Logo

AzMİU-nun Elmi Şurasının iclası keçirilib

24.11.2021 15:16 56 baxış
IMG

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayaraq iclasının gündəliyi barədə məlumat verib. 

Gündəlikdə duran məsələlərlə bağlı hesabatlar təqdim olunmazdan əvvəl Universitetin ötən gün dünyasını dəyişmiş veteran müəllimləri – Əminə Vəkilova və Rafiq Əliyevin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Rektor pedaqoji fəaliyyətləri AzMİU-da başlayan, ömürlərini təhsilə, tədrisə bağlayan hər iki müəllimi ehtiramla anıb, onlarla bağlı xoş sözlər söyləyib. Daha sonra rektor Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayevi 70 illik yubileyi münasibəti ilə təbrik edib, onun keçdiyi ömür yoluna nəzər salıb, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərini vurğulayıb. Şura üzvləri də rektorun təbriklərinə qoşularaq yubilyara ən xoş arzularını çatdırıblar.  

Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov  2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının, müdafiələrin yekun hesabatı və 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə hesabatını təqdim edib. O, pandemiya dövründə onlayn şəkildə keçirilən imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlar barədə danışıb, eyni zamanda 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib. A.Qasımovun hesabatı ətrafında geniş fikir mübadiləsi aparılıb, iradlar və təkliflər səsləndirilib. Elmi Şura prorektorun hesabatını qəbul edib.

Universitetin tanıdılması, dünya universitetlərinin reytinq cədvəlində təmsil olunması, tələbə cəlbinin artırılması istiqamətində görülən işlər və vəzifələrlə bağlı universitetin rektoru tərəfindən yaradılmış işçi qrupun rəhbəri dosent Könül Ağayeva hesabat təqdim edib. K.Ağayeva qısa müddətdə universitetin vebsaytının yenilənməsi, saytın ingilis və rus dilində versiyalarının hazırlanması istiqamətində işçi qrupun gördüyü işlərdən danışıb, qarşıda duran hədəflər barədə məlumat verib. Şura üzvləri işçi qrupun rəhbərinin hesabatını qəbul edib. 

Sonda rektor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti