü siyasətin dayandığını vurğulayıb. O, dövlətin iqtisadi qüdrəti, effektiv diplomatiyası, müasir güclü ordusu ilə yanaşı, əsgər və zabitlərin şücaətini, informasiya mübarizəsində üstünlüyü, milli birlik və siyasi həmrəyliyi, qardaş Türkiyənin mənəvi dəstəyini möhtəşəm qalibiyyəti şərtləndirən başlıca amillər kimi dəyərləndirib. Tarixi Zəfərdən sonra bölgədə yaranan yeni reallıqlardan söhbət açan millət vəkili qısa müddət ərzində işğaldan azad edilmiş rayonların sürətlə yenidən qurulması və dirçəldilməsi işlərinin aparılmasını dövlətin iqtisadi potensialının gücündən xəbər verdiyini diqqətə çatdırıb.

Sonra  Milli Məclisin deputatları Ceyhun Məmmədov və Vüqar Bayramov çıxış edərək Zəfər Günü münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıblar.

Türkiyənin tərəfdaş universitetləri ilə birgə

Noyabrın 5-də MDU və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Ş.Bayramov və AHBVU-nun Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu açılış nitqi söyləyiblər.

AHBVU-nun professoru Bilgehan Gülcan “Qlobal inkişaf işığında Türkiyə - Azərbaycan turizm münasibətləri: Qarabağ yeni bir turizm destinasiyası kimi”, MDU-nun müəllimləri Aygün Qədirova “Qarabağ Zəfəri: Azərbaycan tarixi mirasına yenidən qovuşdu” və Mətanət Yusifova “Qarabağ Zəfərinin əldə edilməsində liderlik faktoru” mövzularında məruzələrlə çıxış ediblər.

Həmin gün Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans MDU və Türkiyənin KTO Karatay Universiteti arasında əməkdaşlıq çərçivəsində keçirilib. MDU-nun rektoru Ş.Bayramov və KTO Karatay Universitetinin prorektoru Çağatay Ünüsanın açılış sözləri ilə başlayan konfrans “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilib.

KTO Karatay Universitetindən professor Murat Canıtez “Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində: Türkiyə - Azərbaycan və Türk Dünyası üçün beynəlxalq ticarət və logistika baxışı”, müəllim Fatma Didem Tunçes “Millətimiz bir, enerjimiz bir”, MDU-dan baş müəllim İlham Məmmədov “Türk torpaqlarına qayıdış yeni tariximizin şanlı bir səhifəsidir” və müəllim Yeganə Məmmədli “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialı və modernləşmə perspektivləri” mövzularında çıxış ediblər.

Noyabrın 6-da Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfranslar MDU və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində davam edib. Konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Ş.Bayramov çıxış ediblər.

Qazi Universitetinin professoru Selma Yel “Şuşa Bəyannaməsinin tarixi fonu”, MDU-nun dosenti Nizami Zeynalov “Bölgənin geosiyasi mənzərəsini dəyişən Tarixi Zəfər”, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl “İkinci Qarabağ Savaşında Zəfəri təmin edən amillər və nəticələr”, MDU-nun dosenti Esmira Cəfərova “Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik və hərtərəfli inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.

Ümumtəhsil müəssisələri ilə birgə tədbirlər

Noyabrın 3-də MDU və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr- Zəfər Günü”nə həsr olunan “Zəfərin mübarək, ey Vətən!” adlı ədəbi-bədii tədbir keçirilib. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin direktoru Gültəkin Quliyeva çıxış ediblər.

MDU-nun Xarici dillər kafedrasının dosenti, Əməkdar müəllim Mayıl İsmayılovun “44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir” mövzusunda çıxışından sonra Tarixi Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib və tədbir ədəbi-bədii hissə ilə davam edib. Tələbə və şagirdlərin ifasında Azərbaycan, ingilis və rus dillərində vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.

Noyabrın 4-də MDU-nun təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunan  “44 günlük Vətən müharibəsinin canlı əfsanələri” mövzusunda tədbirdə MDU-nun əməkdaşları, tələbə və magistrantları, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin, 14 nömrəli tam orta məktəbin, 12 saylı “Şəfa” körpələr evi-uşaq bağçasının müəllim və şagird kollektivi iştirak ediblər. MDU-nun rektoru Ş.Bayramovun çıxışından sonra Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Zülfiyyə Hacıyevanın ifasında “Qarabağ” musiqisi səsləndirilib.

Tədbirdə çıxış edən MDU-nun qazi məzunları, Vətən müharibəsində iştirak etmiş tələbə və əməkdaşları tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından bəhs edib, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn əsgər yoldaşları ilə bağlı xatirələrini bölüşüblər və onların qəhrəmanlıqlarından danışıblar.

Tədbir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri İsa Müseyibov və Səttar Orucovun ifasında vətənpərvərlik mövzusunda səsləndirilən musiqilərlə davam edib. Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin və 12 saylı “Şəfa” körpələr evi-uşaq bağçasının şagirdləri tarixi Zəfərə həsr olunan müxtəlif şeir və kompozisiyalar təqdim ediblər. MDU tələbələrinin təqdimatında “44 gündə yazılan dastan” adlı səhnəciyin nümayiş etdirilməsi ilə tədbir sona çatıb

Zəfər mühazirələri

Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində MDU və Mingəçevir Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə universitetin bir qrup akademik heyət üzvü tərəfindən şəhərin altı məktəbində yuxarı sinif şagirdləri üçün 44 günlük Vətən Müharibəsi və Zəfər Gününə həsr olunan mühazirələr oxunub.

Noyabrın 3-dən 7-dək MDU-da 44 günlük Vətən müharibəsinə və Qarabağ Zəfərinə həsr olunan silsilə mühazirələr keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Tələbə və müəllim konfransları

Noyabrın 5-də MDU-da “Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür!” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsində iştirak etmiş məzunlar, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdən öncə, universitetin bir qrup tələbə və müəllim kollektivi Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüblər.

Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, universitetin qazi məzunu Abdulla Abdullayev, Vətən müharibəsi iştirakçısı Famil Məmmədov müharibə dövrü ilə bağlı xatirələrini bölüşüb, torpaqlarımızın hər qarışı uğrunda yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.

Konfransda “44 günlük Vətən Müharibəsi: tarixi ədalətin şanlı zəfəri”, “Müzəffər Ordumuz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantıdır”,  “Vətən müharibəsindəki qələbədə Azərbaycan diplomatiyasının rolu”,  “Qarabağ torpağının hər bir qarışı şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuşdur” mövzularında məruzələr dinlənilib.

Sonda Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirdən sonra MDU rektoru Ş.Bayramov şəhid ailəsi üzvləri ilə görüşüb.

Noyabrın 6-da MDU İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda elmi konfrans da silsilə tədbirlər sırasında yer alıb.

Şəhid ailələrini ziyarət

Noyabrın 7-də MDU Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rahim Tağıyev və Rüstəm Əhmədovun, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan universitetin məzunları Oruc Nəcəfli, Əzəmi Hüseynov və Kənan Abdullayevin, həmçinin hazırda övladı universitetdə təhsil alan şəhid Yasən Əhmədovun ailələrini ziyarət ediblər.

Ailə üzvləri ilə görüşlərdə universitetin əməkdaşları Vətən yolunda canlarından keçən qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirib, xalqımıza layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını ifadə edib və Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Şanlı Qələbənin qazanılmasında şəhidlərə borclu olduğumuzu qeyd edən HİK üzvləri Allahdan onlara rəhmət və yaxınlarına səbr diləyiblər. Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər

Xəbər lenti